Antalyada hazırlıqlarını davam etdirən "Beşiktaş"ın baş məşqçisi Slaven Biliç Azərbaycan jurnalistlərinə millimizlə bağlı açıqlama verib.
Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, yığmamızın çalışdırıcısı Berti Foqtsla yaxşı münasibətlərinin olduğunu deyən xorvatiyalı mütəxəssis onunla əvvəldən tanış olduğunu bildirib: "Rusiyada "Lokomotiv"i çalışdırdığım zamanlarda Foqts matçlarımı izləmişdi və komandamı çox bəyəndiyini söyləmişdi".Millimizin gələcəyi ilə bağlı sualları cavablandıran S.Biliçin sözlərinə görə, Azərbaycan yığması yaxşı komanda olsa da, bu, uğurlar əldə etmək üçün yetərli deyil. Onun fikrincə, millimiz daha çox mübarizə aparmalıdır: "Əgər yaxşı komandanız varsa, böyük turnirlərdə iştirak edə bilərsiniz. DÇ-2014-ün qrup mərhələsində Rusiyaya qarşı oyununuzu izlədim. Yaxşı komandanız var, amma uğur əldə etmək üçün başqa şeylər də vacibdir. Rusiya və ya Portuqaliya kimi yığmalarla mübarizə aparmalısınız. İndiki Azərbaycan belə deyil. Pul və istəkdən daha artığı lazımdır. Bunun Berti Foqtsla əlaqəsi yoxdur. Azərbaycan komandasına Mourinyo gəlsə belə, yığmanı böyük turnirlərə çıxara bilməz".ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !