Qarabağ müharibəsi veteranlarına verilən müavinət yaşayış minimumunun 29%-i qədərdir

20:28 | 07.06.2024
Qarabağ müharibəsi veteranlarına verilən müavinət yaşayış minimumunun 29%-i qədərdir

Qarabağ müharibəsi veteranlarına verilən müavinət yaşayış minimumunun 29%-i qədərdir

Qarabağ müharibəsi veteranları hazırda 80 manat müavinət alır ki, bu da ölkədə 2024-cü il üçün müəyyən olunan yaşayış minimumunun 29%-i təçkil edir. 
 
Milli Məclisin  "2024-cü il üçün yaşayış minimumu haqqında” qanununa görə,  əmək qabiliyyətli vətəndaşlar üçün 2024-cü il üçün yaşayış minimumu 287 manat (2023-cü il üçün - 261 manat), pensiyaçılar üçün - 222 manat (2023-cü il üçün - 199 manat), uşaqlar üçün - 235 manat (2023-cü il üçün - 220 manat) təşkil edəcək.

İkinci Qarabağ müharibəsi veteranı Elvin Məmmədov (ad, soyad şərtidir) yuxarıdakıları əsas gətirərək bildirir ki, veteranlara verilən müavinatın  300 manata kimi artırılması vacibdir. 
 
"Bəzi hərbçilər aldıqları xəsarətdən dolayı hərbi fəaliyyətini davam etdirə bilmirlər. Əlillik meyarlarına əsasən onlara əlillik də verilmir. Bu şəxslərin səhhəti də əl vermir ki, hansısa fiziki, ağır işlərdə işləsin. Qalıblar bircə veteran kimi verilən 80 manatın ümidinə. Bu məbləğ çox azdır. Təkcə komunal xərci elə azı 80 manat olur. Bu adamın öz dolanışığı üçün məbləğ heç olmasa 300 manat olmalıdır. Mənim özümün elə qaz sərfiyyatım aylıq 75-80 manat edir, həmçinin yayda kondisanerə görə, də işığa bir o qədər məbləğ ödəyirəm. Buna görə də, bu məbləğin artırılması yaxşı olar”, - o deyib.
 
İkinci Qarabağ müharibəsi veteranı İsfəndiyar Əhmədov veteranlara verilən 80 manat ödənişin az olduğunu və kommunal xərcləri qarşılamadığını söyləyib.
 
"Ailəmlə birgə yaşayıram, aylıq kommunal xərclərim təxminən 160 manat olur. Buna görə də, verilən 80 manat hazırkı reallığı nəzərə alanda azdır və qane etmir. Bu məbləğin 160 manat olması daha məqsədəuyğundur”, - o bildirib.
 
Mayın 25-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov veteranlara verilən 80 manatın artırılması ilə bağlı məsələnin növbəti dəfələrdə müzakirə edilə biləcəyini söyləyib. 

"Biz bu kateqoriyadan olan şəxslər və onların ailə üzvləri barəsində kompleks tədbirlər icra edirik. Özünəməşğulluq, sosial xidmətlər və digər xidmətləri saymaq olar. Məsələyə kompleks yanaşsaq artım dinamikası var. 80 manatla bağlı məsələni isə növbəti dəfələrdə müzakirə edə bilərik”, - nazir müavini bildirib. 

Deputat Aqil Məmmədov mayın 24-də Əmək və sosial siyasət komitəsinin iclasında söyləyib ki, veteranlar 80 manatın artırılması ilə bağlı onlara müraciətlər edir. 
 
Ötən ilin noyabrında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək və sosial siyasət komitəsinin iclasında çıxışında bildirib ki, Müharibə iştirakçılarına 80 mana komunal xərclərin verilməsi üçün ödənilir və bu müavinətin arıtırılmasına baxılacaq.

Bundan əvvəl Milli Məclisin bir neçə iclaslarında deputatlar müharibə iştirakçılarına verilən 80 manatın arıtırlmasını təklif edib.
 
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, müharibə veteranlarına verilən 80 manatdan başqa onlara heç bir güzəşt yoxdur.
 
"Müavinət vətən müharibəsi iştirakçılarına iştiraka görə verilir. SSRİ dövründə Böyük Vətən Müharibəsi iştirakçılarına pensiya, müvainət verirdilər. O vaxt verilən müavinəti bu günə inteqrasiya eləsək, onun real dəyəri hardasa 250-300 manat və ya daha çox idi.  Ermənistanda da müharibə iştirakçılarına 150-160 dollar civarında  (155-272 manat) müavinət ödənilir”, - o deyib.
 
Nəsirlinin fikrincə, veteranlara verilən müavinət 300 manata qaldırılmalıdır.
 
"Bunun üçün büdcədə kifayət qədər imkanlarımız var.  Büdcənin sair xərclərinin 30%-ni bura yönəltsələr, bunu maliyyələşdirmək mümkündür”, - iqtisadçı əlavə edib.
 
Hərbi ekspert Üzeyir Cəfərov qurumları tənqid edərək qeyd edib ki, veteranlara verilən 80 manatın artırılması kökündən həll edilməlidir.
 
"Nə qədər Qarabağ işğalda idi onda hamı orduya tamam fərqli münasibət göstərirdi. Bu gün isə tamam fərqli münasibət göstərir. Veteranlara verilən 80 manatın artırılmasına çox böyük vaxt lazım deyil. İki il öncə əmək və əhalinin sosial müdafiəsinin naziri Milli Məclisdə dedi ki, buna baxıla bilər. Bu il də buna baxıla biləcəyini dedilər. Bunu həll etmək lazımdır. Müharibə veteranlarının bəzilərinin o pula özlərinə dərman almaq üçün istifadə edir. Qarabağ azad ediləndən sonra ordunun bütün imtiyaz və güzəştlərini ləğv ediblər”, - ekspert vurğulayıb.
 
Dövlət Statistika Komitəsinin son hesabatlarına görə, hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfər rəsmi olaraq "Müharibə veteranı” statusu daşıyır.
 
"Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli Fərman ilə müharibə veteranlarına verilənaylıq təqaüd 80 manata qaldırılıb.
 
Fərmanda qeyd olunur ki, bu təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.
 
Ermənistan Müdafiə və Sosial Təminat Departamentləri tərəfindən veteranlara verilən pensiyaların məbləği ayda 73-193 dollar (124-328 manat) təşkil edir.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM