Bu barədə qərar Türkiyənin Gaziantep 13-cü İcra Dairəsi tərəfindən verilib
Türkiyədə fəaliyyət göstərən Azərbaycan şirkəti “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin bank hesablarına həbs qoyulub.
ANS PRESS-in məlumatına görə, bu barədə qərar Türkiyənin Gaziantep 13-cü İcra Dairəsi tərəfindən verilib. Qərara əsasən, "Akkord" şirkətinin "Öz Volkan Neft Məhsulları Nəqliyyat və İnşaat Şirkəti"nə 7 milyon 237 min 16 TL (2 mln. 621 min AZN) borcu olduğu üçün Türkiyədəki bank hesablarına həbs qoyulub.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC adlı firma Türkiyə Kömür İşlətmələri (TKİ) ilə əməkdaşlıq edib. "Akkord" TKİ-dən aldığı mədən yatağının qazıntı çalışması işini "Ada Metal Mədənçilik" şirkətinə həvalə edib. "Ada Metal Mədənçilik" isə gördüyü işlərin qarşılığında "Akkord"dan lazımı vəsaiti ala bilməyib və nəticədə öz borclarını ödəyə bilməyib.
"Öz Volkan Neft Məhsulları Nəqliyyat və Tikinti Şirkəti" bundan sonra Gaziantep 13-cü İcra Dairəsinə müraciət edib. Şikayəti qiymətləndirən İcra Dairəsi həm "Akkord", həm də "Ada Metal Mədənçiliyin" bank hesablarına həbs qoyulmasına qərar verib. Bənzər formada Gaziantep və Malatyada da bəzi firmaların sözügedən şirkətlərdən alacağı olduğu bildirilir. 40 gündən bu yana davam edən vəziyyət səbəbiylə firmalar mədənçilik işlərini apara bilmir.
ANN.Az