“Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır” - İran prezidenti

09:55 | 13.11.2014
“Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır” - İran prezidenti

“Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır” - İran prezidenti

"Bu, müharibə yolu ilə həll olunası məsələ deyil. Ona görə də bu istiqamətdə bütün köməyimizi göstərməyi öz vəzifəmiz hesab edirik və bunu etməyə hazırıq".

APA-nın məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında belə deyib. Həsən Ruhanı qeyd edib ki, prezident İlham Əliyevin Tehrana səfəri ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edib: “Biz əlaqələrimizi inkişaf etdirməklə öz mənafeyimizə, öz sabitliyimizə, öz təhlükəsizliyimizə, daha sürətli inkişafımıza çalışırıq. Bu gün də biz müfəssəl danışıqlar, müzakirələr apardıq. Biz çalışmalıyıq ki, biznesmenlərimiz, iş adamlarımız bir-birinə daha yaxın olsunlar və bir-birinin imkanlarından, hər iki ölkənin imkanlarından istifadə edib faydalansınlar. Biz enerji, ticarət, sənaye sahələrində, həm bəndlərin, həm elektrik stansiyalarının tikilməsində və buraya yeni texnologiyaların gətirilməsində, elm və tədqiqat mərkəzlərində bir-birimizlə əlaqə yaratmalı və bir-birimizin inkişafına töhfəmizi verməliyik”. İran prezidenti vurğulayıb ki, Azərbaycan Respublikası, o cümlədən İran elə bir coğrafi mövqedə yerləşir ki, onlar bir-biri üçün keçid-körpü ola bilər: “Biz Oman körfəzindən, Hind okeanından tutmuş Asiyadan Avropaya qədər körpülərimizi birləşdirə bilərik. Biz Azərbaycan və Qafqaz vasitəsilə Avropa ilə birləşə bilərik. Azərbaycan da İran vasitəsilə cənub dənizləri ilə, okeanlarla birləşmiş olar. Biz gərək bu dəhlizdən çox yaxşı istifadə edək, bundan faydalanaq və bunu daha da genişləndirək və çalışaq ki, bir-birimizə kömək etməklə Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yolunun tikintisinə və birləşməsinə nail olaq. Biz bu dəhliz vasitəsilə Qara dənizə və Avropaya, Rusiyaya çıxaq, onların dəmir yolu sisteminə birləşək”. Həsən Ruhaninin sözlərinə görə, Xəzər dənizi hər iki millətin inkişafına öz töhfəsini verən dənizdir: “O millətlər ki, uzun illər, əsrlər boyu bu dənizin sahilində yaşamışlar və bu dənizin Allahın verdiyi nemətlərindən istifadə etmişlər. Həm balıqçılıqda, həm ekologiya sahəsində, həm də dənizin mənbələrindən istifadədə əməkdaşlıq edə bilərik. Turizm sahəsində də geniş əməkdaşlıq imkanlarımız var. Sərhəd məsələlərində də əməkdaşlığı daha da genişləndirməliyik. Narkotiklərə, qaçaqmalçılığa qarşı mübarizədə əlaqələri möhkəmləndirməliyik”. İran prezidenti Qarabağ məsələsinin siyasi yolla həll olunmasının vacibliyini vurğulayıb: “Biz Qarabağın bugünkü vəziyyətini bəyənmirik. İstəyirik ki, bu bölgədə ədalət olsun. Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun. Biz bunu beynəlxalq təşkilatlar çərçivəsində, hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq. Bilirik ki, Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır. Bu, müharibə yolu ilə həll olunası məsələ deyil. Ona görə də bu istiqamətdə bütün köməyimizi göstərməyi öz vəzifəmiz hesab edirik və bunu etməyə hazırıq. Biz Azərbaycanı bütün beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və digər təşkilatlarda həmişə müdafiə etmişik, dəstəkləmişik. Azərbaycan da uranın sülh məqsədləri üçün zənginləşdirilməsində, nüvə məsələsində İrana dəstək verib. İran ilə Azərbaycan dost ölkələrdir və dost ölkələr olaraq qalacaqlar”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM