Qisas başladı, İran Amerika aviabazasına raket yağdırdı

09:39 | 08.01.2020
Qisas başladı, İran Amerika aviabazasına raket yağdırdı

Qisas başladı, İran Amerika aviabazasına raket yağdırdı

(Material son məlumatlar əsasında yenilənir)

İranın İnqilab Keşikçiləri Korpusu general Qasım Süleymaninin dəfninin ardınca ABŞ-a qarşı vəd olunan qisas əməliyyatına başlayıb. Virtualaz.org xəbər verr ki, İnqilab Keşikçiləri Korpusu bəyanat yayaraq ABŞ-a qarşı "Şəhid Süleymani” kod adı altında əməliyyatın başladığını elan edib.

"Vədlərimizi və qüdrətli Allahın iradəsini yerinə yetirməyin, Amerika işğalçılarının cinayətkar və terrorçu hərəkətlərinə cavab verməyin, "Əl-Qüds” qüvvələrinin komandanının qorxaqcasına qətlinə görə qisas almağın vaxtı çatdı”,-bəyanatda deyilir.



İnqilab Keşikçiləri Korpusu bildirir ki, qisas əməliyyatı çərçivəsində İraqdakı "Əl-Əsəd” Amerika aviabazasına onlarla "yer-yer” raketləri buraxılıb.
"Biz böyük şeytanı, korlanmış Amerika rejimini xəbərdar edirik ki, istənilən sonrakı aqressiya daha ağrılı və sərt reaksiyaya səbəb olacaq”,-bəyanatda xəbərdarlıq edilir.

Xarici KİV-lər xəbər verir ki, İraqda ən azından iki Amerika hərbi bazası İran raketlərinin zərbəsinə tuş gəlib. Raketlər İran ərazisindən buraxılıb. Ərbildəki hərbi aerodrom və "əl-Əsəd” aviabazası vurulub. Ölənlər və yaralananlar haqda hələlik məlumat yoxdur. Bu arada Tehran raket zərbələrinin ikinci dalğasının başladığını bildirir.

İraqın şimalında mənzillənmiş Rudaw kürd xəbər agentliyi İranın raket zərbəs nəticəsində bir neçə ABŞ qırıcısının zədələndiyini xəbər verir. Digər məlumata görə, bir neçə qırıcı ümumiyyətlə məhv edilib. Qeyri-rəsmi məlumatlara görə tələfat var, amma onların sayı məlum deyil.



Ondan çox raketin, o cümlədən ballistik raketlərin istifadə olunduğu hücumu Pentaqon təsdiq edib. Prezident Donald Tramp müdafiə naziri Mark Esperlə və dövlət katibi Maykl Pompeo ilə təcili müşavirə keçirib. Tramp İranın raket hücumuna Tvitter-dən "hər şey yaxşıdır” sözləri ilə reaksiya verib.
ABŞ-ın Mərkəz komandanlığının bildirdiyinə görə, İnqilab Keşikçiləri Korupusu İraqdak Amerika bazalarına 15 raket buraxıb. Raketlərdən onu İraqın qərbindəki "Ayn əl-Əsəd” aviabazasını vurub, daha bir raket Ərbil aeroportuna düşüb. Qalan dörd raket isə hədəfə çatmayıb.

Livanın "Əl-Mayadin" telekanalı isə bildirir ki, "Ayn əl-Əsəd" aviabazasının Amerika ordusu tərəfindən istifadə olunan hissəsində, uçuş-enmə zolağında bir ABŞ qırıcısının məhv edildiyi təsdiqlənib. CNN isə Pentaqona istinadən xəbər verir ki, Amerika aviabazasının personalı İranın raket hücumu barədə əvvəlcədən, "vaxtında" xəbərdar edilib. Pentaqon hələlik itkilər və dəymiş ziyan haqda rəsmi açıqlama verməyib.

KİV-lər az əvvəl xəbər verib ki, İranın İraqdakı "Ayn əl-Əsəd” aviabazasına endirdiyi raket zərbələri nəticəsində İraq ordusunun bir zabiti həlak olub, daha beş hərbçisi yaralanıb. Amerika Hərbi hava Qüvvələri bazanın bir hissəsindən istifadə edir, qalan hissəsində İraq ordusunun qüvvələri yerləşdirilib.
Bu gün səhər saatlarında endirilmiş raket zərbələrinin təfərrüatları gəlməkdə davam edir.



Bakı vaxtı ilə 09.00-a olan xəbərlərə görə Pentaqon rəhbərinin köməkçisi Conatan Hoffman bu gün səhər saatlarında İranın İraqdakı Amerika bazalarına 10-dan çox ballistik raket buraxdığını açıqlayıb. "Tamamilə aydındır ki, raketlər İran ərazisindən buraxılıb. BŞ Hərbi hava Qüvvələrinin və beynəlxalq koalisiyanın personalının yerləşdirildiyi  "Ayn əl-Əsəd” və Ərbil bazaları vurulub”,-o  bildirib.



İlkin məlumatlara görə Amerika hərbçiləri və digər xarici personal arasında itkilər yoxdur. "Fox News” telekanalı bildirir ki, prezident Donald Tramp İranın raket zərbələrinə cavab tədbirlərini nəzərdən keçirir. Ağ evin mətbuat katibi Stefani Qrişam prezidentin müdafiə naziri Mark Esper, vitse-prezident Maykl Pens və dövlət katibi Mayk Pompeo ilə təcili müşavirə keçirdiyini təsdiqləyib. Trampın xalqa əvvəlcədən planlaşdırılmış müraciəti təxirə salınıb.
Senator Mark Rubio bildirib ki, İranın raket zərbələrinə cavab tədbirləri barədə qərar situasiyanın tam dəyərləndirilməsindən sonra qəbul ediləcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti