Müsabiqə üzrə sənədlərin qəbuluna iyulun 16-dan başlanacaq və müraciət üçün son tarix 16 avqustdur.
Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır.
Maksimum qrant məbləğləri Orta Qrant Müsabiqəsi (OQM) üzrə 30 000 manat, Böyük Qrant Müsabiqəsi (BQM) üzrə 50 000 manatdır.
Qrant müsabiqəsində QHT-lər yalnız koalisiya şəkildə iştirak edə bilər. Koalisiya minimum "1 yerli QHT + 1 xarici QHT” formatına uyğun gəlməlidir. Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrində qalib olan və öhdəliyi 16 avqust 2024-cü il tarixinə qədər tamamlanmayan QHT-lər koalisiyada əsas icraçı ola bilməz. 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər.
Müsabiqədə üstünlük verilən meyarlar aşağıdakılardır:
• Xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatın inkişaf etməkdə olan dövlətlərdən (İEOÖ-dən), xüsusilə ən az inkişaf etmiş dövlətlərdən, inkişaf etməkdə olan kiçik ada dövlətlərindən olması;
• Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması.
Məzmunu Azərbaycan Konstitusiyası, Azərbaycan qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr, əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr, qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş və eləcə də Agentlik qarşısında debütor borcu olan QHT-lərin layihələri müsabiqəyə buraxılmır.
Əsas icraçı QHT layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında (https://ngoagency.gov.az/az) xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim etməlidir (müvafiq bölmə 2024-cü il 16 iyul-16 avqust tarixlərində Agentliyin saytında aktiv olacaq). Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !