Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib.
ANN.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klubların Lisenziyalaşdırılması üzrə qaydaları"nın 8-ci maddəsinə (Buraxılış 2013) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, "Bakı" FK, “Rəvan” FK, “Simurq” PİK, “Sumqayıt” FK.
2. Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
"Ağsu" FK, “Kəpəz” PFK, "Qaradağ Lökbatan" FK, “Neftçala” FK, “Şuşa” FK, “Turan-T” İK.
3. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
Qeyd: “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n 14-cü maddəsinə müvafiq olaraq, 2014/2015-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.
ANN.Az