Qız qalasından özünü atan erməni qızı

16:02 | 27.09.2017
Qız qalasından özünü atan erməni qızı

Qız qalasından özünü atan erməni qızı

Ermənilər Bakının, xüsusilə də Qız qalasının onlara məxsus olduğunu iddia etmək üçün İsa Məsihin həvarilərindən olan Varfolomeydən istifadə etməyə çalışırlar.

İstiPress-in məlumatına görə, Bakı səfəri zamanı erməni deputatlar Armen Aşotyan və Mane Tandilyanın Qız Qalasının qarşısında şəkil çəkdirməsi də, bəlkə də, məhz bu iddia ilə bağlıdır. Erməni deputatlar Azərbaycan paytaxtına gəlməzdən əvvəl İrəvanda mətbuat konfransı keçirərək Bakıda erməni irsinin vəziyyəti ilə maraqlancaqlarını bildirmişdilər.

Məsih İsanın həvrilərindən olan Varfolomey Hindistan səfərindən geri Fələstinə qayıdan zaman Albana şəhərində Ermənistan hökmdarı tərəfindən öldürülür. Bütün dünya bunun Türkiyənin şərqində baş verdiyini bildirsə də ermənilər tarixi Albananın Bakı olduğunu iddia edirlər və Astiaq adlı erməni hökmdarın həvari Varfolomeyi məhz Qız qalasının dibində edam etdirdiyini yazırlar. Təbii ki, bu əhvalata Qız qalasının tikilməsi barədə məşhur əfsanəni də qoşurlar. Belə çıxır ki, sevmədiyi adama getməmək üçün özünü qaladan atan qız da erməni imiş. 

Amma Bakının və Qız qalasının tikilməsi barədə əldə olan və tarix elmi tərəfindən qəbul edilən mənbələr tamamilə fərqli mənzərə ortaya çıxarır: Abşeron yarımadası heç zaman Ermənistanın tərkibində olmayıb; hələ İran şahı Kirin vaxtında, yəni bizim eradan əvvəl 7-ci əsrdə  Bakıda və Aranda köçəri türk tayfaları sak-massgetlər yaşayırmış; bizim eranın 4-cü əsrindən region yerli Xəzər türklərinin nəzarəti altında olub: adı türkcə "bakı”, yəni hündür təpə mənasını verən Bakı şəhəri Xəzər xaqanlığı zamanında salınıb; sonra bölgəyə ərəblər gəlib və Bakının ilk məscidi məhz 7-ci əsrdə tikilmiş cümə məscididir, nisbətən kiçik olan həmin məscid indiyə kimi durur və İçərişəhərdə sünni icmasının nəzarəti altındadır; Qız qalası səlcuq hakimiyyəti dövründə 12-ci əsrdə oğuz türkləri tərəfindən salınıb, mənası Quz, yəni oğuz qalası deməkdir, səlcuqların hakimiyyəti altında olmuş ərazilərdə yüzlərlə quz qalası var və tonqalla xəbər ötürmək üçün istifadə edilirlərmiş, həm də müdafiə  məqsədi daşıyırmış, suvaqsız Çin texnologiyası ilə tikilməsi də qalanın oğuzlar tərəfindən tikilməsinin sübutudur. Ermənilər iddia edirlər ki, Qız qalasının düz yanında erməni kilsəsi varmış, sonradan suyun altında qalıb.  

Ermənilər bu iddiaları 100 -150 il qabaq, İrəvan barədə də səsləndirirdilər. O vaxt hamı bu qənaətdə idi ki, İrəvan və ətrafında bəlkə də 3 min il idi ki, türklər yaşayır.  Herodot köçəri sak-massagetlərin qadın hökmdarı Tomrisin İran şahı Kirin başını məhz indiki İrəvan ərazisində kəsdiyini yazırdı. Bu fikir Abbasqulu ağa Bakıxanov tərəfindən təsdiqlənirdi. Lakin bu, erməniləri qane etmirdi, ona görə də onlar saxta tarix yazmağa başladılar  - 1504-cü ildə azərbaycanlı sərkərdə Rəvanqulu xan Qacar tərəfindən salınmış Rəvanqalanın əslində qədim erməni şəhəri olduğunu iddia etməyə başladılar. Bunun üçün 1870-ci ildə kərpic üzərində erməni əlifbası ilə lövhə yazaraq torpağa basdırdılar. Ermənicə yazılmış lövhədə İrəvanın əsasının 7 min il əvvəl Nuh tərəfindən qoyulduğu iddia edilirdi. Bununla da ermənilər dünyanın ən qədim xalqı elan edilirdi. Həmin lövhə  20-ci əsrin ortalarında "aşkar edildi”. Lakin arxeoloqların sonrakı işləri bunun yalan olduğunu ortaya çıxardı - 1980-ci illərdə Fransada aparılmış ekspertiza kərpic lövhənin 100 il qabaq bişirldiyini ortaya çıxardı. Həmçinin 1950-ci illərdə İrəvan yaxınlığında tapılmış bir Urartu lövhəsi erməni iddialarına birdəfəlik son qoydu. Urartu çarı Argişti Nax-Dağıstan dil aliəsinə aid, yəni ermənicəyə heç bir dəxli olmayan urartu dilində yazırdı ki, mən bu bölgəyə gələndə burada köçərilərdən başqa heç kim yaşamırdı.

Regionun köçəriləri tarixən Azərbaycan türkləri olub, qışı Kür və Araz çaylarının qovuşduğu bölgədə, yayı isə hər iki çayın yuxarı axarında, yəni indiki Ermənistanda və şərqi Türkiyədə keçirən azərbaycanlı tərəkəmələr 19-cu əsrin əvvəllərinə, yəni ermənilər gələnə qədər o bölgənin əsas əhalisi idi. Azərbaycanlı tərəkəmələrin oturaq həyata keçməsi 18-ci əsrin ortalarından başlayıb və bu, 1950-ci illərə qədər davam etdi.

2015-ci ildə Gümrü yaxınlığında arxeoloji qazıntılar aparan erməni alimlər bir mağarada 3-4 min il əvvəl bölgədə türklərin yaşadığını sübut edən artefaklara rast gəldilər. Aydın oldu ki, bölgədə 3 min il əvvəl at əti yeyən və canavarı totem sayan köçərilər  yaşayıb. Ermənilər arxeoloji qazıntıları dərhal dayandırdılar. Bu, Gümrünün  əsasının 3 min il qabaq kimmer türkləri tərəfindən qoyulmasının başqa bir sübutu idi.

1828-ci ildə İrəvanın işğalından sonra başlanan azərbaycanlı deportasiyası regiona böyük erməni köçünün fonunda baş verdi və əhalinin etnik tərkibi dəyişməyə başladı. Buna baxmayaraq, 1920-ci ildə İrəvan şəhərinin əhalisinin 55 faizi azərbaycanlılar idi. 

Şəhəri ələ keçirən ermənilər Azərbaycan mədəniyyətinin bir çox nümunələrini mənimsədilər, bu, o qədər güclü oldu ki, ermənilər Azərbaycan mədəniyyətinə məxsus  və adı açıq-aydın türkcə olan lavaşı, dolmanı, balabanı, tütəyi özlərininki saydılar. Erməni musiqiçilər hətta ermənicəni kobud sayaraq, Azərbaycan dilində mahnılar yazmağa başladılar. Bu səbəbdəndir ki, erməni aşıq Sayat Novanın şeirlərinin 70 faizi azərbaycancadır. Ermənilər hətta türk çadırı əsasında tikilən və yakut daxmalarına çox bənzəyən gümbəzli Azərbaycan qara damlarının adını tərcümə edərək  "sev dun” adı ilə erməni memarlıq abidəsi kimi təqdim edirlər.            

Xanlıqlar dövründə İrəvan 8 məscidli bir müsəlman şəhəri idi, şəhərdə nə erməni, nə də erməni kilsəsi vardı. İndi İrəvanda bir dənə Şah Abbas məscidi qalıb, 7 məscidi isə söküblər. Əslində, azərbaycanlı deputatlar İrəvana səfər edərək ermənilərdən həmin irsin hara getdiyini soruşmalıydılar. Biz bunu beynəlxalq səviyyədə etməliyik və bu şəhərin 100 il qabaq azərbaycanlılara məxsus olduğunu hər kəsə çatdırmalıyıq. Əks halda, erməni iddialarını dayandırmaq çətin olacaq.  

Çingiz Rüstəmov
 İstiPress




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM