"Nyu-York Tayms" qəzeti Vüqar Həşimovdan yazdı - MƏTN

14:30 | 14.01.2014
"Nyu-York Tayms" qəzeti Vüqar Həşimovdan yazdı - MƏTN

"Nyu-York Tayms" qəzeti Vüqar Həşimovdan yazdı - MƏTN

Azərbaycanlı qrossmeyster, dünya şahmatının ən parlaq simalarından biri olan Vüqar Həşimovun vaxtsız vəfatı təkcə ölkəmizdə deyil, bir çox ölkələrdə böyük kədərə və təəssüfə səbəb olub. ABŞ-ın məşhur və nüfuzlu qəzeti "Nyu-York Tayms" da şahmatçımızın vəfatı ilə bağlı məqalə yayımlayıb. Həmin məqaləni oxucularımıza təqdim edirik. 

Uzun illər dünyanın ən güclü şahmatçılarından biri olan, 2009-cu ildə Komanda üzrə Avropa Şahmat Çempionatında komandasının qızıl medal qazanmasına töhfə verən azərbaycanlı qrossmeyster Vüqar Həşimov cümə günü beyin xərçəngindən müalicə olunduğu Almaniyada vəfat edib. Onun 27 yaşı var idi. 

Onun ölümü ilə bağlı xəbər Dünya Şahmat Federasiyasının rəsmi saytında verilib. 

Cənab Həşimov 1986-cı il İyulun 24-ündə Azərbaycanın paytaxtı Bakıda dünyaya göz açıb və şahmatı 6 yaşında ordu palkovniki olan atasından öyrənib. 

Azərbaycan güclü şahmat ənənələri ilə fərqlənən ölkədir. Tarixin ən güclü şahmatçılarından biri sayılan keçmiş dünya çempionu Harri Kasparov və hazırda dünyada 34-cü sırada qərarlaşan şahmatçı Teymur Rəcəbov Bakıda doğulub boya-başa çatıblar. Sürətli şahmat üzrə dünya çempionu adını daşıyan və hazırda FİDE reytinqində 12-ci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov da Azərbaycandandır. 

Cənab Həşimov qısa zamanda uğurlar qazanmağa başlamışdı. O 1996-cı ildə İspaniyanın Minorka şəhərində keçirilən 10 yaşlılar arasında Dünya Gənclər Çempionatında gümüş medal qazanmış, 1999-cu uldə beynəlxalq usta adını qazanmış, 2002-ci ildə isə qrossmeyster ünvanına yiyələnmişdi. 

Cənab Həşimov Teymur Rəcəbov (26) və Şəhriyar Məmmədyarovla (28) birlikdə möhtəşəm bir komanda idilər və buna görə Azərbaycan 2002, 2004, 2006 və 2008-ci illə Şahmat Olimpiadaları daxil olmaqla, beynəlxalq komadanda yarışlarının əsas favoritlərindən biri olurdu.

Cənab Həşimovun fərdi uğurları da varıydı. O, 2008-ci ildə Fransada keçirilən "Cappelle la Grande" turnirinin qalibi, 2008-ci ildə Azərbaycanda keçirilən Qrand Prinin həmqalibi və 2010-11-ci illərdə İtaliyada keçirilən "Reggio Emilia" turnirinin qalibi olmuşdu. O, 2009-cu ilin noyabrında zirvəyə, dünya reytinq cədvəlində 6-cı sıraya gəlib çıxmışdı. 2012-ci ilin yanvarında səhhətindəki problemlərə görə şahmat oynamağı dayandıranda, dünya retinq cədvəlinin 10-cu pilləsində qərarlaşmışdı. 

Onun Sərxan adlı bir qardaşı var. 

Cənab Həşimov bir oyunçu kimi adətən aqressiv və riskli oyuna üstünlük verirdi. O hərdən oyuna "Benoni müdafiəsi" kimi debütlə başlayırdı, halbuki çoxları "Benoni"ni yaxşı başlanğıc hesab etmir. 

Onun ölümü başsağlığı və "Twitter"də şərh selinə səbəb olub. Dünyada 3-cü pillədə qərarlaşan və hazırda Hollandiyada keçirilən "Tata Steel" turnirində mübarizə aparan (keçən il bu turnirdə Cənab Həşimov da iştirak etmişdi) amerikalı Hikaru Nakamura onun haqqında bu sözləri yazıb: "Çox yaradıcı və möhtəşəm şahmatçı idi, onun oyunları (xüsusilə "Benoni") heç vaxt unudulmayacaq".

Yazının orijinalına bu lində baxa bilərsiniz: http://www.nytimes.com/2014/01/13/crosswords/chess/vugar-gashimov-27-azerbaijan-chess-grandmaster-dies.html?_r=0

ANN.Az    

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM