Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) bu ilin aprel ayından ölkədə «Euro-4» ekoloji standartına keçidlə bağlı ölkəyə gətirilən avtomobillərin idxalı prosesinə münasibət bildirib.«APA-Economics»in məlumatına görə, Komitə sədri Aydın Əliyev bildirib ki, bununla bağlı DGK bu sahəyə nəzarəti gücləndirəcək.Onun sözlərinə görə, Azərbaycanın gömrük orqanları dövlət büdcəsi qarşısında öhdəliklərini əsasən idxal vergi və rüsumları hesabına icra edir: «Lakin eyni zamanda, ölkədəki ekoloji vəziyyət də nəzərə alınmalıdır. Düşünürəm ki, bu qərar ölkədəki nəqliyyat sektorunun vəziyyəti və tıxaclarla bağlı vaxtında və düzgün atılmış bir addımdır».A.Əliyev deyib ki, Azərbaycan indi «Euro-4» ekoloji standartına keçir: «Avropa ölkələri isə «Euro-5» ekoloji standartı ilə fəaliyyət göstərir. Onlar hətta «Euro-6» barədə düşünürlər. «Euro-4» standartının qəbul edilməsi bu gün Azərbaycan həqiqətlərinə uyğun olan bir qərardır. Artıq gömrük sahəsi də bununla bağlı öz hazırlıq işlərinə başlayıb».Komitə sədri vurğulayıb ki, DGK bununla bağlı idxalçılarla danışıqlar aparır: «Dövlət Gömrük Komitəsi nəzdində Avtonəqliyyat Gömrük İdarəsində gömrük laboratoriyası fəaliyyət göstərir. Bundan sonra daha ciddi nəzarət həyata keçiriləcək. Bütün idxal olunan avtomobillər - burada söhbət işlənilmiş avtomobillərdən gedir - hamısı ciddi nəzarətdən keçəcək. Əvvəl onlar seçmə üsulla ilindən asılı olaraq laboratoriya müayinəsindən keçirilirdisə, bundan sonra bütün işlənilmiş avtomobillər laboratoriya müayinəsindən keçiriləcək. Ola bilsin ki, 1 ilin avtomobili olsun, amma onun saxlama və ya istismar müddəti elə olub ki, heç «Euro-4» ekoloji standartına cavab verməsin. İstənilən halda Dövlət Gömrük Komitəsi bu sahəyə nəzarəti gücləndirəcək».A.Əliyev deyib ki, büdcə proqnozunun yerinə yetirilməsi üçün avtomobil idxalı yeganə sahə deyil: «Büdcə digər sahələr hesabına da formalaşır. Ümid edirik ki, son zamanlar artan idxal və gətirilən mallar hesabına biz büdcə proqnozunu tam yerinə yetirəcəyik». ANN.Az