İctimai Televiziya Qarabağın tarixindən bəhs edən yeni film ərsəyə gətirib.
İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, film televiziyanın "Carçıfilm” Yaradıcılıq Birliyində istehsal olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 9 sentyabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi” haqqında sərəncamına əsasən, ayrılan maliyyə vəsaiti ilə çəkilən "Qarabağnamə” çoxseriyalı bədii-sənədli televiziya filminin ilk seriyası tamaşaçılara təqdim olunub.
Ekran əsəri tarixi epopeyalar olan "Qarabağnamələr”in motivləri əsasında lentə alınıb. Baş rolları tanınmış kino və teatr aktyorları ifa edirlər. Filmin ssenari müəllifləri Rafiq Səməndər və Elman Qədirlidir.
Ekran əsərinin quruluşçu rejissorları Vasif Məmmədzadə, Cavid Təvəkkül və Bəhram Osmanovdur. Quruluşçu operator Emin Rəhimov, quruluşçu rəssam Əziz Məmmədov, montaj rejissoru Elşad Rasimoğludur.
Filmin baş prodüseri Rauf Rəcəbov, redaktoru Eldar İskəndərzadədir.
Ekran əsərinin əsas epizodları C.Cabbarlı adına "Azərbaycanfilm” Kinostudiyasının böyük pavilyonunda çəkilib. Natura çəkilişləri isə Quba və Qusar rayonlarında aparılıb.
Film bütövlükdə Qarabağın tarixinə həsr olunur.
"Pənahəli xan” adlanan birinci hissədə Pənahəli xanın Şah Abbasın əsarətindən qurtulub Qarabağa gəlməsi, Qarabağ xanlığını yaratması, Bayat qalasını, Pənahabadı necə tikib qurması təsvir olunub. Qanlı müharibələr, döyüşlər, saraydaxili çəkişmələr həm salnaməçi – nağılçı obrazının dili ilə, həm də bədii səhnələrlə nümayiş etdirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !