"Televiziya və radio yayımı haqqında” qanuna edilən dəyişikliklərə əsasən, teleradio yayımçılarına xüsusi lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və lisenziyanın qüvvəsinə xitam verilməsi sahəsində səlahiyyətlər məhkəmələrdən alınaraq Milli Televiziya və Radio Şurasına (MTRŞ) verilib və bu səlahiyyətlərin tətbiq ediləcəyi halların əhatə dairəsi genişləndirilib.
Yəni bundan sonra teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı MTRŞ-in qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılacaq.
Bu son dəyişikliklərdən sonra MTRŞ birbaşa olaraq telekanalların yaradıcılıq siyasətinə qarışa, onlara müdaxilə edə bilər. Buna baxmayaraq, hələ də verilişlərin proqramında ciddi problemlər var. Niyə MTRŞ bu problemlərlə maraqlanmır? Televiziyada yaranan nöqsanların əsas səbəbləri nədən ibarətdir? Bu nöqsanların aradan qaldırılması üçün hansı işlər görülür? Teleradio yayımlarının bir müddətlik fəaliyyətinin dayandırılması verilişlərin peşəkarlıq dərəcəsinə necə kömək edəcək?
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, teleekspert Qulu Məhərrəmli ANN.Az –a açıqlamasında bu səlahiyyətlərin artırılmasının ancaq MTRŞ-nın səlahiyyət hüququnun genişləndirilməsinə xidmət etdiyini deyib: "Ümumiyyətlə, MTRŞ-nın televiziyalarda yayım siyasətinə qarışması yol verilməzdi. Çünki televiziya şirkəti yayım siyasətini özü müəyyənləşdirir və bunun əsasında yayım siyasətini qurur. Amma MTRŞ-nın hər bir müdaxiləsi, yayım siyasətinin sarsılmasına səbəb ola bilər. Bu vəziyyətdə heç bir televiziya üçün arzuolunan hal deyil”.
Televiziyalardakı nöqsanlardan danışan Qulu Məhərrəmli Azərbaycan telekanallarında proqramların zəif olmasını əsas səbəblərdən biri kimi dəyərləndirib: "Tamaşaçı auditoriyasının narazılığına səbəb olan verilişlərin verilməsinin iki əsas səbəbi var: televiziyalar müəyyən dərəcədə azad deyillər. Yəni proqram seçimində azad deyillər, bir çox hallarda bəzi mövzuları müstəqil şəkildə işıqlandıra bilmirlər, bir sözlə ciddi şəkildə mövzu qadağaları var. Ona görə də telekanallar məcburdular ki, əsasən ikinci, üçüncü dərəcəli mövzulara müraciət etsinlər. Televiziya mediası KİV-in elə bir növüdür ki, ora müdaxilələr həmişə çox olub. Bundan başqa növbəti problem peşəkarlığın aşağı səviyyədə olması ilə bağlıdır. Demək olar ki, son 10-15 il ərzində televiziyalarda peşəkarlıq dərəcəsi çox aşağı düşüb. Verilişləri çəkən peşəkar operatorların, rejissorların, aparıcıların sayı xeyli dərəcədə azalıb”.
MTRŞ-ə telekanalların fəaliyyətini 1 aylıq dayandırmaq səlahiyyətlərinin verilməsi məsələsinə gəlincə, Qulu Məhərrəmli vurğulayıb ki, hər hansı qanun pozuntusuna yol verən teleradio yayımının fəaliyyəti birdəfəlik dayandırılmayacaq: "Şura sadəcə bir müddətlik fəaliyyətlərini dayandıra bilər. Televiziya və radio yayımlarının birdəfəlik fəaliyyətini dayandırmaq hüququ müstəsna olaraq məhkəmələrə məxsusdur”.
Azərbaycan prezidenti İlham Əliyev "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 24 fevral tarixli qanunun tətbiqi haqqında sərəncam verib.
"Televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər teleradio yayımçılarına xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi ilə bağlıdır.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !