"Arif Vəliyevi ölüm həddinə çatdıracaq, onu sarsıda biləcək açıqlamalarım, fikirlərim olmayıb. Bizim tənqidlərimizin DSK sədri ilə əlaqəsi yox idi. Qanunvericilikdəki boşluqları tənqid etmişəm. Düşünmürəm ki, mərhurm Arif Vəliyev bizim tənqidlərimizdən dolayı dünyasını dəyişib. O, uzun müddət xəstə olub".
Bunu Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı parlamentinin sonuncu iclasında səsləndirilən tənqidlərdən sonra Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin dünyasını dəyişməsinə münasibət bildirərkən qeyd edib.
Bildirək ki, parlamentin iyunun 20-də keçirilən iclasında bir neçə millət vəkili İnzibati Xətalar Məcəlləsində statistik məlumatlarla bağlı sanksiyaların müzakirəsi zamanı Dövlət Statistika Komitəsinin ünvanına tənqidlər səsləndirib.
Müzakirələr zamanı çıxış edən Sabir Rüstəmxanlı isə bildirib ki, Dövlət Statistika Komitəsinin fəaliyyəti Milli Məclisdə müzakirə olunmalıdır: “Komitənin məlumatı hərdən yanlış olur, hərdən də insanların hissiyyatına toxunan formada verilir”.
VHP sədri qeyd etdi ki, onun A.Vəliyevlə yaxşı münasibətləri olub: "Yay vaxtı birgə istirahət etdiyimiz günlər olub. Səbrli adam idi. İnanmıram ki, bizim parlamentdəki çıxışlarımız onun həyatına son qoysun. Tənqidlərimizdən sonra onun ölməsi, sırf təsadüfdür. Statistika Komitəsində olan problemlərin heç də hamısı onun sədri ilə bağlı olmayıb. Qanunvericilikdəki boşluqlar tənqid olunub. Görünür, ağır xəstə imiş və qədəri bura qədərmiş. Allah rəhmət eləsin".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !