Qarabağ uğrunda savaş Naxçıvandan başlayır?

11:26 | 14.06.2014
Qarabağ uğrunda savaş Naxçıvandan başlayır?

Qarabağ uğrunda savaş Naxçıvandan başlayır?

Son vaxtlar Naxçıvanda Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan ordusu arasında qanlı döyüşlərin getməsi ilə bağlı ziddiyyətli xəbərlər yayılır. Bir sıra media qurumları yerli mənbələrdən aldıqları məlumatlara istinadən Naxçıvan cəbhəsində vəziyyətin gərgin olduğunu bildirirlər. Xüsusən də hakimiyyətə yaxın bəzi saytlar israrla muxtar respublikada davamlı olaraq döyüşlərin getdiyini, ordumuzun ermənilərin hücumlarının qarşısını aldığını yazırlar.
Müdafiə Nazirliyi isə bu israrlara rəğmən Naxçıvan cəbhəsində vəziyyətin nəzarətdə olması haqda quru bəyanat yaymaqla kifayətlənib. Nədənsə hakim partiyanın təmsilçiləri və Naxçıvandan olan deputatlar isə iqtidara yaxın saytların Naxçıvan cəbhəsində vəziyyətin gərgin olmasına dair tirajladıqları informasiyanı təkzib etmək yolunu tuturlar. Onların bu məsələ ilə bağlı açıqlamaları isə bir çaşqınlıq içərisində olduqlarını göstərir.
Bəs əslində Naxçıvanda nələr baş verir, doğrudan da muxtar respublikada döyüşlər gedir?
Yerli mənbələrdən aldığımız məlumatlara görə, son vaxtlar cəbhə xəttində bir hərəkətlilik müşahidə olunur, vaxtaşırı atəş səsləri eşidilir. Azərbaycan ordusu özünün xüsusi bölmələrini ön xəttə yerləşdirir.
Naxçıvan cəbhəsində baş verən hadisələr və bundan sonra ola biləcək olaylar barədə danışan məlumatlı ekspertlər hesab edir ki, Ermənistanın bu istiqamətdən Azərbaycana hər hansı təhlükə yaratması o qədər də real deyil. Çünki Naxçıvan cəbhəsində Azərbaycan ordusu çox yüksək səviyyədə hərbi texnika, döyüş ləvazimatları, döyüş vertolyotları, uzaq mənzilli raketlər, müdafiə sistemləri ilə təchiz olunub. Üstəlik, bu yaxınlarda Naxçıvanda 15 min nəfərlik kontingenti olan Əlahiddə Qoşun Bölmələri yaradılıb. Bu qoşun bölmələri çox yüksək səviyyədə döyüş qabiliyyətinə malikdir və hər cür müasir silahlarla təchiz edilib.
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı şəxsi heyətinin və Əlahiddə Qoşun Bölmələrinin düşmənin hər cür hücumuna cavab verməyə və lazım olarsa geniş miqyaslı hərbi əməliyyatlar aparmağa hazır olduğu bildirilir.
Azərbaycan ordusunun Naxçıvandakı bölmələri vaxtaşırı Türkiyə ordusu ilə birgə hərbi təlimlər keçirir və hərbçilərimizin döyüş qabiliyyətinin, peşəkarlığının artırılması, uğurlu geniş miqyaslı hərbi əməliyyatlar həyata keçirə bilməsi üçün Türkiyə ordusunun təcrübəsindən və türk zabitlərinin praktik təlimlərindən istifadə olunur.
Bundan başqa “Yeni Müsavat”ın bir müddət öncə yazdığı kimi Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustanın yaratdığı, şərti olaraq “Turan ordusu” adlanan hərbi birliyin Naxçıvanda bölmələrinin olduğu iddia edilir. “Turan ordusu”nun NATO-nun bilgisi və razılığı çərçivəsində Rusiyanın bölgə üçün törədə biləcəyi hər hansı təhlükələrə qarşı yaradıldığı və bu hərbi birliyin yüksək səviyyəli döyüş qabiliyyətinə malik hərbçilərdən ibarət formalaşdırıldığı bildirilir. Qeyd etmişdik ki, “Turan ordusu”nun tərkibində ayrı-ayrı xüsusi bölmələr var və onlar istənilən şəraitdə istənilən əməliyyatı həyata keçirməyə qadirdir.
Həmin bölmələrin bir qrupunun Naxçıvanda yerləşdirildiyinə və istənilən an əməliyyatlara başlamağa hazır olduğuna dair məlumatlar gəlməkdədir.
Bundan başqa, Naxçıvana hər hansı hücum olarsa Türkiyənin vəziyyətə müdaxiləsini nəzərdə tutan 1921-ci ildə imzalanan Qars müqaviləsi hələ də qüvvədədir və Türkiyə muxtar respublikaya istənilən müdaxilə zamanı buna qarşı hərbi əməliyyatlar keçirmək hüququnu özündə saxlayır. Bu baxımdan, savaşın hətta Naxçıvandan başlaması Azərbaycan üçün mühümdür; müharibə variantından məhz bu cür də etmək lazımdır. Əks halda Türkiyəyə müharibəyə qatılmaq, ya da ən azından, erməniləri ciddi təhdid altına almaq bəhanəsi tapılmayacaq. Burada qeyd etməyi mühüm sayırıq ki, hələ Elçibəy iqtidarı dönəmində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında məxfi bir plan işlənmişdi. Həmin planın işlənməsində iştirak edən Elçibəy hökumətinin rəhbərlərindən biri “Yeni Müsavat”a deyib ki, burada əsas məqsəd Türkiyəni hərbi əməliyyatlara qoşulmağa sövq edəcək şəraitin və beynəlxalq aləmin nəzdindəki bəhanənin yaradılması idi. 
Naxçıvan Ermənistanın hərbi təcavüzünə qarşı başladılacaq hərbi revanş üçün ən münasib məntəqədir. Ermənistanı Türkiyənin təəhhüdündə olan bir ərazidə savaşa çəkməklə yanaşı, burada məqsəd həm də həm də İranda və Türkiyədə yaşayan çoxmilyonlu etnik azərbaycanlılar olan dəhlizdə ermənilərin əzilməsini təmin etməkdir. İndi görünən budur ki, Türkiyənin və Azərbaycanın hərbi strateqləri yenidən bu planın üzərinə qayıdıblar.
“Yeni Müsavat” erməni mətbuatını da həssaslıqla izləməkdədir. Oradan da görünür ki, düşmən ölkənin mediası Naxçıvanda baş verən, Azərbaycan rəsmiləri tərəfindən də ciddi-cəhdlə gizlədilən gəlişmələrdən narahatdır. Naxçıvan cəbhəsi yeganə nöqtədir ki, ermənilər onun açılmaması üçün hər şeyə hazırdırlar. 1991-93-cü illərdə oradan savaş cəbhəsinin açılmaması üçün Ermənistan hər cür ağlasığmaz hərəkətlərə, gizli anlaşmalara baş vurmuşdular.
***
Hələ bir müddət əvvəl yazmışdıq ki, istər Ermənistanın öz istəyi, istərsə də Rusiyanın təhriki ilə Qarabağ cəbhəsində Azərbaycana qarşı təxribatlarının qarşısını almağın ən yaxşı yolu Naxçıvan cəbhəsində düşmənin sıxışdırılması və geniş miqyaslı əməliyyatların keçirilməsi ola bilər.
Naxçıvandan gələn xəbərlərə əsaslansaq, demək olar ki, artıq bu məqam yetişib. Düşmənin təxribatları, Azərbaycanın, cəbhənin digər istiqamətləri ilə müqayisədə, daha güclü olduğu və möhkəm müdafiə imkanlarına malik Naxçıvan cəbhəsində böyük Qarabağ savaşına başlamağa imkan verir. Gələn məlumatlar və ekspertlərin hesablamaları göstərir ki, Azərbaycan Naxçıvan cəbhəsində ciddi savaş hazırlıqları içərisindədir. Fikirlər əsasən belədir ki, Azərbaycan ordusu Naxçıvandan torpaqlarımızı işğal altında saxlayan və vaxtaşırı cəbhənin ən müxtəlif istiqamətlərində təxribatlar törədən Ermənistana ciddi hərbi zərbələr vura, hətta onu kompromislərə vadar edə bilər. 
Bu barədə danışarkən ordumuzun gücünə arxayınçılıq ifadə edən ekspertlər deyir ki, Naxçıvan istiqaməti ilə yanaşı cəbhənin digər istiqamətlərində də Azərbaycan canlı qüvvələrinin və hərbi texnikasının sayını artırmalı, ordunu bir nömrəli döyüş vəziyyətinə gətirməlidir.
Ekspertlər hesab edirlər ki, Azərbaycan düşmənin Naxçıvan cəbhəsindəki təxribatlarından istifadə edərək bu istiqamətdə uğurlu əməliyyatlar keçirə bilsə, bu həm də Qarabağın işğaldan azad edilməsi prosesində atılacaq addımların başlanğıcı ola bilər. Naxçıvan istiqamətində böyük savaşın hər an başlaya biləcəyi isə istisna olunmur.
Mövzunu diqqətdə saxlayacağıq.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM