Bu sözləri 44
günlük İkinci Qarabağ döyüşlərində iştirak etmiş Zöhrab Muradovun atası , Goranboy sakini Səməndər
Muradov deyir.
Ata bildirir
ki, döyüşlər başlayarkən oğlu cəbhəyə könüllü yollanıb.
"Oğlumun 22
yaşı var. Tibb kollecində təhsil alır. Müharibə başlayan kimi da cəbhəyə
könüllü yollandı. Ön xətdə sanitar atıcı kimi düşmənlə mübarizə aparıb. Oktyabrın
27-i Xankəndi yaxınlığındakı Qırmızı Bazar ətrafında gedən döyüşlərdə
yaralanıb. Ayağında iki qəlpə var. Minanın dalğası nəticəsində başından da travma alıb.
Yaralandıqdan sonra 24 saat Füzulidə, 4 gün Kürdəmir, 25 gün də Mingəçevir xəstəxanasında
qalıb. Oğlumu Mərkəzi Hərbi Klinik Hospitalda ( el arasında "Papanin" xəstəxanası kimi tanınır, red) yatırılmasını tələb etsəm də, orada yer
olmadığı bildirildi. Mingəçevir xəstəxanasında
tələb etdim ki, oğlumun başını diaqnoz edin. Çünki oğluma ancaq ağrıkəsicilər
verirdilər. Məni xəstəxanadan qovub dedilər ki, narahat etməyin, özümüz oğlunuzun qayğısına qalacağıq. Mən də onlara inanıb, evə qayıtdım. Xəstəxanada yatdığı müddətin 25-ci günündə öyrəndim ki, Zöhrabı Mingəçevirdən
Füzuliyə hərbi hissəyə göndəriblər. Mingəçevir xəstəxanasından dedilər ki, oğlun
yaxşılaşıb, qəlpələr əriyəcək. Mən anlamıram ki, dəmir insan bədənində necə əriyə
bilər? Daha sonra Füzuliyə gedib, komandirlə görüşdüm. Dedim, oğlum yeriyə
bilmir, ayaqlarında qəlpə var. Bildirdilər ki, oğlun bura göndərilməməli idi", - deyə ata bildirir.
Onun sözlərinə görə, ayağında qəlpənin olmasına baxmayaraq Zöhrab Muradov Füzulidən Cəbrayıla, oradan isə Qusara göndərilib. "Qusarda mənə bildirdilər
ki, oğlunuzu Mərkəzi Hərbi Klinik Hospitala göndərin. Dedim ki, orada yer olmadığını deyiblər. 5-10 gün Qusar hərbi hissəsində qaldıqdan sonra maşınla oğlumu Goranboya gətirdim".
Atanın sözlərinə görə, daha sonra o, Sığorta mərkəzinə
gedib. Orada ona bildirilib ki, forma-20 ni almaq üçün forma-11 almalıdır. "Bunun
üçün Goranboy hərbi komissarlığına yollandım. Oradan mənə kağız verdilər ki, Mərkəzi Hərbi Klinik Hospitalda komissarlıqdan keçək ki, forma 11 alaq".
"Papanin"ə gedib həmin sənədi təqdim edəndə
mənə deyildi ki, forma 11-i Qusar hərbi hissəsindən almaq
lazımdır. Yenidən Qusara getdim. Oradan mənə dedilər ki, oğlunuzu artıq
tərxis etmişik. Biz forma 11-i verə bilmərik. Beləcə 182 manat xərcim çıxdı,
amma oğlumun sənədini ala bilmədim".
Səməndər Muradovun iki oğlu cəbhədə
vuruşur. Kiçik oğlu 6 aydır, hərbi
xidmətdə qulluq edir. Böyük oğlu isə
müharibədə yaralanıb .Özü də 44 günlük Vətən
Müharibəsində arxa cəbhədə xidmət edib. Hərbi hissələrə çiyinlərində qradın
snaryadlarını daşıyıb.
Səməndər
Muradov deyir ki, bu günədək qapısını nə rayonun deputatı, nə də icra başçısı
döyüb.
Övladım vətən
uğrunda canını qoydu, amma nə portalda adı var, nə də bir medalla təltif
edilib. Hərbi biletində döyüşdüyü rayonların adı qeyd edilib, möhür vurulub.
Amma forma 20-ni ala bilmirik ki, Qarabağ qazisi kimi əlillik dərəcəsi müəyyən
edilsin".
Samirə Əliyeva
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !