Qarabağda müharibəni dayandıracaq gün

16:41 | 16.10.2017
Qarabağda müharibəni dayandıracaq gün

Qarabağda müharibəni dayandıracaq gün

Ermənistan Azərbaycan aviasiyasının hücumuna hazırlaşır

Azərbaycan və Ermənistan prezidentlərinin bu gün nəzərdə tutulan Cenevrə görüşü Qarabağda payız-qış aylarında gözlənilən gərginliyin qarşısını ala bilər.

İstiPress-in məlumatına görə, bu barədə rusiyalı ekspert, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov "Vestnik Kafkaza”nın müxbiri ilə söhbətində bildirib.

Onun sözlərinə görə, qoşunların təmas xəttində gərginləşmənin payız-qış dövründə baş verməsi gözlənilir: "Bu ehtimal, mənim fikrimcə, yetərincə yüksəkdir. Buna görə də prezidentlərin görüşü hərbi gərginlikdən qaçmaq naminə danışıqlar prosesinin  bərpası cəhdi ola bilər”.

Sergey Markov bildirib ki, danışıqlar Ermənistanın təşəbbüsü ilə dayandırılıb və Azərbaycanın tələbi ilə bərpa edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqov İstiPress-ə müsahibəsində Ermənistan tərəfindən konstruktiv heç bir addım gözlənilmədiyini bildirib:

"Ermənistanı danışıqlar masasına yalnız güc yolu ilə gətirmək olar. Biz bu gücü 2016-cı ildə nümayiş etdirdik. İndi ona vasitəçi dövlətlərin, xüsusilə də Rusiyanın təzyiqi lazımdır. Amma hadisələr göstərir ki, Rusiya bu təzyiqi etmək niyyətində deyil. Tam əksinə, Ermənistana 100 milyon dollarlıq silah krediti ayırıb. Bu, onu göstərir ki, Serj Sarkisyan həmin silahlarla Azərbaycan torpaqlarının işğal altında saxlamağı davam etdirmək niyyətindədir”.

Erməni hərbi ekspert Vova Vardanov "lragir.am”a müsahibəsində bildirib ki, Ermənistan həmin 100 milyon dollara havadan müdafiə sistemləri və ağır artilleriya sistemləri alacaq. Onun sözlərinə görə, havadan müdafiə sistemləri Ermənistan üçün həddindən vacibdir, çünki Azərbaycan öz aviasiyasının gücləndirir: "Aprel döyüşləri zamanı aydın oldu ki, onların (Azərbaycanın - red.) pilotsuz aviasiyası yetərincə yaxşı vəziyyətdədir”.

"Erməni mətbuatını izlədikdə anlamaq olur ki, Sarkisyanın əsas məqsədi danışıqlarda heç bir irəliləmənin olmamasıdır. Bu, başqa cür də ola bilməz. Bir adam ki, öz karyerasının işğal edilmiş Azərbaycan torpaqlarında aparılmış etnik təmizləmə üzərində qurubsa və bunu hətta Britaniya mətbuatına belə etiraf edibsə, o, işğal etdikləri əraziləri tərk etmək barədə düşünə bilməz. O, işğal etdikləri ərazilərdən çıxmaq barədə düşünsəydi, müharibəyə hazırlaşmazdı, Rusiya ilə 100 milyon dollarlıq kredit barədə anlaşmazdı.  Buna görə, düşünürəm ki, Sarkisyan bir bəhanə taparaq danışıqlar prosesini dayandırmağa çalışacaq”.

İstər Rusiya, istər Azərbaycan, istərsə də Ermənistan ekspertlərinin proqnozlarından belə anlaşılır ki, Qarabağ torpaqlarını işğaldan ancaq hərb yolu ilə azad etmək mümkün olacaq. Lakin Azərbaycan beynəlxalq müstəvidə həmişə Ermənistandan danışıqlar prosesini davam etdirməyi tələb etməlidir. Bu, beynəlxalq birlik tərəfindən Azərbaycana ərazi bütövlüyünü təmin etmək üçün müharibə hüququnun tanınmasına dəstək verə bilər. Rəsmi Bakı ilk öncə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi tərəfindən Qarabağda müharibə hüququnun tanınmasına nail olmalıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM