Moskvanın "Maska" nəşriyyatında tarix elmləri doktoru Aydın Balayevin "Məmməd Əmin Rəsulzadə. Yad sahillərdə (1922-1943)" adlı kitabı çapdan çıxıb. Bu kitabda Azərbaycan türklərinin milli dövlət quruluşunun banisi Məmməd Əmin Rəsulzadənin müxtəlif ölkələrin arxivlərində son illər ərzində aşkar edilmiş mühacirət dövründəki fəaliyyəti öz əksini tapıb və böyük əksəriyyəti ilk dəfə elmi dövriyyəyə daxil edilərək tarixi sənədlər yenidən mənalandırılıb.Kitabı "Əli və Nino", "Akademkitab" kitab mağazaları şəbəkəsindən, "Akademiya" kitab mərkəzindən (Nizami adına Muzey), "Bakumoz", "Zero" və Bakı şəhərinin başqa kitab mağazalarından əldə etmək mümkündür. ANN.Az bu kitabdan kiçik bir hissəni oxucuların diqqətinə təqdim edir: “Mühacirətin ilk dövründə, İstambulda olarkən, M.Ə.Rəsulzadə tədqiqat işiylə fəal məşğul olurdu. Xüsusən, bu dövrdə onun yüksək səviyyəli araşdırmaları dərc edilmişdir – "Azərbaycan Respublikası", "Müstəqillik ideologiyası və gənclik". Sonuncu tədqiqat işini həm də o zamanlar hələ gənc olan Rəsulzadənin Azərbaycan xalqına vəsiyyəti də adlandırmaq olar. Bu əsərlərində Rəsulzadə Azərbaycanın ən yeni tarixində baş vermiş hadisələrin son dərəcə dəqiq analizini verir. Konkret tarixi faktlar əsasında o, sübut edir ki, 1918-ci ilin mayında Azərbaycan Demokratik Respublikasının bəyannaməsinin elan olunması, XIX əsrin sonu və XX əsrin əvvəllərində baş verən hadisələr Azərbaycan cəmiyyətində milli dirçəliş və siyasi oyanış proseslərinin nəticəsidir.Bununla belə, Rəsulzadə öz kitablarında obyektiv faktorlarla və ələxsus da, milli özünüdərkin yetişməməsi və rüşeym halında olması ilə şərtləndirilən xalq hərəkatının zəif cəhətlərini də göstərir. Rəsulzadənin fikrincə, bu çatışmazlıqlar yalnız Azərbaycan türkləri üçün yox, eyni zamanda digər Qafqaz xalqları üçün də xarakterik olub. Bu çatışmazlıqları əyani şəkildə göstərmək üçün, o, “Müstəqillik ideologiyası və gənclik”» məqaləsində Azərbaycan və Gürcüstanın, “Müstəqillik haqqında aktları”nda isə Estoniyanın müqayisəli təhlilini verib.M.Ə. Rəsulzadənin qeyd etdiyi kimi, hələ 1918-ci ilin aprelində Zaqafqaziya Seymi tərəfindən Cənubi Qafqazın müstəqilliyinin elan edilməsi, uzun müddətdən bəri gözlənilən xoşbəxt hadisə kimi yox, yaranmış vəziyyətdə qaçılması mümkün olmayan şərin kiçik forması kimi qəbul olunurdu. 1918-ci il may ayının sonunda Seymin dağılmasından sonra Gürcüstanın, Azərbaycanın və Ermənistanın müstəqilliyinin elan olunması da eyni dərəcədə məcburi addım idi. Rəsulzadənin sözlərinə görə, üç cənubi Qafqaz respublikasının müstəqilliyinin elan olunduğu sənədlərin müəllifləri bu addımı kədərli zərurilik hesab edirdilər.Öz sözlərinin təsdiqi kimi M.Ə.Rəsulzadə “Azərbaycanın müstəqilliyi haqda akt”ın giriş hissəsini nümunə gətirir: “Rusiyada böyük rus inqilabının gedişatında bir siyasi quruluş yarandı, bu siyasi quruluş dövlət orqanizminin ayrı-ayrı hissələrinin parçalanması və rus qoşunlarının Zaqafqaziyanı tərk etməsi ilə nəticələndi.Öz öhdələrinə buraxılmış Zaqafqaziya xalqları məhkəmələrin qurulmasını və Zaqafqaziya Demokratik Federativ Respublikasının qurulmasını öz əllərinə aldılar. Ancaq siyasi hadisələrin sonrakı gedişatında gürcü xalqı Zaqafqaziya Federativ Respublikasından ayrılmaq və müstəqil Gürcü Demokatik Respublikası qurmaq qərarına gəldi.Rusiya və Osmanlı imperiyası arasında yaranmış müharibənin ortadan qaldırılması ilə əlaqədar Azərbaycanın indiki vəziyyəti, həmçinin ölkə daxilində olmazın anarxiya Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan xalqını düşdüyü bu ağır daxili və xarici vəziyyətdən çıxarmaq üçün qəti sürətdə müstəqil dövlət təşkilatı qurmağı diqtə edirdi.Bunun əsasında xalq səsverməsi ilə seçilmiş Azərbaycan Milli Şurası yekdilliklə elan edir: Bundan sonra Azərbaycanın xalqları suveren hüquqların daşıyıcısıdırlar, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan isə tamhüquqlu müstəqil dövlətdir..." M.Ə. Rəsulzadənin qeyd etdiyi kimi, bu sənədin mətnindən aydın görünür ki, "Azərbaycanın müstəqilliyi bir vasitə kimi qəbul edilir, bu vasitəyə əvvəlki sahibləri tərəfindən anarxiya girdabına atılmış milləti məhv olmaqdan qurtarmaq üçün gedilmişdir. "Dövlət" dağıldı, kritik vəziyyət yarandı, gürcülər getdilər və biz istər-istəməz özümüzü idarə etməyə və müstəqilliyimizi elan etməyə məcbur olduq".Öz fikirini davam etdirən M.Ə. Rəsulzadə sonra yazır: "Gəlin, etiraf edək ki, bu mətni öz müstəqilliyi üçün mübarizə aparmış və azadlıq istəyən siyasətçilər və millət inqilabçıları yazmayıb, bu mətni "gözüaçıq" şəxslər qələmə alıblar, onlar yıxılmış çarlığın qorxusu altında və hadisələrin gözlənilməzliyindən sabahkı məsuliyyəti düşünürlər və əvvəlcədən özləri üçün yumşaldıcı bəraət qazanmağa çalışırlar".M.Ə. Rəsulzadəyə görə, analoji çatışmazlıq gürcü bəyannaməsi üçün də xarakterik idi. Daha doğrusu, Azərbaycanın müstəqilliyi uğrunda bəyannamənin müəllifləri bu zəifliyi gürcülərdən götürdülər. Axı elə gürcü bəyannaməsi də ondakı şəraitdə müstəqilliyi "qaçılmaz şər" hesab edirdi, o zaman müsəlmanların "separatizminə" görə gürcülər Zaqafqaziya Federasiyasının tərkibindən çıxmağa və öz müstəqilliyini elan etməyə sadəcə məcbur olmuşdular. Bununla belə, M.Ə. Rəsulzadə vurğulayır ki, gürcü bəyannaməsinin müəllifləri prokurorun gələcək ittiham aktı qarşısında öz aliblərini təmin etdilər. Cənubi Qafqaz xalqlarının müstəqillik aktlarını Baltik millətlərinin analoji aktlarıyla müqayisə edən M.Ə. Rəsulzadə belə nəticəyə gəlir ki, dövlət müstəqilliyi bəyannaməsinin qəbulu zamanı estonlar, litvalılar və latışlar tamamilə başqa "motivləri" rəhbər tuturdular. Azərbaycan türklərindən və gürcülərdən fərqli olaraq, onlar bu tarixi addıma əvvəldən hazır idilər və onlar üçün müstəqillik gözlənilməz və ya " kiçik şər" olmadı. Bununla əlaqədar olaraq təəccüblü deyil ki, 19 may 1919-cu ildə Estoniya Təsisçilər Məclisinin qəbul etdiyi müstəqillik haqqında Bəyannamədə deyilir: "Budur, artıq altı aydır bizim xalqımızın ən yaxşı övladları saysız-hesabsız qurbanlar verərək Estoniyanın dövlət müstəqilliyini müdafiə edirlər. Estoniya xalqı öz yaşamaq hüququ uğrunda zorakı bolşevik Rusiyasıyla gərgin fövqəlbəşəri mübarizə aparır və özünün bu var-dövlətini Estoniya xalqı son damcı qanına qədər müdafiə etmək niyyətindədir. Estoniya xalqı onu Rusiyayla birləşdirən bütün əlaqələri qəti sürətdə qırır və rus dövlətindən və ya onun səhlənkarlığı ucbatından gördüyü haqsızlıqları ağrı-acıyla xatırlayır. Rusiya Estoniya xalqı ilə ögey ana kimi rəftar edirdi. O, bizi vətənimizin idarəçiliyindən kənarlaşdırdı, məktəblərimizi, hakimiyyət orqanlarını və məhkəmələri ruslaşdırdı. Bu vəziyyəti heç rus inqilabı da düzəltmədi. Bundan belə, Estoniya Rusiyayla hər hansı əlaqələrə malik olmağı arzu etmir və onunla bütün əlaqələrdən imtina edir". M.Ə. Rəsulzadənin ədalətlə qeyd etdiyi kimi, "Rusiyanın gedişiylə" əlaqədar göz yaşlarını axıdan Qafqaz xalqlarından fərqli olaraq, estonlar, latışlar və litvalılar, əllərinə düşmüş tarixi şansdan yararlanaraq, əllərində silah şəxsi azadlıqlarının və müstəqilliklərinin müdafiəsinə qalxdılar. Bolşevik sürüləriylə döyüşdə kiçik Estoniya 15 000 döyüşçü itirdi, onlar 500-ü yüksək rütbəli zabitlər idi. M.Ə. Rəsulzadə Cənubi Qafqaz və Baltik xalqlarının milli hərəkatlarının siyasi liderlərinin davranışında belə fərqi tamamilə təbii və qanunauyğun hesab edir. Onun fikirincə, bu onunla izah olunur ki, Baltik xalqları Cənubi Qafqaz xalqlarından əvvəl özlərini vahid millət kimi dərk etdilər və öz milli ideallarını formalaşdırdılar. Məsələn, Azərbaycan türklərindən fərqli olaraq, bu xalqlar hələ 1905-ci il hadisələrinin gedişatında onlara muxtariyyət və milli müstəqillik verilməsini tələb etmişdilər. Buna görə də Baltik xalqları 1917-1918-ci il rus imperializminin iflasını kifayət qədər yetişmiş vəziyyətdə qarşıladılar. Beləliklə, əgər Cənub Qafqaz xalqlarının müstəqillik bəyannamələri yaranmış şəraitə yalnız özünüqoruma instinktiylə diktə edilmiş məcburi reaksiya idisə, onda Baltik xalqlarının analoji sənədləri çoxdan gözlənən və dərk edilmiş addım idi. Təəccüblü deyil ki, o zaman onlar öz siyasi hədəflərinin və milli idealların reallaşdırılması üçün onlar təqdim edilmiş imkandan istifadə edə bildilər, o vaxt isə Cənubi Qafqaz xalqları öz müstəqilliklərini müdafiə edib, qoruya bilmədilər. Amma bununla belə, M.Ə. Rəsulzadə pessimizm üçün xüsusi səbəb görmürdü. Onun da qeyd etdiyi kimi, Baltik xalqlarının 1905-ci ildə əldə etdikləri təcrübəni Azərbaycan türkləri yalnız 1918-1919-cu illərdə əldə etdilər. Və Azərbaycan milli müstəqillik ideyasını sona kimi reallaşdırmağı bacarmadısa da, bu müstəqillik şüurda əldə edildi və Azərbaycan türklərinin fikirlərində mövcud olmağa davam edir. M.Ə. Rəsulzadə əmin idi ki, Azərbaycan gəncləri, 1918-1919-cu il təcrübəsinə söykənərək, gələcəkdə ölkənin dövlət müstəqilliyini bərpa edəcək və müstəqillik bəyannaməsini Estoniyadan daha yaxşı yazacaq".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !