"Quş qripi" ilə bağlı növbəti monitorinq başladı

11:37 | 02.11.2015

"Quş qripi" ilə bağlı növbəti monitorinq başladı

"Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. 

Xidmətdən "Report"a daxil olan xəbərə görə, köçəri quşların payız miqrasiyası nəzərə alınaraq, noyabrın 2-dən növbəti monitorinq başlayıb. Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq. Nəticələr isə noyabrın 13-də ictimaiyyət üçün açıqlanacaq.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
"Dövlət Xidməti bildirir ki, hazırda "quş qripi” xəstəliyinə görə Azərbaycanda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirləri davam etdirir", - deyə Nazirlikdən bildirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM