Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az saytına açıqlamasında Putin və Ərdoğanın Qarabağ probleminə diqqət ayırmamasını şərh edib. Ekspertin fikrincə, Türkiyə tərəfi Rusiya prezidenti ilə görüşdə sırf öz siyasi, iqtisadi maraqlarını önə çəkib. Qabil Hüseynli bildirib ki, Türkiyə üçün prioritet enerji maraqları üzərində cəmlənib və rəsmi Ankara Rusiya bazarlarına girməyi qarşısına məqsəd qoyub.
Keçmiş dövlət müşaviri hesab edir ki, Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiqi fonunda Türkiyənin NATO üzrə müttəfiqlərinin iradəsinin əksinə getməsi təəccüblüdür: "Türkiyə ABŞ başda olmaqla NATO müttəfiqlərinin mövqeyinə fikir verməyərək Rusiya üçün nəfəslik rolunu oynadı. Türkiyə Azərbaycanla qaz müqaviləsi imzalamasına baxmayaraq, Rusiyadan ikinci mavi qaz kəmərinin çəkilməsi haqqında razılığa gəldi. Yəni sırf iqtisadi konyukturaya uyaraq siyasi prosesləri arxa plana keçirdilər”.
Politoloq qeyd edib ki, Rusiya liderinin Türkiyəyə səfərinin beynəlxalq bölməsində Ərdoğanın və Putinin dilindən daha çox Suriya, Fələstin probleminin qabardılması onların Qarabağ məsələsində o qədər də maraqlı olmadığının göstəricisidir: "Bu onu göstərdi ki, hər iki ölkə Qarabağ probleminə biganə yanaşır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !