"ASAN xidmət"in 2014-cü ilin sonunadək ümumilikdə bütün ölkə ərazisini əhatə etməsi gözlənilir. Trend xəbər verir ki, bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisdə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda keçirilmiş "dəyirma masa"da bildirib.Tədbirdə "İnsan hüquqlarının qorunmasında müasir informasiya texnologiyalarının rolu" mövzusunda çıxış edən Əli Hüseynli qeyd edib ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsinin ən bariz nümunəsi və bu istiqamətdə atılan addımlardan biri "ASAN xidmət"in yaradılmasıdır.O bildirib ki, "ASAN xidmət" mərkəzlərində 500 mindən artıq vətəndaşa xidmət göstərilib. Təxminən hər gün orta hesabla bu mərkəzlərdə ümumilikdə minə yaxın insana xidmət göstərilir.Komitə sədrinin fikrincə, bu mərkəzləri Azərbaycanda insan hüquqlarının qorunması və təmin edilməsi sahəsində ən bariz nümunə hesab etmək olar: "Bakı şəhəri artıq tam şəkildə "ASAN xidmət"lə əhatə olunub. Hazırda regionlarda səyyar "ASAN xidmət" göstərilir. 2014-cü ilin sonunadək isə bu xidmətin ümumilikdə bütün ölkənin ərazisini əhatə etməsi gözlənilir. Bu xidmətin fəaliyyətində aşkarlıq və şəffaflıq ən mühüm göstəricidir. "ASAN xidmət" "Gələcəyə baxış: 2020" İnkişaf Konsepsiyasında qarşıya qoyulan məqsədlərə nail olunmasında ən məqbul vasitədir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !