Francois Hollande deyib ki, Rusiyanı qeyri-stabil vəziyyətə salan sanksiyalar dayandırılmalıdır.
Fransa lideri bəyan edib ki,"Qərb Rusiyanı yeni sanksiyalarla hədələməkdənsə, mövcud sanksiyaları yüngülləşdirmək barədə düşünməlidir, hərçənd Ukraynanın şərqində sülh prosesi bərqərar olarsa”...
Beynəlxalq təhlilçilər sanksiyalardan məqsədin Rusiyanın Ukraynanın şərqinə müdaxiləsinə son qoyulması olduğunu bilən Fransa liderinin bəyanatlarının nə demək olduğu üzərində baş sındırırlar.
"Putin istəyir ki, onu sadəcə saysınlar”
Hollande deyib ki, "Vladimir Vladimirovich Putin-i güncə qısmaq mümkün olmayacaq”.
"Mən məqsədlərə, vəziyyəti pisləşdirməklə çatılmasının tərəfdarı deyiləm, - deyib Fransa prezidenti ölkə radiosuna müsahibədə, - Düşünürəm ki, sanksiyalar dayandırılmalıdır”.
O deyib ki, Rusiyanı düzgün başa düşməyiblər.
"Cənab Putin şərqi Ukraynanı ilhaq etmək istəmir. Mən buna əminəm. Özü mənə deyib. O sadəcə olaraq istəyir ki, onu saysınlar. Cənab Putinin istədiyi budur ki, Ukrayna NATO üzvü olmasın. Cənab Putinin niyyəti budur ki, Rusiyanın sərhədində heç bir qoşun olmasın” – deyib Hollande.
Solçu vise-kansler
Maraqlıdır ki, Almaniyada da vise-kansler Sigmar Gabriel Fransa prezidentinin fikirləri ilə səsləşən bəyanatlar verib.
"Məqsəd heç vaxt Rusiyanı siyasi və iqtisadi xaosa itələmək olmayıb” – deyib Gabriel "Bild am Sonntag” qəzetinə müsahibəsində.
Mərkəz-sol təmayüllü siyasətçi Sigmar Gabriel də cənab Hollande kimi deyib ki, sanskiyalardan məqsəd Ukrayna münaqişəsinin çözülməsi üçün Rusiyanı danışıqlara gətirməkdir.
"Lakin Avropa və ABŞ-da bəzi qüvvələr sanksiyaların Rusiyanı iflic etməsini istəyirlər” – deyib Gabriel, - Biz Ukrayna münaqişəsinin çözülməsinə kömək etmək istəyirik, Rusiyanı diz üstə gətirmək yox”.
Almaniya Rusiyaya qarşı Avropa sanksiyalarının ən nüfuzlu təşəbbüsçüsü sayılır və ekspertlərin fikrincə, bu məsələdə Angela Merkelin mövqeyi dəyişməyincə, heç nə dəyişə bilməz.
Merkelin sözçüsü Steffen Seibert Reuters agentliyinə bildirib ki, Almaniya mövcud sanksiyaların qaldırılması üçün "real tərəqqinin nədən ibarət olduğunu aydınlaşdırmalıdır”.
Hollande Astanaya gedir, yoxsa getmir?
Britaniya mətbutaı yazır ki, Avropa İttifaqının başqa guşələrindən də Rusiya üzərindəki sanksiyaların yumşaldılmasına və ya qaldırılmasına çağırışlar edilir.
İtaliya, Macarıstan və Slovakiyada siyasətçilər bu sanksiyaların "boşaldılmasını” istəyirlər.
Qəzetlərin yazdığına görə, hazırkı çağırışlar, mövcud sanksiyaların qaldırılmasından daha çox yeni sanksiyaların qarşısını almaq kimi strateji məqsəd güdür.
Bir sıra Avropa ölkələri Rusiyanın enerji ehtiyatlarından son dərəcə asılı vəziyyətdədir.
Mətbuat diqqəti belə bir məqama çəkir ki, cənab Hollande-ın sanksiyalar barədə son bəyanatları qədər, onun Astana sammitində iştiraka dair verdiyi şərhlər də ziddiyyətlidir.
Fransa radiosuna müsahibəsində cənab Hollande dördtərəfli sammitə qatılacağını təsdiq edib və deyib ki, bu görüş Ukrayna münaqişəsinin müzakirəsinə həsr olunacaq.
Amma Fransa prezidenti Astanaya bir şərtlə gedəcəyini bildirib ki, Ukrayna münaqişəsinin çözümündə real tərəqqi əldə edilsin.
Bu da qeyd olunmalıdır ki, ABŞ və Britaniya Astana sammitində iştirak etməyəcəklər. Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Jen Psaki bildirib ki, Rusiya və separatçılar Minsk öhdəliklərini yerinə yetirməyincə, belə bir görüşə lüzum görünmür.
"İmperator Putin”
"New York Times” qəzetinin müxbiri Andrew E. Kramer diqqəti belə bir məqama çəkir ki, sözü gedən bəyanatlar yanvarın 15-də Qazaxıstanda keçirilməsi planlaşdırılan Fransa-Almaniya-Rusiya-Qazaxıstan sammitinin ərəfəsində səslənib.
Kramer yazır ki, cənab Putinin cənab Hollande-ı necə inandırdığını bilmir, lakin ötən həftəsonu Şərqi Ukraynadakı kazak atamanlarından biri internetə yüklədiyi videoda Putinə "bizim imperatorumuz” deyə müraciət edib.
"Separatçıların əsas təşkilatı olan Luqansk Xalq Respublikası ilə heç bir vaxt bağlılığı olmamış Anstrasit şəhərində Don kazak qruplarından birinin rəhbəri Nikolai Kozitsyn göndərdiyi videoda bildirir ki, "indi biz Rusiya imperiyasının bir parçasıyıq” – yazır Kramer.
"Biz Don respublikası elan etməyəcəyik, - deyib ataman – bu mənasızdır. Bizim ərazimiz artıq Rusiya imperiyasının bir hissəsidir və biz Putini imperatorumuz hesab edirik”.
Kramer eyni məqalədə bunu da yazır ki, Ukraynanın şərqində zorakılıqlar nəinki azalmayıb, əksinə Ukraynanın müharibədən uzaq qərbindəki şəhərlərdə Ukrayna yönlü elementlərə qarşı təxribat və terror aktlarının törədilməsinə başlanıb.
Nazarbayev də söz vermişdi
Francois Hollande ötən ilin sonlarında artıq böyük bir biznes nümayəndə heyəti ilə Qazaxıstanda olub və yeri gəlmişkən oradan qayıdarkən qəfil Moskvada enmək və Putinlə görüşmək qərarına gəlib.
Rusiyanın Ukraynanın ərazi bütövlüyünü tanıması barədə söhbətlər də həmin bu "Vnukovo” aeroportunda baş tutmuş ayaqüstü görüşdən sonra ortaya çıxıb.
Qazaxıstan səfəri zamanı bir qalmaqal da yaranmışdı.
Fransa prezidentinin milli qazax geyimində çəkilmiş fotoları mətbuata sızmışdı.
Bundan sonra Avropada, əsasən də cənab Hollande-ın vətənində bir çox sosial şəbəkə istifadəçiləri prezidentin aktyor Sacha Baronun qəhrəmanı - komik Qazaxıstan jurnalisti Borata oxşadığını yazmışdılar.
Fransa prezidentinin administrasiyası o vaxt əsəbiliklə bildirmişdi ki, Qazaxıstana xarici səfərlərin protokoluna daxil edilmiş "milli geyimdə şəkil çəkdirilməsi” barədə Astana ilə əvvəlcədən əldə olunmuş razılaşmaya baxmayaraq, şəkillər hər halda mediaya sızıb.
Prezident administrasiyası bildirirdi, Qazaxıstan lideri fotoların internetə çıxmayacağını vəd edibmiş. Amma göründüyü kimi sonradan çıxıb... Həm də Nazarbayevin İnstagram səhifəsində.
Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !