"Bizim Qonaq" layihəsinin bu dəfəki qonağı ANS kanalının jurnalisti, məşhur aparıcı Qənirə Ataşova oldu. Artıq 5 ildir ölkədən getməsinə baxmayaraq Qənirə Ataşovanın öz sözünəməxsusluğu tamaşaçıların yaddaşında qaldığını nəzərə alaraq ona keçmişi, indiki həyatı və gələcəyi ilə bağlı suallar ünvanladıq:
- Neçə ildir Bakıdan getmisiz? Bakıda nə isə dəyişib? Nə hiss etdiniz?
- Artıq 5 ili tamamlamaq üzrəyik. İnfrastruktur inkişaf edib. Təbii ki, ilk Bakıya girəndə qələbəni hiss elədim .Biz Azərbaycanı tərk edəndə Qarabağ arzumuz var idi. Qarabağ artıq Azərbaycandadır. Yəni qələbə var. Bundan başqa inkişaf var, yeni binalar gördüm. Eyni zamanda sürücülük mədəniyyətinin çox aşağı düşdüyünü hiss etdim.
- Əgər ANS bağlanmasaydı ABŞ-a getmək qərarını verərdinizmi?
-İngilislərin belə sözü var 50/50-yə. ANS elə bir institutdur ki, oradan biz çox şey öyrəndik. Həyatı, Azərbaycan cəmiyyətini, mübariz olmağı, jurnalist və insan olmağın bir başqa yönlərini öyrəndik. ANS-dən çıxıb getmək asan deyildi. Yəni mənim üçün heç asan olmadı. Məni ANS yetişdirmişdi deyə ANS sanki mənim anam, övladım, doğmam idi. O doğmalıq hissləri hələ də qalır. Vaxt olduqca ans-çilərlə görüşməyə çalışıram. Görüşdükcə anlayıram ki, hamımız üçün ANS bir canlıdır. Mən o canlını yenə görmək istəyirəm, amma təəssüf ki, görə bilmirəm.
- Qeyd etdiniz ki, ANS-çilərlə görüşürsüz. Yaradıcı, təsisçi olanlardan kimlərləsə görüşmüsüzmü?
- Mən təsisçilərdən Vahid Mustafayev və Seyfulla Mustafayev ilə danışıram. Vahid Mustafev ilə daim kontaktda oluram.
- Bəs Mirşahin Ağayev?
- Təbii ki, Mirşahin Ağayev də mənim müəllimimdir. Onunla hələ danışmamışam. Ancaq Mirşahin müəllim Real televizasiyasında fəaliyyət göstərir. Orada yeni komandası ilə işləyir. Hər kəsə uğur arzulayıram.
- Siz artıq Amerikadasız və azad medianın fərqlərini rahat görə bilirsiniz. Maraqlıdır ANS-dən sonra "Real" tv-ni necə dəyərləndirirsiniz?
- Azərbaycan kanallarının fəaliyyətini izləmirəm. İzləmədiyim üçün yanlış rəy bildirə bilərəm. O üzdən susmağım daha doğru olar.
- ANS bərpa olunsa və iş təklifi alsaz qayıdardınızmı?
- Biz bu barədə Vahid müəllimlə danışmışıq. Mənə ilimə yüz min dollar maaş versə qayıdaram.
- Amerikada təhsil almısız. Azərbaycanla müqayisədə hansı fərqləri gördünüz?
- Jurnalistika təhsilini nəzərdə tutursunuzsa mən bu sahədən uzaqlaşmışam. Ancaq könüllülük əsasında Cənubi azərbycanlıların Amerikada yaratdığı Günaz TV ilə əməkdaşlıq edirəm. Cənubi Azərbaycanın, oradakı insanların azadlığı üçün çalışırlar. Mən onların işçisi olmuşam. Hazırda cənubdakı azərbaycanlı qardaşlarımızın öz azadlıqlarına qovuşması üçün və onların informasiya təminatına dəstək olmağa çalışıram. Amma bu mənim könüllü fəaliyyətimdir. Professional fəaliyyətim isə jurnalistika ilə bağlı deyil. Amma bununla yanaşı mən hələ də Dövlət Departamentində xarici jurnalist kimi qeydiyyatdayam. Düşünürəm Azərbaycan milli marağlarına uyğun, Azərbaycan milli maraqlarını qorumaq üçün gərəkli olan anlarda yalnız könüllü olaraq gedib jurnalistliyimi edə bilərəm.
- Amerikaya övladlarınız ilə bir yerdə köçmüsünüz. Çətin olmadı ki? Azərbaycan təhsilindən Amerika təhsilinə inteqrasiya prosesində problemlərlə qarşılaşdılarmı?
-Övladlarımla Azərbaycan dilində danışırdım. Amma onların ilk təhsili rus dilində olub. Orta məktəbin ilk illərini rus dilində təhsil alsalar da onları ingilis dilində hazırlığa göndərirdim. Baza bilikləri var idi. Uşaqlar Amerikada çox qısa müddətdə ingilis dilini öyrəndilər. Yadımdadır oğlum Fərhadın məktəbə getdiyi 17-ci gün mənə məktub gəldi ki, Fərhad artıq bizim sinifin tam özünü rahat hiss edən şagirdlərindən biridir.
- Uşaqlarin ərsəyə gətirməklə bağlı indi hər hansı çətinliklər yaşayırsınızmı?
- Uşağı yetişdirmək asan deyil. Çətinlik odur ki, uşaqla təmasın daha rahat yolunu tapasan. Düşünürəm ki, Allahın icazəsi ilə həyatda bunu bacarmışam. Oğlanlarımın tərbiyəsində, onların böyüdülməsində heç bir çətinlik yaşamamışam. Amerika cəmiyyətinə adaptasiya olmaq asan məsələ deyildi. Mən azyaşlı uşaqlarla getmişdim və azyaşlı uşaqları evdə qoyub iş dalınca, təhsil dalınca getmək asan məsələ deyildi. Amerikada bəlli yaşın altında uşaq evdə yalnız 2 saat tək qala bilər. Amma bəzən olurdu ki, uşaqları nəinki 2 , 5-6 saat tək qoymalı olurdum. Həm işə, həm universitetə getməli olurdum. Qaldımız binanın meneceri gəlib binada işığı, qazı yoxlayırdı. Bu zaman uşaqlarım şkafın içində, ya da divanın altında gizlənirdi ki, onları evə yoxlanışa gələn adam görməsin. Maddi imkanım o qədər yüksək olmadığından mən onları baxıcı yanında qoya bilmirdim. İndi şükür çətin durumları keçmişik.
- Beynalxalq jurnalistikanın təcrübələrini bilən birisi kimi Azərbaycanın müharibə dövründə xarici media ilə müqayisəsində hansı fərqləri gördünüz? Əslində bizim mediamızda nələr ola bilərdi ki, olmadı?
-Heç bir insanı qınamaq istəmirəm. Amma daha yaxşı və mükəmməl ola bilərdi. Necə ola bilərdi? Məsələn biz danışırıq ki, Azərbaycanın haqq səsini Amerikaya çatdıran jurnalistlər olmalıdır. Jurnalist necə olmalıdır? Beynəlxalq səviyyəli jurnalistlərin olmasını istəyən cəmiyyət üçün media qurumları xarici mediada işləyə bilən jurnalistlər hazırlamalıdır. ANS Amerikada büro açdı. ANS-in bir necə jurnalisti orada işlədi. Bu təqribən 1 il müddətində olurdu.Bir jurnalistin gedib 1 il qalıb işləməsi çox azdır. Bir il peşəkar, təcrübəli olmağın üçün çox az vaxtdır. Bunun üçün illər lazımdır.
Bu gün Azərbacan televiziyaları sinələrinə döyür ki, biz Azərbaycan mediası üçün bunları etmişik. Amma kənardan baxsaq o kanalların heç biri xarici ölkədə istinad nöqtəsi ola bilmir. Bəyənmədikləri ANS-də isə bu var idi. Əslində bu problemi ANS-lə bağlamaq istəmirəm. Xaricdə bir jurnalisti saxlamaq üçün yaxşı maddi vəsait ayrılmalıdır.
- Sizcə televiziyaların xaricdə jurnalist saxlamağa maddi vəziyyətimi yoxdur, yoxsa bunu sadəcə istəmirlər?
- Düşünürəm ki, imkanları var. Sadəcə ora pul xərcləmək istəmirlər.
- Beynəlxalq institutların araşdırmalarına görə, Azərbaycan mediası azadlıq baxımından çox aşağı səviyyədədir. Sizcə Azərbaycan mediası nə dərəcədə azaddır?
-Azərbaycan mediası ümumiyyətlə azad deyil. Ona görə ki, istənilən informasiyanı vermirlər. Yalnız senzura var. Bəlkə də onlara bu xəbəri verə bilmərsən qadağası qoyulmayıb. Sadəcə onlar özlərinə bu qadağaları nəyəsə görə tətbiq ediblər. Çox uzaq getməyək. Bir neçə gün öncə Xəzər dənizində partlayış baş verdi. Mən həmin hadisə ilə bağlı televiziyalarda heç bir geniş təfərrüatlı xəbər görə bilmədim.Sosial şəbəkələrdə isə istənilən qədər şayələr oxuduq. Media azadlığı bütün tərəflərin fikirlərini öyrənməkdir. Orada həm müxalifətin, həm iqtidarın fikirləri yer almalıdır. Azərbaycan ekranlarında əgər müxalifətin fikirləri getmirsə deməli Azərbaycan ekranları azad deyil.
- Sizcə bu məhdudiyyətlər kimlərsə tərəfindən qoyulur, yoxsa sadəcə kanal özündə o məsuliyyəti hiss eləyir?
-Mən son 5 ildə Azərbaycan televiziyalarını ciddi izləmədiyim üçün deyə bilmərəm. Amma ANS-də bu məhdudiyyətlər yox idi. Başımıza gələnlərdə bəlkə bu məhdudiyyətlərə əməl etməməyimizin ucatından oldu. Yadıma gəlir ki, Xəzər dənizində estakadaların birində bir hadisə baş vermişdi. Səhv etmirəmsə 39 neftçi dənizə düşmüşdü və onlardan çoxu həlak oldu. Belə bir xəbər gəldi. O xəbərin efirə verilmə vaxtı idi. Vahid Mustafayev məni xəbərlərə rəhbər qoymuşdu. Həm də aparıcı idim. Amma mənə həmişə demişdi ki, tərəflər olmaq şərti ilə xəbəri mütləq efirə verməlisən. Mən o xəbərləri yayıma vermək istəyəndə Prezident Aparatından zəng gəldi. Əli Həsənovun şöbəsində çalışan Vüqar Əliyev zəng eləmişdi. Bizdə də Murad müəllim var idi. İndi İctimai televiziyada çalışır. Murad müəllim mənə yaxınlaşdı ki, o xəbəri verə bilməzsən efirə. Mən dedim necə yəni efirə verə bilmərəm? Mən bu xəbəri efirə verəcəm. Orda bizim bir konfiliktimiz də yarandı. Nəticə etibarı ilə mənə Vahid Mustafayev bu ixtiyarı vermişdi ki, informasiya verilməsində azadsan. Xəbəri efirə hazırladım. ANS də 5 dəqiqəlik gecikmə ilə yayıma çıxırdı. Materialı 5 dəqiqə öncə hazırladım. Amma mən efirdən çıxanda gördüm ki, o xəbər efirdən çıxarılıb yəni mən xəbər aparıcısı olaraq yayımda o xəbəri oxudum amma digər yayım otağından mənim oxuduğum o hissə çıxarılmışdı.
Deməyim odur ki, jurnalist olaraq mən öz məsuliyyətimi yerinə yetirdim.Hər halda onu çıxaran adamın da öz məsuliyyəti var idi. O da öz məsuliyyətini yerinə yetirdi. Bu insanların içindədir, mən bu xəbəri verim və ya verməyim. Təəssüf ki, Azərbaycanda belə insanlar, jurnalistlər var. Bir informasiyanın dalınca gedəndə düşünürlər. Mən informasiyanı versəm görəsən bunun kimlərəsə neqativ təsiri olarmı? Mənə buna görə söz gələrmi? Amma jurnalist bunu düşünməməlidir. Jurnalist getməlidir və onu maraqlandıran suallara cavab almalıdır.
- Müsahibələrinizin birində demişdiniz ki, ölkədən çıxışınıza hansısa məmur mane olub. İndi ad çəkə bilərsinizmi bunu kim etmişdi?
- Fətullah Gülənin mətbuat konfuransından sonra ANS-in bağlanması qərarı verilmişdi. Təbii ki, ANS-in bağlanması təkcə ona görə deyildi. Həmin gündən bir gün əvvəl ANS- in çıxışlarına nəzər salsaq əslində həmin insanlar Ərdoğanı və onun hakimiyyətini pisləyirdilər. Ərdoğanın hakimiyyətdən getməsini tələb edən çıxışlar da var idi. Amma Fətullah Gülənlə ANS-in bağlanmasının necə o müsahibə ilə, o mətbuat konfransı ilə əlaqələndirdilərsə bunu mən bilirəm ki, bu yalan şeydir. Açıq deyə bilərəm ki, bu bir bəhanə idi. ANS-in fəaliyyətinin dayandırılmasının həmin mətbuat konfransında verilən suallara cavabla heç bir əlaqəsi yox idi.
Jurnalist yoldaşlarım mənə deyirdilər ki, Azərbaycana dönmə, dönsən səni həbs edəcəklər və elə Amerikada qalıb siyasi sığınacaq tələb edə bilərsən. Amerikada qalıb yaşamaq üçün bu bir çoxları üçün fürsət ola bilərdi. Amma mən təbii ki, belə bir fürsətdən yararlanmaq istəmədim. Mənim hər halda özgüvənim var idi və mən bilirdim ki, yanlış bir iş görməmişəm. Jurnalistəm gedib mətbuat konfransında iştirak eləmişəm. Və bu mətbuat konfransında iştirak üçün mərkəzi ofisdən icazə almışam, suallarımı vermişəm. Jurnalistin haqqı sual verməkdir. Hətta mən xatırlayıram ki, Abdulla Öcalan terrorçu kimi tutulanda ondan ilk müsahibəni TRT almışdı və siz youtubda buna rahatlıqla da baxa bilərsiz. Necə olur Abdulla Öcalan kimi terrorçudan müsahibəni TRT alıb yayıma verə bilir. Amma ANS-in Amerika bürosunun müxbiri gedib mətbuat konfransında iştirak edir və buna görə bir kanalın başqa bir ölkəyə görə, fəaliyyəti dayandırılır. Burada bir siyasi maraqlar vardı-yoxdu onu artıq hər kəs məndən də gözəl bilir. Yəni mən açıq demək istəyirəm ki, ANS-in bağlanmasının bizim müsahibə ilə heç bir əlaqəsi yoxdur. O insan istər terrorçu olsun, istər cinayətkar olsun, istər dünyanın ən yaxşı insanı olsun yəni jurnalist sual soruşarkən qarşısındakının terrorçu və yaxud terrorçu olub olmamasının onun marağında deyil. Onun marağında onun verəcəyi suallara cavab almaqdır. O müsahibədən sonra Azərbaycana döndüm.
O dönüşdən sonra mən ağır cinayətlərə dair istintaq idarəsində çox pis bir formada incidildim və orda dindirildim. Eyni zamanda Milli Təhlükəsizlik Nazirliyində dindirildim. Bu dindirmələr jurnalist fəaliyyətimizə görə, davamlı olurdu. Orda mənə dedilər ki, sən burada şahid kimi dindirilirsən. Mən şahid kimi dindirildikdən sonra mənə Türkiyədən dəvət gəlmişdi. Türkiyədən gələn dəvət üzərindən Türkiyəyə uçarkən mənim hava limanında ölkədən çıxışıma stop qoyulduğunu bildim. Bunun çox da daha təfərrüatına getmək istəmirəm. Bu barədə yazmışdım. Mən ANS-in rəhbərləri ilə Mirşahin Ağayev, Vahid Mustafayevlə əlaqə yaratdım. Onlar dedilər ki, biz sənə bu mövzuda heç bir köməklik edə bilmərik. Mən onda prezidentin ictimai əlaqələr şöbəsinin müdiri Əli Həsənova yığdım. Mənə dedi ki, Qənirə səbrli ol. Bir neçə günə bu məsələ həll olunacaq. Bir neçə gün bir neçə ay çəkdi. Amma bu həll olunmadı. Mən dəfələrlə ondan sonra yığdım. Əli Həsənov o zaman səhv etmirəmsə ürək əməliyyatına getdi. Bundan sonra Azərbaycan prezidentinə müraciət etdim və həmin gündən ölkədən çıxmağımla bağlı problem aradan qaldırıldı. Mən Amerikaya getdim.
Gülnar Nazimqızı
Rafiq Şahbazov
Material Medianın İnkişafı agentliyinin layihəsi çərçivəsində hazırlanıb.
Bizi sosial şəbəkələrdə izləyin !