Qırmızı Xaç Komitəsinin rəsmisindən girov AÇIQLAMASI

09:50 | 11.11.2014
Qırmızı Xaç Komitəsinin rəsmisindən girov AÇIQLAMASI

Qırmızı Xaç Komitəsinin rəsmisindən girov AÇIQLAMASI

Kəlbəcərdə girov götürülmüş, hazırda Xankəndində qondarma ittihamlarla mühakimə edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qondarma “məhkəmə prosesi” davam etdirilir. İndiyə qədər bir çox beynəlxalq təşkilatlara girovların qanunsuz mühakimə edilməsi, beş aya yaxındır cinayətkar rejim tərəfindən işgəncələrə məruz qoyulması barədə müraciətlər olsa da, hələlik heç bir nəticəsi yoxdur. Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) sayca 6-cı dəfə azərbaycanlı girovlara baş çəkib. Qurumdan verilən məlumata görə, BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb və onlardan da ailələri üçün məlumat alınıb. Ailələrə çatdırılan məlumatlar şəxsi olduğundan onlar barədə ictimaiyyətə açıqlama verilməyib. Komitə rəsmisi qeyd edib ki, Qızıl Xaç Komitəsi öz mandatına uyğun olaraq saxlanılan şəxslərlə görüşləri davam etdirəcək. Bizi narahat edən digər məsələlərlə bağlı suallara cavab almaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovaya müraciət etdik.- İlahə xanım, Xankəndində separatçı rejim tərəfindən “məhkəmə” önünə çıxarılan iki azərbaycanlı girov Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı nə deyə bilərsiniz? Onlarla bağlı qurulan saxta prosesdə iştirak edib onlara mənəvi dayaq olmaq üçün təşəbbüslər də səslənib. Bu barədə komitənin mövqeyi necədir? - Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) həmin məhkəmə prosesi barədə şərh vermir və o prosesdə iştirak etmir. Amma komitə eyni zamanda müzakirələri izləyir. Azərbaycan parlamentindəki müzakirələri də həmçinin. - Girovlara işgəncə verildiyi, normal qidalana bilmədikləri barədə məlumatlar və zahiri əlamətləri də işgəncələrin, ciddi psixoloji təhdidlərin olduğuna şübhə yeri qoymur. Siz bu barədə nə deyə biləsiniz? - BQXK saxlanılan şəxslərə baş çəkir. Başçəkmə zamanı məqsəd saxlanma şəraitinin monitorinqidir və onlarla ailələrinin əlaqəsini təmin etməkdir. Qızıl Xaç Komitəsi başçəkmə zamanı gördüklərini ictimaiyyətə açıqlamır. Amma orasını da deyim ki, komitə üzvləri saxlanılan şəxslərlə təkbətək görüşür və gördüklərini lazımi orqanlarla müzakirə edir. - Kəlbəcər sakinlərinin yaxın günlərdə sərbəst buraxılması nə dərəcədə realdır? - Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatına görə komitə saxlanılan şəxsi saxlayan tərəf razılıq verdikdə, digər tərəf qəbul etməyə razılaşdıqda neytral vasitəçi olaraq bu əməliyyatda iştirak edir. - Girovlar Azərbaycan ərazisində, BMT tərəfindən tanınmış sərhədlərimiz daxilində, separatçı rejim tərəfindən mühakimə olunur. Bu mənada Qırmızı Xaç Komitəsinin Ermənistan yox, Azərbaycan nümayəndəliyi bu “məhkəmə” prosesində iştirak edə bilməzmi? - Ümumiyyətlə, söhbət Ermənistan nümayəndəliyindən yox, Beynəlxalq Qızıl Xaç Komitəsinin Dağlıq Qarabağ ofisindən gedir. Komitənin Azərbaycan və Ermənistanda nümayəndəsi var, ancaq Dağlıq Qarabağda ofisi fəaliyyət göstərir. - Həmin ofis tanınmayan separatçı bir qurumda hansı şərtlər altında, hansı əsaslarla fəaliyyət göstərir? - Beynəlxalq Qızıl Xaç Komitəsinin hansısa bir ərazidə fəaliyyəti həmin ərazinin statusuna təsir eləmir. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan və Ermənistanda nümayəndəlikdir, Dağlıq Qarabağda isə missiyadır, ofisdir. Bu, artıq fərqi göstərir.(musavat.com)
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM