Qazi atası: " Oğlumun həkimi dedi ki, məni narahat etmə..."

16:52 | 24.12.2020
"Oğlum Füzuli, Cəbrayıl, Qubadlı, Xankəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Axırda Qırmızı Bazar ətrafında gedən döyüşlərdə isə yaralandı. İndi ayağında iki qəlpə var. Mina partlayışı nəticəsində başından travma da alıb. Amma heç bir hərbi hospitala yerləşdirilmədi”.
 

Bu sözləri 44 günlük İkinci Qarabağ döyüşlərində iştirak etmiş  Zöhrab Muradovun atası ,  Goranboy sakini Səməndər Muradov deyir. 
 
Ata bildirir ki, döyüşlər başlayarkən oğlu cəbhəyə könüllü yollanıb.

 

"Oğlumun 22 yaşı var. Tibb kollecində təhsil alır. Müharibə başlayan kimi da cəbhəyə könüllü yollandı. Ön xətdə sanitar atıcı kimi düşmənlə mübarizə aparıb. Oktyabrın 27-i Xankəndi yaxınlığındakı Qırmızı Bazar ətrafında gedən döyüşlərdə yaralanıb. Ayağında iki qəlpə var. Minanın dalğası nəticəsində başından da travma alıb. Yaralandıqdan sonra 24 saat Füzulidə, 4 gün Kürdəmir, 25 gün də Mingəçevir xəstəxanasında qalıb. Oğlumu Mərkəzi Hərbi Klinik Hospitalda ( el arasında "Papanin" xəstəxanası kimi tanınır, red) yatırılmasını tələb etsəm də, orada yer olmadığı bildirildi. Mingəçevir xəstəxanasında  tələb etdim ki, oğlumun başını diaqnoz edin. Çünki oğluma ancaq ağrıkəsicilər verirdilər. Məni xəstəxanadan qovub dedilər ki, narahat etməyin, özümüz oğlunuzun qayğısına  qalacağıq. Mən də onlara inanıb, evə qayıtdım. Xəstəxanada yatdığı  müddətin 25-ci günündə öyrəndim ki, Zöhrabı Mingəçevirdən Füzuliyə hərbi hissəyə göndəriblər.   Mingəçevir xəstəxanasından dedilər ki, oğlun yaxşılaşıb, qəlpələr əriyəcək. Mən anlamıram ki, dəmir insan bədənində necə əriyə bilər? Daha sonra Füzuliyə gedib, komandirlə görüşdüm. Dedim, oğlum yeriyə bilmir, ayaqlarında qəlpə var. Bildirdilər ki, oğlun bura göndərilməməli idi", - deyə ata bildirir.

 
Onun sözlərinə görə, ayağında qəlpənin olmasına baxmayaraq  Zöhrab Muradov  Füzulidən Cəbrayıla, oradan isə Qusara göndərilib.  "Qusarda mənə bildirdilər ki, oğlunuzu Mərkəzi Hərbi Klinik Hospitala göndərin. Dedim ki,  orada yer olmadığını deyiblər. 5-10 gün Qusar hərbi hissəsində qaldıqdan sonra maşınla oğlumu Goranboya gətirdim".
 
 
 
Atanın sözlərinə görə, daha sonra o, Sığorta mərkəzinə gedib. Orada ona bildirilib ki,  forma-20 ni almaq üçün forma-11 almalıdır. "Bunun üçün Goranboy hərbi komissarlığına yollandım. Oradan mənə kağız verdilər ki, Mərkəzi Hərbi Klinik Hospitalda komissarlıqdan keçək ki, forma 11 alaq".
 

 
"Papanin"ə gedib həmin sənədi təqdim edəndə mənə deyildi ki, forma 11-i Qusar hərbi hissəsindən almaq  lazımdır. Yenidən Qusara getdim. Oradan mənə dedilər ki, oğlunuzu artıq tərxis etmişik. Biz forma 11-i verə bilmərik. Beləcə 182 manat xərcim çıxdı, amma oğlumun sənədini ala bilmədim".
 

 

Səməndər Muradovun iki oğlu cəbhədə vuruşur. Kiçik oğlu  6 aydır, hərbi xidmətdə qulluq  edir. Böyük oğlu isə müharibədə  yaralanıb .Özü də 44 günlük Vətən Müharibəsində arxa cəbhədə xidmət edib. Hərbi hissələrə çiyinlərində qradın snaryadlarını daşıyıb. 


Səməndər Muradov deyir ki, bu günədək qapısını nə rayonun deputatı, nə də icra başçısı döyüb.

"Qoca anamın təqaüdünə baxırıq. Müharibədən öncə məşğulluq idarəsinə işlə  bağlı müraciət etmişdik, amma heç bir işlə təmin olunmadıq. Oğlum xəstəxanalarda yatan vaxtı isə evimə nə rayonun deputatı, nə icra başçısı gəldi. Qapımı bir qurumdan belə döyən olmadı”.
 
Övladım vətən uğrunda canını qoydu, amma nə portalda adı var, nə də bir medalla təltif edilib. Hərbi biletində döyüşdüyü rayonların adı qeyd edilib, möhür vurulub. Amma forma 20-ni ala bilmirik ki, Qarabağ qazisi kimi əlillik dərəcəsi müəyyən edilsin".
 
Samirə Əliyeva
 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Telegram kanalımıza abunə ol ! tg_kanal