Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bazar ertəsi, avqustun 12-də Yerevana səfər edəcək.
Virtualaz.org qeyd edir ki, Patruşev prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovdan sonra Rusiyanın xarici siyasətində söz sahibi olan üçüncü şəxs hesab edilir. Bu baxımdan onun Yerevana səfəri regionda cərəyan edən son proseslər fonunda diqqəti cəlb etməyə bilməz.
Bəlli olduğu kimi Paşinyan elə hakimiyyətə gələn kimi danışıqları pozmağa yönəlmiş avantürist bəyanatlar seriyasına başlayıb. Əvvəlcə o, Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatına sahib olmadığını bəyan etməklə xeyli müddət danışıqlar prosesi ətrafında əsəbi atmosferin yaranmasna səbəb oldu. Daha sonra hər halda danışıqlar aparmağa razılaşsa da çox keçmədən növbəti avantürist addımlarla atmosferi korlamaqda davam etdi. Məsələn, Paşinyanın yaxın tərəfdaşı-xüsusi xidmət strukturunun rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonuna səfər edib bildirdi ki, Arazboyu ərazilərin geri qaytarılmasından söhbət gedə bilməz. Əksinə, Ermənistan bu əraziləri məskunlaşdıracaq.
Yaxud müdafiə naziri David Tonoyanın Nyu-Yorkda amerikalı ermənilər qarşısında verdiyi lovğa bəyanatlar. Tonoyan deyirdi ki, ərazilərin qaytarılması barədə heç bir söhbət gedə bilməz, əksinə, Ermənistan yeni ərazilər tutmaq üçün müharibə başlaya bilər.
Nəhayət bu günlərdə Ermənistan hökumətinin Qarabağa Arazboyu ərazilərdən keçməklə üçüncü yolun çəkilməsi layihəsini elan etməsi, ardınca Paşinyanın Xankəndində "miatsum” ("birləşmə”) şüarını səsləndirib Qarabağı Ermənistan ərazisi elan etməsi əsəbləri tamamilə tarıma çəkib. Belə vəziyyət kifayət qədər təhlükəlidir və nəinki danışıqlar prosesi üçün şans buraxmır, eyni zamanda müharibənin hər an alovlanmasına gətirib çıxara bilər.
Bu baxımdan Nikolay Patruşevin Yerevanda aparacağı danışıqlarda Paşinyanın avantürist siyasəti ilə bağlı Moskvanın narahatlıqlarının gündəmə gələcəyi istisna deyil.
"Regnum” agentliyinin şərhində deyilir ki, Rusiya tərəfində Paşinyanın hökumətinin fəaliyyəti ilə bağlı "narahatedici suallar” toplanıb. Və Xankəndində Paşinyanın "miatsum” haqda danışması, Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyini deməsi, üstəlik Ermənistandakı inqilabın Qarabağa da "ixrac olunacağını” elan etməsi bu suallara daxildir.
"Onun "proqram nitqi” təkcə Ermənistanın özündə deyil, onun hüdudlarından kənarda, o cümlədən Rusiyada da birmənalı qarşılanmayıb. Dakt budur ki, Paşinyanın nitqi danışıqlar prosesinə zərbədir. Üstəlik hərbi əməliyyatların başlanması riskini artırır ki, bu da özlüyündə bütün regionda destablizasiyaya səbəb ola bilər. Ona görə də Moskva Paşinyanın "inqilabi ampluada” bu qədər çox ləngiməsinin səbəblərini başa düşmək istəyir, hansı ki, onun hədəfləri danışıqlar prosesinin rekonstruksiyası halında üzə çıxa bilər”,-erməniyönümlü agentlik yazır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !