Əvvəllər Azərbaycanın dövlət televiziya kanalında eşitmə qüsuru olan şəxslər üçün xəbərlər və digər verilişlər verilirdi. Dövlət həmin şəxsləri nəzərə alırdı, onları televiziyadan ayırmamaq üçün telekanalda belə layihələr var idi. Ancaq sonradan eşitmə qüsuru olanlar üçün belə layihələr televiziya ekranlarından yoxa çıxdı. Əksər xarici telekanallarda eşitmə qüsurlu şəxslərin hüquqları nəzərə alınır, heç olmasa xəbərlər proqramı verilərkən ekranın aşağı küncündə eşitmə qüsurlu şəxslər üçün balaca pəncərədə xəbərlər təqdim olunur. Bəs bizdə niyə bu tendensiya yoxa çıxdı? Hazırda demək olar ki, Azərbaycan televiziya məkanında eşitmə qüsurlu insanlar nəzərə alınmır. Buna səbəb nədir? Niyə belə bir gözəl ənənə artıq bizim efir məkanımızda mövcud deyil? Bu suallarla televiziya mütəxəssisi Qulu Məhərrəmliyə üz tutduq. Fürsətdən istifadə edib Qulu Məhərrəmliyə Musiqi kanalının açılmasıyla bağlı da sual verdik. Bildiyiniz kimi, Azərbaycanda bu yaxınlarda yeni musiqi kanalı açılır. Mədəniyyət kanalı olduğu təqdirdə, musiqi kanalının olması nə qədər vacibdir, bunun cəmiyyətə nə kimi faydası olacaq?
Qulu bəy ilk olaraq eşitmə qüsurlu insanlar üçün verilişlərin yoxa çıxmasına münasibət bildirdi: "Doğrudur son dövrlərə qədər dövlət televiziya kanalında bu layihə var idi: çox təəssüf ki, hazırda heç bir kanalda bu yoxdur. Heç bir əsası olmadan bu layihə telekanallardan yığışdırıldı. Bu sosial layihədir və Azərbaycan Televiziyası, İctimai televiziya bu layihəni yenidən həyata keçirmək üçün addımlar atacaq. Ən azından gündəlik xəbər buraxılışlarının biri eşitmə qüsuru olan insanlar üçün təşkil edilməlidir. Bu layihənin telekanallardan yığışdırılması çox mənfi haldır. Çünki bu layihə, bu praktika bütün dünyada istifadə olunur. Bu layihəni həyata keçirməklə həm də bütün qüsurlu xəstələri televiziyadan uzaqlaşdırmırıq və teleauditoriyanı da genişləndirmiş oluruq".
Azərbaycanda yeni telekanal yəni musiqi telekanalının yaradılmasına münasibət bildirən Qulu Məhərrəmli bildirdi ki yeni kanal olan "Azerbaijan Music Channel” kanalının yaradılmasına ehtiyac yox idi: "Düzdü, dünyanın bir çox ölkələrində ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyədə musiqi kanalları var. Amma bizdə bu kanalın yaradılmasına ehtiyac yoxdur. Çünki telekanallar günün çox vaxtı kifayət qədər musiqili proqramları nümayiş etdirirlər. Musiqi üçün də xüsusi bir kanalın yaradılması lazımsızdır. Düzdür, bu kanalın yaradılmasının teleauditoriya üçün heç bir ziyanı yoxdu, bununla yanaşı, ziyanı olmadığı kimi cəmiyyət üçün heç bir faydası olmayacaq".
Orxan Aslanlı
ANN.Az