Qazaxıstanda nə baş verir? - Ekspertdən ŞƏRH

20:54 | 05.01.2022
Qazaxıstanda nə baş verir? - Ekspertdən ŞƏRH

Qazaxıstanda nə baş verir? - Ekspertdən ŞƏRH

Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı 2022-ci ilin ilk günlərində ölkənin Janaozen, Aktau və Manqistau vilayətlərində başlayan və hələ də davam edən etiraz aksiyaları artıq kəskin xarakter almağa başlayıb

Siyasi şərhçi Rusif Məmmədsoyun sözlərinə görə, Qazaxıstan əhalisinin içində yığılıb qalan bir aqressiya var və bir qığılcım kifayət edirdi ki, həmin aqressiya özünü göstərsin. Ölkədə qazın və digər sahələrdəki qiymət artımı bu məsələdə katalizator rolunu oynadı. 

"Qazaxıstanda baş verən proseslər çox diqqətlə müşahidə edilir. Hazırda bu etiraz aksiyaları ətrafında müxtəlif fikirlər formalaşıb. Bir tərəf iddia edir ki, burada ssenari müəllifi İngiltərədir. Digər tərəf isə Rusiyanın Belarusdakı "təcrübəsinə" əsaslanaraq bu məsələdə əlinin olduğunu düşünür. Lakin fakt ondan ibarətdir ki, hazırda narazı bir kütlə var. Və həmin insanları narahat edən məsələlər var. Həmin məsələlər nələrdir. Etirazçılar Nursultan Nazarbayevin adına şəhər salınmasından, uzun illərdir hakimiyyətdə olmasından, hətta prezidentlik kürsüsündən durandan sonra olduqca strateji post olan Təhlükəsizlik Şurasının ömürlük sədri seçilməsindən narazıdır. Bütün bunlar təbiidir. Əhalinin içində olan aqressiyanın kəskinləşməsi də   qazın və digər sahələrdəki qiymət artımı katalizator rolunu oynadı. Nəticə etibarilə iğtişaş başladı. Etirazçılar dövlət binalarını ələ keçirdi, həmin şəxsləri əsir götürdü, Nazarbayevin abidəsi endirildi. Bundan əlavə ölkədən kütləvi qaçışlar başladı. Oliqarxlar ölkəni tərk edirlər. Hətta Elbaşı Nursultan Nazarbayev müalicə məqsədilə ölkəni tərk edəcəyi deyildi. Bu məqamda Comərt Tokayev xalqa müraciət etdi. O bildirdi ki, mən heç bir yerə getmirəm və mübarizə aparacam. Tokayev anlamalıdır ki, xalqı mütləq razı salmalıdır. Əks halda iğtişaşları yatırmaq mümkün olmayacaq. Təsadüfi deyil ki, gələn xəbərlərə görə artıq polis də bəyan edib ki, xalqa qarşı durmayacaq. Tokayev çətin sınaq qarşısındadır. Nə dərəcədə uğurlu olacaq bunu söyləmək bir qədər çətindir. Çünki, etirazçıların şərtləri də yeniləndi. Belə ki, onlar hökumətdən tələb edirlər ki, Qazaxıstan KTMT-dən və Avrasiya İttifaqından ayrılsın", - deyə siyasi şərhçi bildirdi. 

Məmmədsoy vurğuladı ki, həmin tələb ilə müxtəlif suallar yaranır. Onun fikrincə, Rusiyadan qopmağın asan olub-olmadığı və proseslərin İngiltərədən idarə olunub-olunmadığı aydınlaşmalıdır. 

"Məşhur strateq Bjezinski 2008-ci ildə belə bir fikir söyləmişdi. "Qlobal sistem elə bir duruma çatıb ki, yaxın 10-15 il ərzində kütlələrin ciddi oyanışı baş tutacaq. Hətta qapalı cəmiyyətlər ayaqlanacaq, alt qruplar elitalara qarşı etiraz etməyə başlayacaq". Qazaxıstanla Rusiya arasında çoxlu sayda müqavilələr var. Faktiki olaraq iki ölkə müttəfiqdir. Elə bir müttəfiq ki, Rusiyada hər zaman Qazaxıstanın şimal ərazilərinə iddia edilib. Yəni, əslində Rusiyanın müttəfiqi yoxdur. Səbəblər də kifayət qədərdir. Məsələn Türk Dövlətləri Birliyinin İstanbuldakı iclasından sonra maraqlı fikirlər formalaşdı. Təbii olaraq Rusiya bütün bunlardan narahat olmaya bilməz. 

Digər tərəfdən isə Mərkəzi Asiya böyük qaladır. Bura sirayət edə bilmək elə də asan məsələ deyil. İngiltərə üçün də eynidir. Bu region uğrunda çox ciddi mübarizə gedir. Amerika, Çin və Rusiyanın maraqları xüsusilə var. Yəni heç bir şeyi hazırda istisna edə bilmərik. 

Son illərdə Qazaxıstanda rus dilinin təsirinin azaldılması istiqamətində müəyyən işlər görülür. Bu çox vacibdir. Ancaq bütün bunlar asan başa gəlmir. Qazaxıstanda rus dili kəsim kifayət qədərdir. Bundan sonra proseslərin hansı məcrada davam etməsi Tokayevdən asılıdır. Əsas sual budur. Tokayev KTMT-dən və Avrasiya İttifaqından ayrılmaq üçün siyasi iradə ortaya qoya biləcəkmi ? Qoyarsa belə Rusiya Belarus ssenarisini təkrarlamazmı? Hər halda Qazaxıstanın Rusiyadan qopması çox çətin olacaq", - deyə Rusif Məmmədsoy əlavə etdi. 
 
Qazaxıstanda etirazlar avtomobillərdə istifadə olunan sıxılmış qazının qiymətinin 60 təngədən (23 qəpik) 120 təngəyə (47 qəpik) qaldırılması ilə başladı. 

Bununla bağlı ilk etiraz mitinqləri yanvarın 2-də neft sənayesinin cəmləşdiyi Manqistau bölgəsində keçirildi. Yanvarın 4-də hökumət vəd etdi ki, etirazçıların tələbləri yerinə yetirilərək, qazın qiyməti əvvəlkindən də aşağı – 50 təngəyə (20 qəpik) salınacaq. Lakin bu qərar mitinqləri azaltması əksinə, etirazlar genişlənməyə və ölkənin digər yerlərinə də yayılmağa, siyasi xarakter almağa başladı. Hökumətin istefası və əvvəllər məhkum edilən bəzi şəxslərin buraxılması tələbləri irəli sürüldü. Yanvarın 4-də ölkənin böyük şəhərlərindən olan Almatıda artıq siyasi tələblərlə qanunsuz aksiyalar keçirildi və polislə toqquşma yaşandı. Yanvarın 5-də aksiyalar davam etdi və genişləndi.

Almatı şəhərinin komendantı Kanat Taymerdenovun sözlərinə görə, 500-dən çox adam döyülüb, 120 avtomobil yandırılıb.

"Təəssüf ki, yanvarın 5-nə keçən gecə ekstremist qruplar fəallaşıb. Onların hüquqazidd hərəkətləri nəticəsində 120 - dən çox nəqliyyat vasitəsi yandırılıb", - deyə o bildirib.
Komendantın sözlərinə görə, toqquşmalarda 500-dən çox mülki şəxs xəsarət alıb, bundan başqa, 120 mağaza və köşk, 180 iaşə müəssisəsi dağıdılıb. Onun açıqlamasında həlak olanlar barədə məlumat verilməyib.

Bəzi etirazçılar "Qocalar çıxıb getsin" və "Hökumət istefa versin" şüarları səsləndirib.

Baş verən aksiyalar nə ilə nəticələndi? 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də televiziya ilə çıxış edərək etirazçıları "sui-qəsdçilər" adlandırıb və onlara qarşı sərt tədbirlərin görüləcəyini bildirib.

Bütün ölkə boyu internet kəsilib, bəzi şəhərlərdə stasionar telefon rabitəsi işləmir, azı səkkiz telekanalın verilişləri kəsilib.
 
Telegram, Signal və WhatsApp kimi mesajlaşma proqramları bloklanıb, aksiya xəbərlərini yayan iki internet saytı isə bağlanıb.

Prezident Kasım-Jomart Tokayev "sui-qəsdçilər" adlandırdığı etirazçılarla "mümkün qədər sərt" davranılacağını vəd edib.

"Xuliqan elementlərin yüksək səviyyədə təşkilanması diqqəti çəkir. Bu, sui-qəsdçilərin maddi maraq və düşünülmüş plan əsasında hərəkət etdiklərindən xəbər verir", - Prezident Tokayev yanvarın 5-də axşam televiziya ilə çıxışında deyib.

Tokayev həmçinin deyib ki, bundan sonra Qazaxıstan Təhlükəsizlik Şurasına Elbası ("millət atası") Nursultan Nazarbayev deyil, onun özü başçılıq edəcək.

"Ona görə də dövlət başçısı və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri kimi maksimal dərəcədə sərt hərəkət etmək niyyətindəyəm", - Orda.kz portalı Tokayevin sözlərini sitat gətirib.

2019-cu ildə prezident vəzifəsini tərk etdikdən sonra Təhlükəsizlik Şurasının katibi vəzifəsi Qazaxıstanı 30 il idarə edən Nursultan Nazarbayevdə qalan bir neçə yüksək vəzifələrdən biri olub. O, həmçinin hakim Nur Otan partiyasının sədri vəzifəsini tutur və Elbası fəxri adını daşıyır.
 
Almata hava limanını etirazçılar ələ keçirib, işçilər təxliyə edilir. 

Qazaxıstan hökuməti ölkəni bürüyən kütləvi etirazlar fonunda istefa verib, prezident Kasım-Jomart Tokayev istefa ilə bağlı fərmanı imzalayıb.

Kasım-Jomart Tokayev ölkənin ən böyük şəhəri Almatı, paytaxt Nur-Sultanda və Manqistau vilayətində yanvarın 19-dək fövqəladə vəziyyət elan edib. Almatıya giriş və çıxış qadağan edilib.

Ölkədə axşam saat 23:00-dan səhər saat 7:00-a qədər komendat saatı tətbiq olunacaq.

Kütləvi tədbirlərin keçirilməsi qadağan edilib, insanların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
 
AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir. Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi

Manqistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunaraq saxlanılıb.
 
Etirazçılar Qazaxıstanın Taldıkorqan şəhərində Nursultan Nazarbayevin heykəlini aşırıb.
 


Qazaxıstana qonşu ölkələrin münasibəti necə olub? 

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Qazaxıstan öz problemlərini özü həll edə bilər.

"Qazaxıstanlı dostlarımızın öz daxili problemlərini müstəqil həll edə biləcəklərinə əminik", - Peskov RİA Novosti agentliyinə bildirib.
 
"Yanvarın 2-dən başlayan və bu səhər Qazaxıstanda hökumətin istefası ilə başa çatan etiraz aksiyalarını yaxından izləyirik.Qazaxıstan rəhbərliyinin bu böhrandan çıxacağına tam inanırıq. Biz Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənirik və ümid edirik ki, hadisələr tez bir zamanda sakitləşəcək", - Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı açıqlamasında deyilib.
 
ABŞ Almatıdakı Baş konsulluğunu soydaşlarını nümayişlərin keçirildiyi yerlərdən uzaq durmağa, eyvan və pəncərələrdə görünməməyə, mümkün qədər çölə çıxmamağa çağırdı.
 
Aksiyalar davam etməkdədir
 
Ləman Qasımova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb