Son on beş il boyu hər gün Sürix dəmiryol vağzalının üçüncü platformasında əlində buket tutan bir qadın dayanır.Əvvəl-əvvəl elə düşünmüşdüm ki, bu, mənə elə gəlir. Əsərlərimin alman dilinə tərcümələrinin naşiri Eqon Ammanın yanına dönə-dönə getdiyim üçün bu qadın diqqətimi çəkmişdi və az sonra ondakı təəccüblü doğuran cəhəti də sezdim: yetkin yaşdakı bu qadın normal, ləyaqətli və nəcib göründüyü üçün çoxları ona sən deyən diqqət yetirmirdilər. Əynində qara drap parçadan, uzun ətəkli və ingilis dəbiylə tikilən kostyum olurdu, çəkmələri alçaq dabanlıydı, corabları isə qara rəngdə. Dəri çantasından başı görünən çətiri qaz dimdiyini xatırladırdı. Saçlarını boynunun ardında yığmaq üçün üstü sədəfli sancaq taxırdı. Əsasən narıncı rəngdəki çöl çiçəklərindən ibarət ciddi buketi bərk-bərk tutan əllərinə isə əlcək taxmışdı. Kənardan baxan onu əsla başdanxarab və ekssentrik qadın saymazdı. Mənim onunla rastlaşmalarım isə sırf təsadüfi xarakter daşıyırdı.Bir yaz günü Ammanın işçisi Ulla məni vaqonun qapısında qarşılayanda başımla o yad qadını göstərib, dedim:- Bu qadını vaxtaşırı burada gördüyüm üçün ona maraq duymağa başladım. Əcəb təsadüfdür! Mənə elə gəlir ki, bu xanım eyni qatarla və eyni saatda buradan keçəcək oxşarımın yolunu böyük intizarla gözləyir.Ulla etiraz elədi:- Heç də yox! Bu qadın hər gün eyni yerdə durub, kimi isə gözləyir.- Ancaq kimi?- Hələlik gəlmək bilməyən birini… Elə buna görə də hər axşam evinə yalqız dönsə də, səhəri gün təkrar burada peyda olur.- Ola bilməz? Bu macəra çoxdan başlanıb ki?- Şəxsən mən onu son beş ildir orada görürəm. Vağzal rəisiylə söhbət zamanı o, mənə bildirdi ki, ilk dəfə qadını burada düz on beş il qabaq görüb.- Ağlasığmazdır, vallah! Ulla, deyəsən məni dolayırsan ha!Xəfif həyəcanlanan kimi rəngi çuğundurunkuna dönən Ulla bu dəfə də pörtdü. Nə isə mızıldandı, utancaq halda gülümsədi və başını yırğaladı:- And içməyə hazıram ki, bu, bir həqiqətdir və hər gün təkrarlanır. Həm də on beş il sərasər. Bəlkə də bu macəranın yaşı daha çoxdur, çünki onun burada bu cür dayandığına çoxumuz məhəl qoymuruq… Hətta onu ilk dəfə görən də bunu o dəqiqə sezməyibdir… Məsələn, elə sən özün Sürixə son üç il boyu gedib-gəlsən də, yalnız bu gün o qadından söz saldın. Bəlkə də qadın iyirmi, otuz ildir ki, beləcə yol gözləyir… Kimi gözlədiyini dəfələrlə xəbər alsalar da, nədənsə susmağı üstün tutur.Öz qənaətimi açıqladım:- Qadın haqlıdır. Axı, bu suala kim dəqiq cavab verə bilər ki?!Söhbətə ara verməli olduq, çünki mətbuat təmsilçiləriylə görüşümüz var idi.Bir sonrakı səfərə qədər mən o buketli qadın barədə heç düşünmədim. Elə ki dinamiklərdən «Sürix» adını elan elədilər, onu xatırladım və öz-özümdən soruşdum: «Yəni bu dəfə də o»… Bəli, qadın yenə də həmişəki kimi, üçüncü platformadakı yerini tutmuşdu… Onu diqqətlə süzdüm. Az qala civə rəngindəki gözlərindən ümid işığı yağırdı. Ləkəsiz və solğun dərisində zamanın buraxdığı sərt cizgilər nəzərə çarpırdı. Bir vaxtlar həyat eşqiylə aşıb-daşdığı sezilən əndamı indi zəif və qurumuş görünsə də, enerji saçırdı. Vağzal rəisi ona bir-iki kəlmə nə isə dedi, qadın başını tərpədib, nəzakətlə gülümsədi və təkrar dalğın gözlərini uzaq yollara zillədi. Qəribə bir məqam da diqqətimdən yayınmadı: qadın özüylə kətan parçadan, qatlanan kreslo da gətirmişdi. Ola bilsin, bununla o, özünün praktik insan olduğunu göstərirdi. Tramvayla Ammanın nəşriyyatına yollandım. İçəri girən kimi qadınla bağlı ciddi araşdırmalara girişdim:- Ulla, sən canın, o buketli qadın barədə mənə ətraflı bilgilər topla da.Qadının yanaqları yenə allandı:- Onun barəsində məndən daha nələrsə soruşacağını bildiyim üçün bəzi bilgilər öyrənmişəm. Bu məqsədlə vağzal işçiləriylə münasibət qurmuşam və indi saxlama kamerasının bir işçisiylə əməlli-başlı dostlaşmışıq.Ullanın insanlara rəğbət hissi aşıladığına inandığım üçün onun öz yeni tanışından ətraflı bilgilər aldığından arxayın idim. Əgər qarşı tərəf onu hökmlü və dəlici baxışlarla süzürsə, adətən Ulla şən zarafatı və əhval-ruhiyyəsi ilə bu sərtliyi çilik-çilik eləyir. Hamı ilə eyni şəkildə rahat dil tapmasının səbəbi isə xoş niyyətini büruzə verməsi və ucdantutma hər şeyə dərin marağıdır.- O buketli qadının günlərlə vağzalda vaxt öldürməsinə baxmayın, o heç də avaragor birisi deyildir. Bulvardakı gözəgəlimli evində təkbaşına yaşayır və əlli yaşlarında bir türk qadın onun ev işlərini görür. Ev sahibəsinə hamı «xanım Şteynmets» deyə müraciət edir.- Xanım Şteynmets! Belə çıxır ki, o türk qadından biz sahibəsinin vağzalda kimin yolunu gözlədiyini öyrənə bilərik?- O türk qadın heç kimi yaxın buraxmır, hamıdan qaçır. Qonşu küçədə yaşayan tanışım mənə belə bir məqamı açıqladı: qulluqçu qadın nə almanca bilir, nə fransızca, nə də italyanca.- Bəs onda sahibəsiylə necə dil tapır?- Rusca.- Türk qadın rusca bilir ki?- Hə. Xanım Şteynmets də.- Bax, bu - maraqlı məqamdır, Ulla. Bəs xanım Şteynmetsin ailə vəziyyəti barədə nə isə öyrənə bilmisən?- Çalışmışam. Ancaq bir şey çıxmayıb.- Əri və ya uşaqları varmı? Bəs qohum-əqrəbası necə?- Heç nə bəlli deyil. Daha doğrusu, onun ümumiyyətlə ərinin və ya uşaqlarının olub-olmadığını deyə bilmərəm, çünki bu barədə heçcə nə bilmirəm.Eqon Ammanın nəşriyyatında çalışan əməkdaşlar nahar fasiləsində badamla bişirilmiş peçenye ilə çay içəndə məni narahat edən məsələdən söz saldım:- Siz bilən, o buketli qadın orada kimi gözləyir?Klaudiya dilləndi:- Oğlunu. Hər ana oğlunun bir gün geri dönəcəyinə inanır.Nelli cırnadı:- Niyə məhz oğlunu? Bəlkə də qızını! Doris etiraz elədi:- Ərini!Rita düzəlişə gərək duydu:- Məşuqunu!Matias öz təxminini dedi:- Bəlkə də bacısını.Danışarkən hər insan öz şəxsi mövqeyindən çıxış eləyir.Məsələn, Klaudiya Berlində dərs deyən oğluyla ayrılıqdan əziyyət çəkir. Nellinin Yeni zelandiyalıya ərə gedən qızı üçün burnunun ucu göynəyir. Doris daim iş səyahətlərində olan ərini qəribsəyir. Rita öz oynaşlarını alt tumanı kimi vaxtaşırı dəyişir. Müharibə əleyhdarı olan Matias isə əsgərliyə getmək əvəzinə alternativ xidmətə üstünlük verdiyi üçün hələlik ailə qayğılarından çox-çox uzaqdır.Ulla öz iş yoldaşlarını dərin təəssüf hissiylə, hətta debil adamlar kimi süzürdü.- Yox, canım, o, dünyasını dəyişən birisinin yolunu gözləyir, çünki onun ölümünə əsla inanmır.Klaudiya etiraz elədi:- Ancaq bu, heç nəyi dəyişmir və ölən onun oğlu da ola bilər.- Qızı da.- Əri də.- Məşuqu da.- Bacısı da. - Ya da onunla birlikdə doğulan və sonradan ölən əkiz qardaşı da, - deyə adamayovuşmaz, səssiz-səmirsiz Romi əlavə elədi.Hamımız bu xanıma tərəf döndük: bu sözləriylə o, buketli xanımın sirrini açmasa da, ola bilsin, özünün daim niyə qüssəli dolaşmasının səbəbini ağzından qaçırmışdı.Bu mübahisəyə daha fərqli bir yanaşmanı öyrənmək üçün mən Eqon Ammana üz tutdum:- Eqon, bəs sən necə düşününrsən, o qadın kimi gözləyir?Hətta çay süfrələrinə qatılanda da Eqon ağzına su alıb oturardı. Görünür, bizim bu cür söhbətlərimizi boş şey sanırdı. Altmış yaşına dolana qədər o, xeyli kitab oxumuş və hər müşkülü özü üçün çözmüşdü.Sübh saat beşdə yataqdan qalxan bu adam acgözlüklə siqaret sümürür, əlyazmalara göz gəzdirir, romanları vərəqləyir, esseləri gözünə təpirdi. Onun nazik qaşları, iddialı burnu, bəmbəyaz, uzun saçları adama sərgüzəştlərlə dolu keçmiş əyyamları xatırladırdı: o dövrlərin uzaq ölkələrinin ətrinə bir az tütün tüstüsü, bir az da əlyazmalardakı sirrlər qarışmışdı. Heç kimə ağıl verməsə də, heç nəyi təsdiqləməsə də, bu adamın yeni kəşflərə, xarici dillərə və hər cür yeniliyə duyduğu marağa həmişə heyran qalırdım mən. Onun yanında adətən özümü həvəskar biri kimi hiss edirdim.Çiyinlərini çəkən Eqon çiçəkləyən cökə ağacının üzərində uçuşan arıquşularından gözünü çəkmədən dedi:- Bəlkə ilk sevgisini?Ancaq özünün bu qəfil səmimiyyətindən tez də təşvişə qapılaraq, qaş-qabağını tökdü və ciddi baxışlarla məni süzdü.- Erik, bəs sən özün necə düşünürsən?Mızıldandım:- Heç vaxt geri dönməyəcək ilk sevgisini.Otağa sükut çökdü. Hamımız tələyə düşdüyümüzün fərqində idik. O naməlum qadın barədə danışa-danışa hamımız öz məhrəm sirrlərimizi, bir-birimiz barədə bilməyə can atdığımız sirrləri gün işığına çıxartmışdıq. O ara çalışırdım ki, bu beyinlərin daha dərin qatlarına enim, öz beynimi isə kənar müdaxilələrdən qoruyum! Gicgahlarımın məngənəsində sıxılan, qapalı anbarı xatırladan bu zavallı qafatasımda bir Allah bilir ki, nə qədər deyilməmiş söz yığılıb! Elə sözlər var ki, onlar dilimin ucuna qədər gələn kimi mən taqətdən düşür, susmağa üstünlük verirəm. Guya hamımız gücü-qüvvəti qapıldığımız sükutdan almırıq ki?Evə dönərkən mən hələ də o buketli qadın barədə düşünürdüm. Sürixə sonrakı səfərlərimi təyyarə və avtomobillə edəcəyim üçün yaxın vaxtda yolum dəmiryol vağzalından düşməyəcəkdi.Aradan iki və ya üç il ötdü.O buketli qadın qəribə özəlliyə malik idi: onu bir an belə unutmasam da, ağlımdan çıxırdı arada, daha doğrusu, dərdləşəcək birisini tapmayanda, yalqızlığa məhkum olanda onun barəsində düşünürdüm… Çarəsizliyə qapılanda onun surəti gözlərim önündə peyda olurdu. Buna rəğmən, bir dəfə Ulla ilə telefon söhbətimdə yenə o qadından söz saldım.- Hə, hə, mənə inana bilərsən, qadın hələ də oradadır. Həm də hər gün. Üçüncü platformada. Düzdür, həmişə gümrah görünmür, bəzən oturduğu yerdəcə mürgüləyir, sonra qəfil gözlərini açıb, buketindən bərk-bərk yapışır və yenidən baxışlarını tükənməz bir ümidlə relslərə dikir.- Bu qadın məni yaman maraqlandırır.- Ona baş qoşmağa dəyməz! Zahirən tamamilə normal birisinə bənzəsə də, o zavallı ruh xəstəsidir, başdanxarabdır. Ən azından bu zəmanədə, telefon və internet əsrində perronda durub kiminsə yolunu gözləmək nə dərəcədə ağlasığandır, axı?!- Mənə maraqlı gələn onun niyə gözləməsi deyil, kimi gözləməsidir. Axı bütün bu illər uzunu və ya bir ömür boyu kimi bu cür gözləmək olar?- Məsələn, yazıçı Bekket Qodonu gözləyirmiş.- Əşşi, sən deyən ədəbiyyatdadır! Bununla o, göstərmək istəmişdi ki, bu dünya absurddur, burada Tanrı yoxdur, həyatda nəyin isə olacağını gözləyərkən biz dərindən yanılırıq. Bekket - təmizlikçi missiyası daşıyırdı, başqaları yeri süpürdüyü kimi, o da göy üzünü süpürürdü, o, sənin bəslədiyin bütün ümidləri gərəksiz zir-zibil kimi bir kənara atırdı. Bu əhvalatda isə məni iki məqam maraqlandırır. Birincisi, buketli qadın kimi gözləyir? İkincisi, bu gözləməyin bir mənası varmı?- Yaxşı, bayaqdan şef bizim söhbəti dinləyirdi və mən indi dəstəyi ona verirəm. O, sizə nə isə oxumaq arzusundadır.- Erik? Sənin üçün bir kəlam seçmişəm: «Hər hansı tapmacada maraqlı məqam onda gizlənən həqiqət payı deyil, onun ardında yatan sirrdir».- Kəlama görə təşəkkürlər, Eqon.Xəttin o biri ucundakıların məni ələ salıb, güldüklərini düşündüyüm üçün dəstəyi asdım.Keçən yaz Sürixdə keçiriləcək konfransa qatarla getdim. Kupeyə girdiyim an mən, əlbəttə ki, həmin o naməlum qadını xatırladım. Tezliklə onu, o sakit, gülümsər, sədaqətli, çevrəsindəkilərə qarşı biganə qadını, bizlərdən gizli bir sirrə könül verən qadını görəcəkdim. Hər dəfə sayılı dəqiqələr boyu seyr etdiyimiz, lakin haqqında saatlarca danışdığımız o qadın bizim nəzərimizdə sfinksə çevrilmişdi və hansısa sirrlərin qoruyucusuydu, bizim xəyallarımızı qabardan, qanadlandıran mələk idi.Sürixə yaxınlaşdıqca, mən bir faktın danılmazlığını öz-özümə etiraf edirdim: o qadının yolunu gözlədiyi şəxs bizlərdən biri deyildi. Bizim sükutumuz, nəyi isə araşdırmağa ərinməmiz, bəzən isə unutqanlığımız bəlkə də onu aşağılamaq cəhdimiz kimi dəyərləndirilməliydi, axı, o da bizləri elə süzürdü ki, sanki biz - gözəgörünməz varlıqlarıq.- Sürix!Perrona qədəm basan kimi mən onun yoxluğunu sezdim. Sonuncu sərnişinlər də üçüncü platformanı tərk edəndən sonra geriyə yetim və kimsəsiz bir məkan qaldı.Qadına nə olmuşdu görəsən?Tramvayla Sürixdə dolaşarkən mən hər hansı variant uydurmağa gərək duymadım. Ulla bundan mütləq agah olmalıydı, yəqin məsələdən xəbərdar idi və hər şeyi mənə açıb danışacaqdı. Mənim isə başım bu bənzərsiz, həm zəngin, həm də kasıb şəhəri süzməyə qarışmışdı. Hər bir qarının görməyi arzuladığı bu şəhər sanki pəncərələrdən boylanan ətirşah çiçəklərinin çevrəsində salınmışdı. Bu dinc və sakit şəhər də, elə böyründəki göl kimi, adama yuxulu təsiri bağışlayırdı, halbuki onun binalarının qalın divarları arxasında çoxmilyonluq anlaşmalar yapılırdı. Mənim nəzərimdə Sürixin ən böyük sirri - o sirrin olmamasıdır. Halbuki Roman xalqlarının təmsilçiləri kimi bizlər ikimənalı, qarışıq və bol olan şeylərə daha böyük maraq duyuruq. Sürix isə təmizdir, səliqəlidir və abırlıdır, onun bütün qəribəliyi də qəribəlikdən məhrumluğudur. Smokinq geyinmiş, qalstuk taxmış, yarlı-yaraşıqlı bir kavaleri, qanacaqlı oğulu və qüsursuz kürəkəni xatırladır o. Ancaq elə ki doğma yerini-yurdunu tərk elədi, onun hər cür eyş-işrətə əsir olacağını gözləyə bilərsən.Ammanın nəşriyyatında öz işlərimi - müzakirələri, işgüzar proqramları bitirəndən sonra yaranan fasilədə mən qapıda Ullanı saxladım:- O buketli qadın haraya qeyb olub belə?Çaşqınlıqdan Ullanın gözləri fal daşına döndü:- Vaxt tapan kimi bunu sənə anladacağam.Axşamkı çıxışımdan, imza törənindən və şam yeməyindən sonra biz əldən düşmüş halda otelə döndük. Kəlmə kəsmədən birbaş bara girib, siyahıdakı kokteyllərdən sifariş verdik, mən cib telefonumu söndürdüm, Ulla isə siqaret yandırdı. Soruşdum:- Hə, nə deyəcəkdin?Əlavə izaha gərək yox idi. Nəyi soruşduğumu bilirdi.- Buketli qadının gözlədiyi iş baş verdi. Ona görə də qadın artıq orada deyil.- Nə baş verdi, axı?- O saxlama kamerasında işləyən tanışım hər şeyi mənə danışdı. Üç həftə bundan əvvəl buketli qadın qəflətən oturduğu yerdən qalxdığı vaxt üzündə xoşbəxt bir ifadə, gözlərində isə ümid qığılcımı var imiş. Vaqondan enən bir kişiyə əl yelləyirmişqadın. O kişi də bunu görən kimi tanıyıb. Qadın ona sarı qaçıb. Bir-birlərinə sarılaraq, uzun müddət orada dayanıblar. Qadın elə bəxtəvərmiş ki, bundan yükdaşıyanların da gözləri yaşarıbmış. Əyninə tünd rəngdə, uzun plaş geyinən o hündürboy kişini vağzal işçilərindən heç kəs tanımayıb. Həm də kişi üzünü keçə şlyapasının altında gizlətməyə çalışırmış. Qadın haqda bircə onu deyirdilər ki, bu görüşün baş tutduğuna zərrəcə heyrətlənməyibmiş. Sonra kişi qadının qoluna girib və oradan uzaqlaşıblar. Son anda qadın hətta bir şuxluq da sərgiləyib: hər gün özüylə gətirdiyi o açılıb-yığılan, kətan parçalı kreslosunu perronda qoyub, gedib. Hə, bir məqamı da unutdum: gələn kişinin heç bir baqajı yox imiş və əlində sadəcə qadının ona bağışladığı narıncı buketi tutubmuş.- Bəs sonra?- O tanışım mənə bu əhvalatın sonluğunu da anlatdı. Sənə bunu danışmamışam? Həmin kişi tanışım indi xanım Şteynmetsin qonşuluğunda yaşayır.- Hə, hə, xahiş edirəm davam elə.- Həmin axşam kişi ona qonaq gəlib. Qulluqçunu yola salan sahibəsi ona tapşırıb ki, sabah səhər qədər onu rahatsız eləməsin. Qulluqçu da buna riayət edib.- Bəs sonra?- Qulluqçu səhər evə dönüb.- Və?- Sahibəsi ölübmüş.- Necə yəni?- Öz əcəliylə ölübmüş. Ürəyi dayanıbmış.- Bəlkə bunu o kişi…- Yox. O, şübhələrdən kənardır. Cəsədi müayinə edən həkimlər qadının ürəyinin dayandığını isbatlayıblar. Kişi hər cür zənndən uzaqdır. Həm də axı, o…- Nə edib?- Yoxa çıxıb.- Necə?- Fısss… Buxarlanıb. Sanki heç yox imiş. Türk qadın deyirmiş ki, həmin kişini yerli-dibli görməyib.- Ancaq sən mənə…- Hə. Qonşu küçədə yaşayan tanışım deyir ki, naməlum kişi ilə o qadını evə girən görüb. Halbuki qulluqçu qadın bunu inkar edir. Qəribə burasıdır ki, polislər də bu fakta hər hansı maraq duymayıblar, çünki qadının ölümündə şübhəli məqam görmürlər. O tanışım da artıq heç kəsi gördüyünə inandırmağa çalışmır, çünki bundan söz salan kimi qonşular onu başdanxarabmış kimi süzməyə başlayıblar.Dəri kreslolarda yerimizi rahatladıq ki, həm kokteyllərimizdən ləzzət alaq, həm də olub-bitəni dərk edək.- Kişidən heç bir iz qalmayıb? Heç nə müəyyənləşməyib?- Heç nə.- Bəs kişini gətirən qatar hansı şəhərdən gəlirmiş?- Onu da kimsə bilmir.Sanki içki bu sirrin üstünü açmamıza yardım edəcəkdi deyə, barmendən kokteylləri təkrarlamağı xahiş elədik.- Türk qadın necolub?- Çıxıb gedib. Vətəninə dönüb.- Bəs ev kimə miras qalıb?- Şəhər meriyasına.Bu işdə soyğun məqsədiylə qətldən söhbət gedə bilməzdi. Üçüncü kərə kokteyl sifarişi verdik. Barmen artıq bizi təlaşla süzməyə başlamışdı.İkimiz də susurduq.Bu əhvalatın dərkində Ulla ilə bircə qarış da irəliləyə bilməsək də, qadın barədə düşünməkdən sanki zövq alırdıq. Adətən həyatın axarı hər cür süjet xəttinin qətlinə fərman verir: bəzən səhər çağı ürəyinə damır ki, indicə nə isə baş verəcək, bitkin, duru və bənzərsiz bir hadisə - ancaq telefon zəng çalır və hər şey nöqtələnir, bitir. Həyat bizi əzir, xıncım-xıncım edir, atomlarımıza qədər parçalayır, süjet xəttinin qüsursuz davamını biz insanlara çox görür. Buketli qadının əhvalatındakı qəribəlik də onda idi ki, onun həyatı bəlli bir forma qazanmışdı, taleyi əsl sənət əsəri qədər və bədiilik baxımından aydın idi, bitkin idi.Gecə saat ikidə ayrılıb, öz otaqlarımıza yollandıq. Ancaq gözümə yuxu getmədi və ta dan yeri ağarana qədər mən o buketli qadının Sürix dəmiryol vağzalında kimin yolunu gözlədiyini anlamağa çalışdım.Yəqin ki, ömrümün sonuna qədər də özümə bu sualı verəcəyəm: onun qarşıladığı və qatardan enən kim imiş görəsən - Sevgi, yoxsa Ölüm?Dilimizə çevirdi - Azad Yaşar <!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin--><!--ain_leech_begin-->https://www.facebook.com/azadyasharofficialANN.Az<!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end--><!--ain_leech_end-->