Müsavat Partiyasının son qurultayında başqanlığa namizəd olan Qubad İbadoğlu Facebook profilində seçkisonrası proseslərə mövqeyini paylaşıb.Qaynar.info-nun verdiyi xəbərə görə, Q.İbadoğlu narazılığını gizlətməsə də, tərəfdarlarını da təmkinli olmağa səsləyib. Həmin statusu olduğu kimi təqdim edirik:“Əziz müsavatçılar, dəyərli dostlar! Son günlər sizlər arasında gedən müzakirələri izləyir və bölüşdüyünüz mövqelərə, səsləndirdiyiniz fikirlərə və eyni zamanda bir-birinizə qarşı olan münasibətlərin şiddətinə görə narahatlıq keçirirəm. Əgər Müsavatın güclənməsini və inkişafını istəyirsinizsə, müzakirələrin yönünü dəyişin, onu elə aparın ki, ondan partiyanın gələcəyinə töhfələr olsun. Siz nədən bu müzakirələrinizi Məclis üzvlüyünə seçkilərin nəticələri üzərində qurub növbəti seçki üçün layiqli namizədlərinizi müəyyənləşdirmirsiniz. Məclis Müsavatın vitrinidir, ora ağlı, zəkası və intellekti olanların meydanıdır. Amma son seçkilər göstərdi ki, sizlər Azərbaycanda konfliktlərin həlli, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert olan ABŞ-ın Duke Universitetinin məzunu Elxan Mehdiyevin, tanınmış iqtisadçı, vergi mütəxəssisi, keçmiş vergi naziri İsa Bağırovun, pedaqogika üzrə fəlsəfə elmlər doktoru, Azad Müəllimlər Birliyinin sərdi Məlahət Mürşüdlünün, tanınmış jurnalist “Yeni Müsavat” qəzetinin yazarı, Elşad Paşasoyun, insan haqları müdafiəçisi Sədaqət Paşayevanın, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsini almış Müsavat Gənclər təşkilatının sədri Əhliman Abbasın, başqanlığa namizəd Tural Abbaslının və digər fədakar gənclərin və ziyalı müsavatçıların Məclisə seçilməsinə nail ola bilmədiniz.Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır. Bu sizi düşündürürmü? Düşünürsünüzmü partiyanın iqtisadiyyat, təhsil, tibb, təhlükəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək? Məclis üzvlərinin orta yaşına nəzər salmısınızmı? Hazırkı tərkibdə cəmiyyətə təqdim olunacaq yeni simalar gördünüzmü? Məsləhətim odur ki, bir-birinizi aşağılayan yazılara son qoyasınız, Məclis barədə təhlillər aparasınız, layiqli namizədləri təqdim edəsiniz və onlara yol açasınız”.ANN.Az