Sumqayıt "ASAN xidmət" mərkəzi daha beş rayonun əhalisinə xidmət göstərəcək
25 mart 2014-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sumqayıt "ASAN xidmət" mərkəzi artıq Şamaxı, Qobustan, Quba, Qusar və Xaçmazın ümumi sayı 550 000-dən çox olan sakinlərinə də xidmət göstərəcək.
Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü ilin may ayından etibarən vətəndaşlara xidmət göstərən və 260 000-dən çox müraciəti qəbul etmiş Sumqayıt "ASAN xidmət" mərkəzi Sumqayıt şəhəri ilə yanaşı Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinə xidmət göstərir.
Xatırladaq ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. Vətəndaşlar mərkəzlərdə dövlət orqanları və özəl qurumlar tərəfindən göstərilən 150-dən çox xidmətdən yararlana bilərlər.
"ASAN xidmət" mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar.
ANN.Az