Qərargahı olmayan siyasi partiya fəaliyyət göstərə bilməyəcək

14:55 | 17.12.2013
Qərargahı olmayan siyasi partiya fəaliyyət göstərə bilməyəcək

Qərargahı olmayan siyasi partiya fəaliyyət göstərə bilməyəcək

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında ölkədə siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb edən, əks halda, həmin partiyaların qeydiyyata alınmayacağını, yaxud fəaliyyətini qadağan edən yeni müddəanı da özündə əks etdirən dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, əlavə və dəyişikliklər layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla bağlıdır. Dəyişiklər layihəsinə bir sıra məsələlər daxildir. Edilən bir dəyişikliyə əsasən, Azərbaycandakı siyasi partiyalar hüquqi şəxs statusu almaq istəyərkən dövlət qurumlarına partiyanın rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair sənəd də təqdim etməli olacaq. Qərargahın yerləşdiyi yerə dair sənədin (qurumun hüquqi ünvanını təsdiq edən sənəd) təqdim olunması məcburi olacaq. Dəyişiklik əsasən xarici dövlətlərin qeyri-kommersiya təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatına alınmadan və dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərdiyi halda qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti nəzərdə tutur. Qanunun 9.3 maddəsinə edilən dəyişikliyə əsasən, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4 maddəsinə edilən dəyişikliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə, qurum məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Qanuna edilən digər dəyişikliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanlarına təhvil verilməlidir. Möhür müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməyənədək təsis sənədlərinə edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə müvafiq sənəd təqdim edilməlidir. Qanunun 10. 15.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə də edilib: “Dövlət reyestrindən çıxarışın etibarlılıq müddəti 90 gün təşkil edir”. Qanuna QHT-lərlə də bağlı bir sıra dəyişikliklər edilib. Müzakirələr zamanı çıxış edən deputat Fazil Mustafa siyasi partiyaların baş qərargahı ilə bağlı dəyişikliyə etiraz edib. O qeyd edib ki, bu, siyasi partiyalar üçün problemlər yaradacaq. Deputat Siyavuş Novruzov isə bildirib ki, bu dəyişikliklər sadəcə şəffaflıq tələb edir, heç bir QHT və siyasi partiya təzyiqə məruz qalmır. Layihə müzakirələrdən sonra qəbul olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM