Millət vəkili Q.Paşayeva MM-də xaricdə yaşayan azərbaycanlılar üçün televiziya kanallarında "Azərbaycan dilini öyrənək” verlişlərinin açılması təklifi ilə çıxış edib
AZXEBER.COM xəbər verir ki, millət vəkili bu gün Milli Məclisdə çıxışında ölkə televiziyalarında "Azərbaycan dilini öyrənək” dərslərinin keçirilməsinə ehtiyac var olduğunu deyib və xaricdə yaşayan soydaşlarımızın bununla bağlı xahiş və təkliflərini səsləndirib.
"Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir və mən ilk öncə hər bir soydaşımızı bu önəmli bayram münasibəti ilə təbrik edirəm. Bu bayramının təşəbbüskarı olan ümummilli liderimiz Heydər Əliyev bununla azərbaycanlılar arasında həmrəyliyin güclənməsinin nə qədər önəmli olduğuna bütün soydaşlarımızın diqqəti yönəltmişdi. Azərbaycan dövlətindən xaricdə yaşayan azərbaycanlılari istər İranda,Cənubi Azərbaycanda yaşayan soydaşlarımız, istər İraqda, istər Dağıstanda əksəriyyəti latin əlifbasında oxuya bilmirlər. Ona görə də Azərbaycan mətbuatını, agentliklərini izləyə bilmirlər, Azərbaycanda çap olunan kitabları oxuya bilmirlər və Azərbaycanla bağlı geniş məlumatları oxumaq onlar üçün çətindir. Bundan başqa xarici ölkələrdə yaşayan diasporumuzda isə uzun illər bundan əvvəl xarici ölkələrə üz tutmağa məcbur olan azərbaycanlıların bir çoxunun isə nəvələri, nəticələri latın əlifbası bir tərəfə ümumiyyətlə Azərbaycan dilini ya bilmirlər, ya da çox pis bilirlər.
Yəni bir çoxu öz ana dilini yaxşı bilmir. Hər zaman Azərbaycan dövləti hüdudlarından kənarda yaşayan soydaşlarımızla görüşəndə onlar televiziya kanallarımızda Azərbaycan dili dərsinin vacibliyindən danışır və bu məsələnin reallaşmasını xahiş edirlər. Həmin televiziya dərslərində Azərbaycan dilinin öyrədilməsinə əlifbadan başlanılır və yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə yenidən bir dili, əlifbanı öyrənmək istəyən insanların dili və əlifbanı öyrənə bilməsi üçün böyük imkanlar olur.
Özəlliklə dövlət büdcəsindən maliyyələşən televiziya kanallarımızda və ümumiyyətlə digər kanallarımızda da "Azərbaycan dilini öyrənək" verilişinə böyük ehtiyac var. Soydaşlarımızın Azərbaycanı daha yaxından televiziyalarımız vasitəsi ilə izlədiyini nəzərə alaraq bu layihələrin genişlənməsi Azərbaycan dövləti hüdudlarından kənarda yaşayan soydaşlaırmızın ana dilimizi yaxşı bilməsi üçün çox vacibdir. Ona görə də mən televiziyalarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !