"RİA Novosti"dən Azərbaycana qarşı informasiya təxribatı

15:24 | 02.09.2014
"RİA Novosti"dən Azərbaycana qarşı informasiya təxribatı

"RİA Novosti"dən Azərbaycana qarşı informasiya təxribatı

Rusiyanın "RİA Novosti"("Rossiya Seqodnya") Beynəlxalq İnformasiya Agentliyi növbəti dəfə Azərbaycana qarşı informasiya təxribatına yol verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, agentlik özünün İrəvan müxbirinə istinadən qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" 23 illiyi ilə bağlı məqalə yayıb. Məqalədə Azərbaycanın ərazi bütövlüyü və tarixi təhrif olunub, "Dağlıq Qarabağın erkən orta əsrlərdə Ermənistanın tərkibində olması" qeyd olunub. Azərbaycan Milli Məclisinin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı isə APA-ya açıqlamasında “RİA Novosti” agentliyinin materialında yer alan iddiaların əsassız olduğunu bildirib. M.Qasımlı deyib ki, tarixi mənbələr ermənilərin Cənubi Qafqaz regionunda aborigen, gəlmə olduqlarını sübut edir. Onun sözlərinə görə, buna görə Qarabağ xanlığının Rusiyaya birləşdirilməsi ilə bağlı 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsinin mətninə diqqət yetirmək yetərlidir: “Belə əsassız iddianı irəli sürənlər baxsınlar ki, Kürəkçay müqaviləsinin altında kimin imzası var? Müqavilədə ermənilər xatırlanırmı, adları varmı? Bunların heç biri yoxdur. Qarabağ Azərbaycan xanlığı olub, Azərbaycan xanlığı kimi Rusiya tərəfindən ilhaq edilib. Cənubi Qafqazda Ermənistan adlı bir dövlət olmayıb, ermənilər sistemli şəkildə Cənubi Qafqaza 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay sülh müqavilələrindən sonra köçürülməyə başlanılıblar. Bununla bağlı çar Rusiyası hökumətinin yüzlərlə sənədi var. Cənubi Qafqazda Ermənistan adlı dövlət 1918-ci ildə türk torpaqlarında yaradılıb, ilk adı Ararat Respublikası olub”. APA-nın qeydi: "Məqalə"də qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqillik tarixi" də təhrif olunub. Yaxın onilliklərdə baş vermiş hadisələr və faktlar ermənilərin xeyrinə saxtalaşdırılıb, əhalinin əksəriyyətinin ermənilərdən ibarət olduğu qeyd edilib. Çox təəssüf ki, bu Rusiyanın aparıcı agentliklərindən birində Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş ilk informasiya təxribatı deyil. 2013-cü ilin fevralında da agentliyin müəllifi Vadim Dubnov tərəfindən yazılan "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir" adlı məqalə dərc olunub. Həmin hadisə rəsmi Bakının Rusiyaya etiraz notası verməsi ilə nəticələnib. Notadan sonra agentlik yazını saytdan çıxarıb. “RİA Novosti” agentliyinin atdığı bu addım iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin ruhuna da uyğun gəlmir. Azərbaycan və Rusiya prezidentlərinin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və tərəflər qarşılıqlı maraqlara əsaslanan bu münasibətləri daha yüksək səviyyəyə qaldırmağın vacibliyini dəfələrlə vurğulayıblar. Rusiyanın nüfuzlu informasiya agentliyinin dövlətlərarası münasibətlərin dostluq ruhuna zidd olan mövqe nümayiş etdirməsi göstərir ki, bəzi media orqanları dövlətin deyil, müəyyən qrupların maraqlarından çıxış etməyə üstünlük verirlər. Medianın qrup maraqlarından çıxış etməsi təkcə dövlətlərarası münasibətləri zədələmir, bu kimi özfəaliyyətin zərbəsi son nəticədə həmin media qurumunun özünə dəyir. Rusiyanın ən yaxın tarixi belə faktlarla kifayət qədər zəngindir və “RİA Novosti” agentliyi praqmatik maraqlardan deyil, qrup maraqlarından çıxış etməzdən əvvəl belə faktları nəzərə almalıdır. Xatırladaq ki, hazırda agentliyin baş direktoru Dmitri Kiselyov, baş redaktoru isə Marqarita Simonyandır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM