İspaniyalı alimlər qədim avropalıların görünüşlərinin necə olmasına dair çox maraqlı bir tapıntı aşkarlayıblar.
ANN.Az-ın "euronews.com"a istindən verdiyi məlumata görə, genetik testlər nəticəsində mağaranın dərinliyindən tapılan insan qalıqlarının 7000 il yaşı olduğu müəyyənləşib. Bu insanlar həm avropalıların, həm də afrikalıların qarışığından ibarətdirlər, onların tünd rəngli dəriləri, tünd rəngli saçları və mavi gözləri var. Şimal-qərbi İspaniyanın Kantabrian Dağlarındakı mağaranın dərinliklərində aşkarlanan insan qalıqları həddindən artıq çox yaxşı vəziyyətdədir.
"Hazırda Avropada belə bir insan tipi yoxdur. Genom nöqteyi nəzərindən bu adam avropalıdır, ancaq indiki avropalılardan fərqli olaraq, onun tünd dərisi var və o, mavi gözlüdür", - Barselonada yerləşən CSIC (İspaniya Milli Araşdırmalar Konsulluğu) təşkilatının tədqiqatçısı Professor Karlos Lalueza-Fox açıqlamasında bildirib.
İzahlardan biri belədir ki, güman edildiyinin əksinə olaraq, açıq rəngli dəri çox sonralar təkamül edib.
DNT analizləri nəticələrindən biri belədir ki, bu ovçu-yığıcı adamda güman ki, laktoza dözümsüzlüyü olub və o, əkinçi insandan fərqli olaraq, nişastalı yeməkləri həzm etməkdə çətinliklər yaşayıb.
"Bu misilsiz tapıntının sayəsində biz Avropanın genetik tarixinin əsasını qoya biləcəyik. Böyük ehtimal ki, üzümüzə gələn illərdə biz Paleolit, Neolit, Bürünc, Mis və s. dövrlərə aid genomları əldə edə biləcəyik", - Karlos Lalueza əlavə edib.
Alimlər yaxın gələcəkdə mağarada tapılan digər insan skeletinin DNT-sini çözə biləcəklərinə ümid edirlər.
Mağarada tapılan insan genomunu müasir avropalılarla müqayisə edən ispaniyalı alimlər aşkar ediblər ki, DNT-nin genetik quruluşu Şimali Avropa xalqlarının, əsasən isveçlilərin və finlərin genetik quruluşuna daha yaxındır.
ANN.Az