"Emin Sabitoğlunun röyalını ehtiyac ucbatından satmışdım"

09:59 | 04.12.2013
"Emin Sabitoğlunun röyalını ehtiyac ucbatından satmışdım"

"Emin Sabitoğlunun röyalını ehtiyac ucbatından satmışdım"

“1974-cü ildən sənətdəyəm. Heç o vaxtlardan da nə Emində, nə məndə fəxri ad xəstəliyi olmayıb. 80-ci illərdə Emin müəllimlə evlilik ərəfəsində komsomol mükafatına layiq görülmüşdüm, amma mənə vermədilər. Sonra eşitdim ki, əxlaqi nöqteyi-nəzərdən mükafatı mənə layiq görməyib, Sərxan Sərxana verdilər. Lakin bu mənə heç təsir etmədi, çünki o qədər sevilirdim ki, fəxri ad heç eynimə deyildi”. 

Bu fikirləri APA TV-də yayımlanan “Üç valet” verilişinin qonağı olan müğənni Xədicə Abbasova deyib.

 

Müğənni həmin dövrlərdə çox çətinliklərlə üzləşdiyini bildirir: “1982-ci ildə Emin Sabitoğlunu Mərkəzi Komitəyə çağırıb dedilər ki, ya Xədicə, ya partiya bileti. O da bileti qaytarmışdı. Emin Sabitoğlunun xalq artisti olub-olmamağının fərqi yoxdur, onsuz da o xalqın adamı idi.  Sonra da uzun illər Türkiyədə fəaliyyət göstərdik. Bəlkə də Emin müəllimin vəfatından sonra gəlib burada çalışsaydım, o fəxri adları alardım. Amma buna ehtiyac duymadım.  Buna baxmayaraq, mənə prezidentimiz tərəfindən ev verildi. Məncə, bu, mənə verilən ən böyük addır”.

 

Sovetlər dövründə ortaya qoyulan prinsiplər Xədicə Abbasova ilə Emin Sabitoğlunun münasibətinə xələl gətirə bilməyib. Bunu Xədicə xanım özü də etiraf edir: “Mən Eminin ikinci xanımı idim. O vaxt partiya prinsipinə görə evliliyə son vermək, ikinci dəfə ailə qurmaq əxlaqi normalardan uzaq idi. İndi belə deyil.  Düzdür, illər sonra heç kəs bizi qınamadı, çünki gerçək sevgini anladılar”.

 

Müğənni Emin Sabitoğlu ilə tanışlığını belə xatırlayır: “10 yaşımdan baletə, musiqi dərnəklərinə, teatra gedirdim.  Məni ən çox musiqi cəlb edirdi. Bir gün  Şövkət xanımın ifasında “Dərələr” mahnısını eşitdim, sanki musiqinin sehrinə düşdüm. Maraqlandım, dedilər, Emin Sabitoğlunun musiqisidir, o vaxtdan bu ad yaddaşıma həkk olundu.  Onun bütün musiqilərini əzbərlədim. Hamı deyirdi ki, bu qız Emin Sabitoğlu deyə-deyə dəli olacaq. Özfəaliyyət dərnəyində onun mahnılarını oxumağa başladım.  Sonra Moskvada festivalda birinci yeri tutdum və Rəşid Behbudov məni teatrına dəvət etdi.  Teatrda musiqili tamaşa hazırlayırdıq, dedilər ki, musiqini Emin Sabitoğlu bəstələyəcək. O gecə həyəcandan yatmadım ki, sabah Emin Sabitoğlunu görəcəyəm. Səhər gəldi, orta boylu, saçları dağınıq...  Rəşid Behbudov bizi tanış elədi. Dedi ki, bu bizim yeni müğənnidir - Xədicə. Emin baxdı, dedi ki, bu heç müğənniyə oxşamır, qara-qura qızdır. Şok oldum. Bizim ilk görüşümüz belə oldu. Beş il sonra, 1979-cu ildə  Stokholmda keçirilən tədbirdən qayıtmışdıq. Mən artıq tanınmış müğənni idim, ziyafətdə hamı mənimlə tanış olmağa cəhd edirdi. Bir də gördüm ki, Emin Sabitoğlu mənə tərəf gəlir. Yaxınlaşıb özünü elə apardı ki, yəni biz tanışıq, birlikdə işləmişik. Mən də dedim, siz kimsiniz? Hamı təəccüblə baxdı ki, necə yəni, Emin Sabitoğlunu tanımırsan?  Dedim, hə, siz mənə qara-qura deyən Emin Sabitoğlusunuz. Güldü, dedi - 1-1”.

 

Xədicə xanımla Emin Sabitoğlu daha sonra birlikdə işləməyə başlayırlar: “Sonra Gülarə Əliyeva məni “Dan ulduzu”na dəvət etdi və Eminlə mənə iki mahnı verdilər. “Güllər” və “Payız gəldi” mahnılarını”.

 

Xədicə Abbasova  Emin Sabitoğlu ilə evliliyi barədə belə deyir: “Emin müəllimi tanıyaraq sevmişəm, o insan dərya idi.  Mən təhsilli, savadlı xanım idim, adi adamla ailə qura bilməzdim.  Özünə baxan deyildi, mən ona layiq olduğu diqqəti göstərdim. Anam mənə ev xörəyi qoyurdu, çağırırdım ki, Emin müəllim, gəlin yeyək, ev yeməyidir. Beləcə, o, alışmadığı qayğını gördü. Mən ona yaxşı baxırdım, corabını da özüm geyindirirdim. Yaradıcı adam belədir, mən ona uşağım kimi baxdım. 50 illik yubileyində onu görən deyirdi ki, bu, Xədicənin diqqətidir. Özüm də bilmədən onu özümə aşiq etdim.  Aramızda 20  yaş fərq vardı. Kirayədə yaşadıq, illər sonra ev aldıq, keçmiş xanımı evi bölmək istədi. Amma mən razı olmadım, çünki uşaqları vardı.  Emin rəhmətə getdi, ondan mənə miras bir royalı qaldı, bir də adı”.

 

Xədicə xanım deyir ki, Emin Sabitoğlu qısqandığına görə, uzun saçlarını kəsməyə məcbur qalıb: “Məni çox qısqanırdı. Sonra yenidən uzatdım saçlarımı. Mənə yazdığı bütün mahnıları sevgimizə həsr etmişdi. Son vaxtlar Paşa Qəlbinurun sözlərinə bir mahnı yazdı və mənə dedi ki, mən həyatda olmayanda bu mahnını Azərbaycana ithaf edərək oxuyarsan. Sözləri belə idi: “Mən sizə gələcəyəm, vallah gələcəyəm”.  Dedim, birlikdə oxuyarıq, dedi, yox, sən oxuyacaqsan. Dedim, Allah gecindən versin, elə bir şey olsa, mən onu sənə ithaf edib oxuyaram, maestro. Xoşuna gəldi, gözləri doldu”.

 

Xədicə Abbasova o günləri xatırlayaraq kövrəlir: “Ondan sonra dinlədiyim mahnı budur: “Mən niyə baxıram yollara, niyə, sən ki, bu yollardan dönən deyilsən”. Noyabrın 2-də onun ad günü idi, Bakı mətbəxini qutabını, düşbərəsini hazırladım, oradakı azərbaycanlılar gəldilər bizə. Axşam hamı gedəndən sonra dedi ki, təzə mahnı yazmışam – “Əlvida, bu son gecə, salamat qal, Xədicə”.  Əcələ niyə inanıram? Çünki noyabrın 17-nə bilet almışdım, o, dedi ki, mən ayın 12-də getmək istəyirəm. Mənə səsini yüksəltməyən insan əlini vurdu stola ki, mən gedirəm! Və gəldi Bakıya. Məni işdən buraxmadılar. 18-də gələcəkdim, mən gələnə kimi o keçinmişdi.  Heç vaxt görüşmədiyi uzaq qohumları ilə də zəngləşib görüşmüşdü. Həmin gecə Anar gecə saat ikidə yuxuda görüb ki, Emin ölüb. Ona zəng eləyiblər və dəstəyi götürən kimi deyib ki, nə olub, Emin ölüb?”

 

Müğənni 13 ildir yalnız yaşadığını deyib: “2001-ci ildə bura qayıtmaq istədim, gəldim gördüm ki, arxamda Emin yoxdur, mən toya gedib pul qazana bilmərəm, geri qayıtdım. Xarici dili bilməyim köməyimə çatdı, özümə iş qurdum. Röyalını belə ehtiyac ucundan satmışdım. Müdafiə Nazirliyinin səhnəsinə satdım, orada durur. Bir gün xahiş edib geri alacağam. Xoşbəxtəm ki, Eminin adına ləkə gətirəcək bir iş görmədim. Öz zəhmətimlə işləyib qazanıram”.

 

Sonda müğənni planlarını açıqlayıb: “Emin müəllimin yarıda qalmış əsərlərini tamamlayacağam. “Bu gecə” adlı bir klub açıb, Bakıda Emini xatırladacağam. Röyalı da orada olacaq. Mən hələ Eminlə yaşamağa davam edirəm”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM