Məlum olub ki, “Facebook” sosial şəbəkəsi artıq fəal auditoriya toplamaq iqtidarında deyil. Güman edilir ki, nəhəng sosial şəbəkəni uzunmüddətli tənəzzül gözləyir. Buna baxmayaraq “Facebook” aktiv istifadəçilərin sayına (1,35 milyard) görə dünya lideri olaraq qalır. Lakin görünür Mark Zukerberqin rəhbərlik etdiyi şəbəkə ən yüksək artım səviyyəsinə çatıb və bunun da nəticəsində artım tempinə görə yeni servislərdən xeyli geri qalır. Belə ki, “Tumblr” sosial şəbəkəsinin aktiv istifadəçi bazası il ərzində 120 faiz artdığı halda həmin müddət ərzində “Facebook”un artımı cəmi 2 faiz yüksəlib.“Pinterest” sosial şəbəkəsində qeydiyyatdan keçən istifadəçilərin sayı 57 faiz, “Facebook”da 6 faiz artıb. “Instagram”, “LinkedIn”, “Twitter”, “YouTube” və “Google+” şəbəkələri “Facebook”dan daha sürətli populyarlıq qazanırlar. Mobil əlavələr seqmentində də vəziyyət oxşardır. “Facebook” ən populyar əlavə olaraq qalsa da, artım tempinə görə rəqiblərindən xeyli geri qalır. Belə ki, “Snapchat” şəbəkəsi il ərzində istifadəçi bazasını 56 faiz artırıb. Oxşar nəticələri “Instagram” şəbəkəsi də nümayiş etdirib. Artım yalnız “Facebook Messenger” əlavəsində qeydə alınıb. Hazırda dünyada 3 milyard insan internetdən istifadə edir ki, onun da 1,35 milyardı “Facebook”a daxil olur. Bununla yanaşı, “Facebook” istifadə aktivliyinə görə əsas rəqibləri – “Twitter” və “Google+” şəbəkələrini xeyli üstələyir.
Ekspertlər “Facebook”un artımını zəiflədən əsas amil kimi Çində sosial şəbəkədən istifadənin qadağan olunmasını hesab edirlər. Bu ölkənin ərazisində servisdən yararlanmaq imkanından məhrum olunan 1 milyarddan çox insan yaşayır. M.Sukerberqin bu yaxınlarda Çinə etdiyi səfərin bu məsələ ilə bağlı olduğu güman edilir. //mincom.gov.az