Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində 56-cı "Qremmi" ("Grammy") mükafatının təqdimetmə mərasimi baş tutub. Bu musiqi mükafatı 1958-ci ildə ABŞ Səsyazma Şirkətləri Assosiasiyası tərəfindən təsis edilib və qeyri-rəsmi olaraq, "musiqi Oskarı" hesab edilir. Mükafat musiqiçilərin musiqi üslubundan və kommersiya uğurundan asılı olmayaraq, nailiyyətlərinin tanınması üçün təqdim edilir. Bu il "Qremmi" mükafatı 82 nominasiyada təqdim edilib. Mükafatların sayına görə amerikalı reper Cey-Zi lider olub. O, nominantı olduğu 7 kateqoriyadan ikisində qalib gəlib - "ən yaxşı videoklip" və "ən yaxşı rep dueti". Hər iki halda da Cey-Zi amerikalı ifaçı Castin Timberleykin sayəsində uğur qazanıb. "İlin səsyazısı" kateqoriyasında Fransadan olan "Daft Punk" elektron dueti "Get Lucky" mahnısı ilə qələbə qazanıb. Onların "Random Access Memories" adlı albomu isə "ilin ən yaxşı albomu" mükafatına layiq görülüb. "İlin ən yaxşı mahnısı" nominasiyasında Yeni Zelandiyadan olan 18 yaşlı müğənni Lordenin "Royals" mahnısı qalib gəlib. Bu mahnının canlı ifası isə Lordeyə "ən yaxşı solo pop ifa" nominasiyasında mükafat qazandırıb. Son 2 ildə bu nominasiyada britaniyalı Adel qalib gəlirdi. Ən çətin mübarizə isə "ilin ən yaxşı rok mahnısı" kateqoriyasında qeydə alınıb. Bu kateqoriyada "Muse", "Black Sabbath" və "The Rolling Stones" kimi əfsanəvi qruplar mübarizə aparsa da, nəticədə ilin ən yaxşı mahnısı Pol MakKartninin keçmiş "Nirvana" üzvləri ilə birlikdə yazdırdığı mahnı seçilib. //Anspress
Bizi sosial şəbəkələrdə izləyin !