Üçüncü sektor təmsilçiləri QHT-lərə Dövlət Dəstəyi Agentliyindən narazıdır

22:13 | 30.05.2023
Üçüncü sektor təmsilçiləri  QHT-lərə Dövlət Dəstəyi Agentliyindən narazıdır

Üçüncü sektor təmsilçiləri QHT-lərə Dövlət Dəstəyi Agentliyindən narazıdır

Mayın 26-da QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2023-cü il üçün seçilən qrant layihələrinin siyahısını açıqlayıb. Nəticələrin açıqlanmasından sonra QHT rəhbərləri layihələrin ədalətsiz seçilməsi, maliyyə vəsaitlərinin az olması ilə bağlı etirazlarını bildirib. 


Konflikt Jurnalistika Məktəbi layihəsinin rəhbəri Əlisəfa Mehdi yeni formatda təqdim etdiyi layihənin seçilməməsindən narazıdır. 

"Bu layihəyə vəsait ayırmamağa qərar veriblər. Mənə də heç bir izah verməyiblər.  Keçən il layihəni yüksək səviyyədə həyata keçirdik.  Lakin bu dəfə yeni formatda təqdim etdiyim layihə seçilmədi. Dəfələrlə məsul şəxslərlə görüşmək üçün müraciət etdim. Hər dəfə vəd edirlər ki, çağıracağıq gəlib müşahidə şurasının üzvlərindən biri ilə görüşərsən, amma hələ də zəng yoxdur. Sanki onlar üçün belə bir təşkilat yoxdur, dəyər verilmir. Onların ayırdığı vəsait bu layihənin maliyə ehtiyacının 30-35% -ni qarşılaya bilir. Yerdə qalanını Müdafiə Nazırliyi qarşılayırdı. Müdafiə Nazırliyi də bu layihənin reallaşmasında çox maraqlıdır. Yəni onların köçürdüyü pul o qədər əhəmiyyətli deyil, vacib olan layihənin müsabiqədən keçməsidir"- , Əlisəfa Mehdi vurğulayıb.


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov isə maksimum ədalətli yanaşma sərgiləndiyini söyləyib.


"Azərbaycanin ictimai həyatında rolu olan bütün QHT-lər nəzərə alınıb. Sadəcə dövlət büdcəsindən ayrılan vəsaitin kifayət qədər olmaması müəyyən məhdudiyyətlər yaradır. Bizim də planlarımız daha geniş idi. Qalan işləri özümüzün və dostların təmənnasız əməyi hesabına edəcəyik"? -  Sahib Məmmədov bildirib. 


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova layihələrin seçimi prosedurlarının heç birində ədalətsiz yanaşma mexanizmi olmadığını deyib.


"Elan verməklə QHT-lərin layihələrini maliyələşdirmək proseduru var. Bu prosedurda layihələr həm inzibati seleksiyadan, həm də ekspertlərin baxışından keçir, daha sonra isə onlara müşahidə şurası baxır. Bu bir neçə mərhələdən keçən baxış sistemidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi əsas milli donor institutlarından biridir. Demək olar ki, bütün donor institutları bu prosedura uyğun olaraq fəaliyyət göstərir. Seçilən layihələrin içərisində həm yüksək məbləğ alan, həm də aşağı məbləğ alan QHT-lər var. Həmin etirazların məqsədi mən belə başa düşürəm ki, məbləğlə bağlı deyil. Çünki onların bir çoxu bugünə qədər aldıqları ən böyük məbləği alıblar. Layihələrin baxılışı prosedurlarının heç birində ədalətsiz yanaşma mexanizmi yoxdur. Fərdə və şəxsə bağlı mexanizma olmadığına görə  ədalətsiz yanaşmadan söhbət gedə bilməz. Narazı qalan QHT-lərin apelyasiyaya şikayət etmək mexanizmi var. Hüquqi prosedur olaraq  bu mexanizmdən istifadə edərək layihələrinə yenidən baxılıb fərqli qərarlar vermək ehtimalı ola bilər. Bu ehtimalları, hüququ prosedurları nəzərə almadan  bu cür radikal addım atmaq başqa məsələləri gündəmə gətirir. Yüksək maliyə vəsaiti alan QHT-lərin nəyə etiraz etdiyini araşdırmaq lazımdır", -  Günel Səfərova söyləyib.


QHT-lərə Dövlət Dəstəyi Agentliyi yeddi istiqamət üzrə 416 layihəni qalib seçib. Həmin qrant müsabiqəsi çərçivəsində dövlət büdcəsindən 3 milyon 253 min 500 manat vəsait ayrılıb. Büdcədən qrant layihələrinə ayrılan vəsait bununla yekunlaşmır. "Heydər Əliyev ili"nə həsr edilmiş qrant müsabiqəsi çərçivəsində də büdcədən 135 min manat bu istiqamətdə xərclənəcək.
 
Agentlik müsabiqə elanında təqdim olunan layihələrin müddətinin 6 aydan çox nəzərdə tutulmamasının və qrantın bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğin 15 000 (on beş min) manat olduğunu qeyd edib.


Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Agentlik layihə mövzusunun QHT-nin nizamnamə məqsədlərinə uyğunluğu, mövzusunun aktuallığı, ideyasının əsaslandırılması və innovativliyi, məqsəd və vəzifələrinin aydın təsviri, dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı, smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması, maliyyə bölgüsünün məntiqli və inandırıcı olması, QHT-nin və layihə heyətinin  layihə mövzusunda uyğun təcrübəsi olması, layihə üzrə risklərin təhlili və azaldılması, benefisiarların düzgün müəyyən edilməsi, layihə nəticələrinin aydın təsviri, ölçüləbillən olması, onların layihənin məqsədinə uyğunluğu layihənin icrası zamanı müvafiq tərəfdaşlarla əməkdaşlıq meyarlarına diqqət edir.


Xalidə Elşənqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb