Məktəbli Yusra Hussien, əkiz bacılar Salma və Zahra Halane və tələbə Aqsa Mahmudun yoxa çıxması barədə son xəbərlər Britaniyada müsəlman qadınların radikallaşması ilə bağlı narahatlıqlara zəmin yaradıb.
Ehtimala görə, Türkiyə üzərindən Suriyaya yollanan 50-60 minədək Britaniya qadını İslam Dövlətinə üzv olublar. Cihadçı qrupun sıralarında ABŞ, Fransa, Hollandiya, Kanada, Norveç və İsveçrə nümayəndələri var.
Bəs görəsən qərbli qadınları İD üzvlüyünə sövq edən nədir?
Yoxa çıxan məktəbli Yusra Hussien-in Suriyaya gedib-getmədiyi tam aydın deyil. Hərçənd ki, polis belə bir ehtimalın yüksək olduğuna inanır.
Yerdə qalanların əhvalatlarına dair məlumatları Twitter, tumblr, LinkedIn, və ask.fm. kimi sosial şəbəkələrdə tapmaq olar.
Belə görünür ki, sosial media qadınların Suriyaya getməsində əhəmiyyətli rol oynayır.
İnternetdə onlara məsləhət, dəstək və səyahətlərilə bağlı kömək təklif edilir. Eyni zamanda internet saytlar İD üçün təbliğat vasitəsidir və İslam qaydalarına uyğun həyat və cihadın ideallaşdırılmış təsvirini sərgiləyir.
Suriyaya gedən Universitet tələbəsi Aqsa Mahmud İD döyüşçüsü ilə evlənib
İlk mərhələdə Suriyaya İD sıralarında vuruşan ərlərinə qoşulmaq istəyən qadınlar yola düşüb.
Onlardan biri Londonun cənubunda yaşayan 22 yaşlı Khadijah Dare-dir. O, tvitlərin birində qərbli girovu öldürücək ilk cihadçı qadın olmaq istədiyini bildirib. Xanım Dare Suriyaya isveçli İD döyşüçüsü Abu Bakrla nikaha girdikdən sonra yollanıb.
“Cihadçı gəlinlər”
Bəzi hallarda Suriyaya səyahətinin təşkilində qadlnların ailələri mühüm rol oynayır. Ailə iştirakı kənarında isə Suriyaya səyahətdə köməyə onlayn şəbəkələr gəlir.
Son zamanlar qərb mediasında İD döyüşçülərilə nikaha girmək üçün Suriyaya yollanan “cihadçı gəlinlər” barədə çoxsaylı məlumatlar dərc edilib.
Fransada yaşayan ailələr qızlarına elçi düşən suriyalı kişilərdən telefon zəngləri aldığını deyirlər. Belə görünür ki, İD döyüşçülərinin onlayn hesablarına evlilik təklifləri göndərən qadınlar da kişilərdən geri qalmırlar.
Terrorçuluq və təhlükəsizlik məsələləri üzrə “Center for Terrorism and Security Studies” Mərkəzinin əməkdaşı Mia Bloom deyir ki, qadınlara yeni “saf” İslam Dövlətində “uşaq fabriki”ndən artıq rol ayrılmır.
Lakin Suriyaya gedən qadınların istəyi yalnız ər axtarmaqla məhdudlaşmır. “Cihadçı gəlinlər” konsepsiyası əhvalatın yalnız bir hissəsini təşkil edir. Burada başqa amillər də var.
İslam Dövləti qrupu Suriya və İraqda geniş ərazilərə nəzarət edir.
Beləki, qadınların İD-ə üzv olmaq qərarı yeni İslam Dövlətinin yaradılmasında iştirak etmək istəyindən irəli gəlir.
Zorakılıq və evdarlıq
İD liderləri məqsədlərinin müharibə ilə məhdudlaşmadığını deyərək, İslam Dövlətinin qurulmasında həkim, mühəndis və inşaatçıları köməyə səsləyirlər.
Qadınlar arasında bu yeni siyasi layihəyə üzvlük əhəmiyyətli romantik çalarlara malikdir.
Güman edilir ki, bu yeni dövlətdə qadınları cəlb edən müxtəlif rol və səlahiyyətlərdir. Xəbərlərə görə, Raqqa şəhərində britaniyalı qadın yalnız qadınlardan ibarət əxlaq polisi qüvvəsini təsis edib.
İnternetdə, əlində kəsilmiş baş tutan, intiharçı kəmər taxmış və əllərində AK-47 avtomatını daşıyan qadınların görüntülərinə rast gəlmək olar. Lakin onlar eyni zamanda yemək bişirmək, evi səliqəyə salmaq kimi adi məişət işlərilə də məşğul olurlar.
Evdarlıqla zorakılığın belə qarışığı bir çoxlarını təəccübləndirir.
"Boynumda fonendoskop, çiynimdə isə Kalaşnikov. Şəhidlik mənim ən əziz arzumdur”, Malayziyalı qadın Umm al-Baraa yanvar ayında belə bir tvit yazıb.
Belə bir həyat tərzi bəzi müsəlman qadınlarını İslam Dövlətinə sövq edən siyasi amildir.
Sadəlövh romantisizm
Cihadçı qadınlar qərb dövlətlərində müsəlmanlara dəyər verilmədiyini, onların ictimai həyatın kənarında qaldığını deyirlər.
“Mən həmişə şəriət qanunları altında yaşamaq istəmişəm. Avropada bu heç vaxt baş verə bilməzdi” - Suriyadan Khadija adlı sabiq Hollandiya sakini Al-Monitor saytına bildirib.
Qadınlar Qərb ölkələrində İslamın dini tələblərinə əməl etmək məhdudiyyətləri barədə yazırlar və bu ölkələrin siyasi sistemini tənqid edirlər.
Burada misallardan biri olaraq Fransada İslam baş örtüyünə qoyulan qadağa göstərilir.
Mətnlərin çoxunda Qurandan xeyli iqtibaslar gətirilsə də, İslam, Suriyadakı münaqişə və şəriət barədə dərin bilgiyə dəlalət edən əlamətlərin sayı olduqça azdır.
Suriyaya yola düşən qadınların qərarı siyasi və şəxsi səbəblərə söykənir. Lakin bu qərarın qəbulunda sadəlövh romantisizmin də rol oynadığını görmək olar.
Dr Katherine Brown
King's College Universiteti
Dr Katherine Brown Londondakı King's College Universitetinin müdafiə məsələləri üzrə mühazirəçisidir.
O, yeni tədqiqatında radikalaşan müsəlman qadınlarının siyasi fəallığı, onların zorakı siyasət, terrorçuluq və əks-terrorçuluqda rolunu və mediadakı təsvirini araşdırıb.
BBC Azeri