Erməni mətbuatı iddia edir ki, Xənkəndidə fəaliyyət göstərən işğal rejimi BMT-nin rəsmi saytında sənəd yayaraq Azərbaycanın yaratdığı mühasirə şəraitindən şikayət edib.
İstiPress-in məlumatına görə, bu barədə məqalə dərc etmiş "newsarmenia.am” portalı iddia edib ki, "Dağlıq Qarabağ Respublikası” tərəfindən təqdim edilmiş sənəd BMT-nin saytında dərc olunub və problem geniş kütlələrə çatdırılıb. Məqalədə iddia edilib ki, digər dövlətlər tərəfindən tanınmaması regionun təcrid edilərək inkişafdan saxlanmasına imkan yaratmamalıdır.
Beləliklə, ermənilər BMT üzvü olmayan və heç bir dövlətin tanımadığı seperatçı rejimin təqdim etdiyi sənədin BMT tərəfindən qəbul edildiyini iddia edirlər. İstər-istəməz sual yaranır - nədən bu cür imkana Abxaziya, Dnestrayanı və ya Cənubi Osetiya yox, məhz Azərbaycan ərazisinin 20 fazini ələ keçirmiş Ermənistan ordusunun yaratdığı işğal rejimi belə imkana malik olur? Ermənilərin bu özəlliyi nədədir?
Əslində, məsələni diqqətlə izlədikdə BMT-nin özünü "Dağlıq Qarabağ Respublikası” adlandıran hansısa qondarma qurumdan sənəd götürmədiyini rahat görmək olar. Əslində, sənəd Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zöhrab Mnasakanyan tərəfindən yayılıb və Azərbaycanın Dağlıq Qarabağı təcrid etdiyi iddia edilir. Həmçinin məsələnin BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılması xahiş edilir. Yəni növbəti erməni blefidir və böyük ehtimalla daxili bazara ünvanlanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqov İstiPress-ə müsahibəsində bu sənədin heç bir əhəmiyyətinin olmadığını bildirib:
"İndi onlayn xidmətlər vasitəsi ilə hər kəs BMT-yə sənəd təqdim edə bilər. Amma əsas məsələ həmin sənədin müzakirəyə çıxarılmasıdır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var. Həmin qətnamələrdə Dağlıq Qarabağın təcriddən çıxarılması üçün Ermənistan qoşunlarının regionu tərk etməsi tələb edilir. BMT də heç kimi bu qətnamələri unutmayıb".
Əslində, Dağlıq Qarabağın təcriddən çıxarılması üçün qoşunların təmas xəttindən bütün minalar təmizlənməli, qaçqın əhali yerlərinə qaytarmalıdır ki, Ermənistan rəhbərliyi bununla heç zaman razılaşmaz. Ermənilər uzun illər həmin minalanmış sahə ilə fəxr edərək onu Ohanyan istehkamları adlandırırdılar. 2016-cı ilin aprel ayında Azərbaycan ordusu bu istehkamları keçdiyinə görə, müdafiə naziri Seyran Ohanyan vəzifəsini itirdi. Buna görə, qondarma recim tərəfindən bu məsələnin gündəmə gətirilməsini Xankəndi tərəfindən İrəvana tuşlanan yaylım atəşi kimi dəyərləndirmək olar.
Politoloq Tofiq Abbasov isə bunu Ermənistanın BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyası qabağı atdığı perventiv addım kimi dəyərləndirir:
"Ola bilər ki, İrəvan sentyabr sessiyasında Azərbaycanın Dağlıq Qarabağ məsələsini müzakirə çıxarıcığını düşünür. Buna görə bəribaşdan Azərbaycanın əleyhinə addımlar atır".
İstənilən halda, Azərbaycan hər cür varianta hazır olmalıdır və Ermənistanın Rusiyanın dəstəyindən istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini sübut etməlidir. Əks halda, 1992-ci ildəki kimi ola bilər. Onda ərazisi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycana qarşı ABŞ Konqresi tərəfində 907-ci düzəliş qəbul edilmişdi. Azərabaycanın kütləvi mətbuatı isə o vaxt ordumuz barədə yalanlar uydurmaqda idi. Guya Amerikanın siyasi dairələrində Azərbaycanı şərəfinə tost deyirmişlər ki, axır ki, postsovet məkanında Rusiya ilə vuruşa bilər bir xalq peyda oldu. Zaman bu cür təbliğatın cəfəngiyyat olduğunu ortaya çıxardı. Həmin vaxt ABŞ-da Azərbaycanı 11 federativ qurumdan ibarət «kibrit qutusuna» çevirmək barədə baş sındırırmışlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !