"Arşın mal alan" tamaşası Marionet səhnəsində

10:57 | 28.11.2013
"Arşın mal alan" tamaşası Marionet səhnəsində

"Arşın mal alan" tamaşası Marionet səhnəsində

Noyabrın 27-də "Arşın mal alan" operettası Kiçik Karvansarada "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet teatrının quruluşunda tamaşaya qoyulub.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, tamaşa iki gün - 27 və 28 noyabr tarixlərində nümayiş olunacaqdır.

100 yaşlı "Arşın mal alan" komediyasının qəhrəmanlarını bu dəfə marionet kuklalar canlandırıblar.

"Arşın mal alan " operettası tamaşanın rejissoru, Marionet teatrının yaradıcısı Tərlan Qorçunun bədii rəhbərliyi ilə teatrın əsas aktyor heyətinin (A.Mustafayev, E.Mirzəyev, E.Abbaslı, Ş.Buksayev, R.Həsənov) ifasında təqdim edilib.

Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarmızın 1989-cu ildə lentə alınmış bənzərsiz ifası ilə səsləndirilib: "Arşın mal alan"ın marionet qəhrəmanları Xuraman Qasımova, İlqar Muradov, Səyavuş Aslan, Zərnigar Atakişiyeva, Ramiz Məlikov, Məlahət Abbasova, Nuriyyə Əhmədova, Yasin Qarayev kimi sənətkarların səsiylə oxuyub-danışırlar.

Marionet Teatrı 2011-ci ildən başlayaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Tarixi və mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlər həyata keçirilir.

Artıq teatrın yerləşdirilməsi üçün İçəri Şəhərdə bina ayrılıb, onun bərpasına və teatr fəaliyyətinə uyğunlaşdırılmasına başlanılıb.

Eyni zamanda, teatr Ü.Hacıbəylinin iki yeni "Leyli və Məcnun" və "O olmasın, bu olsun" tamaşalarının yaradılması üzərində çalışır və yaxın gələcəkdə hər iki operetta səhnələşdiriləcək. Bu işdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsas məqsədi xalqda milli dəyərlərə bağlılığı qoruyub saxlamaq, mədəni irsimizi yaşadıb gələcək nəsillərə ötürməkdən ibarətdir.

Qeyd olunmalıdır ki, Marionet teatrının "Arşın mal alan" tamaşası 1989-cu ildə Fransada teatr festivalında nümayiş olunub və sənətsevərlər tərəfindən layiqli qiymətini alıb. Sonralar Almaniya, ABŞ, İsveçrə, Rusiya, Polşa və s. ölkələrdə uğurla nümayiş etdirilərək, Azərbaycanın səhnə, musiqi, təsviri sənət və hətta memarlıq mədəniyyətinin dünya səviyyəsində tanınıb sevilməsinə öz töhfəsini verib.

Tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, habelə diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 2013-cü ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının 100 yaşı tamam olur. 2011-ci ildə "Arşın mal alan" operettasının 100 illik yubileyi YUNESKO-nun 2012-2013-cü illər üçün "Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilmişdir. Cari ildən YUNESKO-nun Baş Konfransının qərarı ilə dünya musiqi sənətinin ən populyar nümunələrindən biri olan "Arşın mal alan"ın 100 illik yubileyi beynəlxalq miqyasda qeyd edilməkdədir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM