İyunun 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Kollegiyasının növbəti iclası keçirilib.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda 2014-2015-ci tədris ili üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri müzakirə edilib.
Bundan əlavə, 2016-cı ildən etibarən tətbiq edilməsi planlaşdırılan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu modeli geniş müzakirə olunub. 2016-cı ildən etibarən abituriyentlərə buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin bir sıra xüsusi qabiliyyət tələb edən ixtisasları və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə həm imtahan verdikləri ildə, həm də növbəti ildə iştirak etmək imkanının verilməsi nəzərdə tutulur.
Eyni qayda rus bölməsinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün "Azərbaycan dili” fənnindən imtahan verən abituriyentlərə də tətbiq ediləcək. "Azərbaycan dili” fənnindən imtahan verən və "məqbul” alan abituriyentə növbəti ildə də ali və orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə "Azərbaycan dili” fənnindən imtahan vermədən iştirak etmək imkanı veriləcək.
İclasda buraxılış imtahanlarının məzmununda dəyişikliklərin edilməsi, ali təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında fənlərin azaldılması məsələləri də təhlil olunub. Müzakirələrdə buraxılış və qəbul imtahanlarının yeni modellərinin hazırlanıb geniş ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edilməsi nəzərdə tutulub.
İclasda "Abituriyent” jurnalı tərəfindən dərc olunacaq və yayılacaq müxtəlif materiallar, o cümlədən elmi-metodiki vasitələr də müzakirə olunub və nəşrə tövsiyə edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !