Fransa prezidenti Fransua Olland dağ bələdçisi Herv Qordelin qətlini "alçaq və xain hərəkət" kimi təsvir edib.
ANN.Az-ın "euronews.com"a istinadən xəbərinə görə, İŞİD-ə bağlı olan Əlcəzair terrorçu qruplaşması internetə Qordelin qətlini əks etdirən video yerləşdirib və bunu "Fransa dövlətinə qanla cavab" adlandırıb.
BMT-də çıxış edən prezident deyib: "Bu birinci dəfə deyil ki, Fransa terrora məruz qalır. Və biz məğlub olmadıq. Hər dəfə biz daha güclü və həmrəy oluruq. Digər ölkələr də bu barbarlığa məruz qalıblar. Məhz buna görə bizim cavabımız qlobal olmalıdır. Biz çevik və inadkar olmalıyıq".
Fransız vətəndaşı olan Qordel bazar günü Əlcəzairin Kabile bölgəsində avtomobil sürərkən cihadçılar tərəfindən oğurlanıb.
55 yaşlı fransız mağara araşdırmaları üçün bölgədə ezamiyyətdə idi.
Cihadçılar ələ keçirdikləri əsirin başını kəsib. Onların Fransadan tələbi İŞİD-ə qarşı əməliyyatlarda yer almamaq idi.
ANN.Az