Yaponiyada "Fukusima-1" atom-elektrik stansiyasında növbəti dəfə nasazlıq baş verib. ANS PRESS-in məlumatına görə, bu dəfə stansiyada suyu radioaktiv elementlərdən təmizləyən iki sistemdən birinin işi dayanıb. Bu barədə atom-elektrik stansiyasının operatoru "TEPKO" şirkəti açıqlama verib. Qəza siqnalizasiya sistemi işə düşdükdən sonra test rejimində çalışan təmizləmə sisteminin avtomatik olaraq sönməsi baş verib. Bu, son 1 il ərzində "Fukusima-1" atom-elektrik stansiyasında həmin sistemin 6-cı dəfə avtomatik sönməsi halıdır. 2011-ci ilin martında baş verən qəzadan bəri "Fukusima-1" atom-elektrik stansiyasına yüksəkradioaktivliyi olan su yığılmağa davam edir. Həmin suyun təmizlənməsi qəzanın nəticələrinin aradan qaldırılmasında əsas problemlərdən biridir. Suyun radiasiyadan təmizlənməsi sisteminin tam işə salınması isə bu ilin aprelinə planlaşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !