Soldan dördüncü, sağdan beşinci gecəqondunun sakinləri səliqə-sahmanlıdır - evi əhatələyən al-əlvan güllər çəpərə paralel yarımçevrə yenilik şəklində nəzərə çarpır. Həyət - büsbütün çəmənlik; yaz ağzı novruzgülülərdən ona rəng qatılır. Gündüzləri kim ordan keçsə, yaşıl fonda hökmən 3 ağ qaz görəcək. Bağça uşaqları, hətta ibtidai sinif şagirdləri də, bu həyətdəki rənglərlə tutuşdurub, özlərinə karandaş seçə bilər. Qazlar çəmənlərdən hey qırpır, adam görəndə də qaqqıldaşırlar. Yad görməyə gözləri yoxdu.
Sağ-sol qonşu həyətlərsə elə bil kiçik miqyaslı Ərəbistan səhralarıdır. O həyətlərin bir-iki yerinə səsgücləndiricilər taxılsa, olduqca kiçik diapazonlu ilbiz-zəli səsləri uzaqdan da eşidilər. Qulaqlar yüksək tembrli ilan-çayan mələrtisini onsuz da asanlıqla tutur. Axtarsan, oralarda mikroskopik dəvələr taparsan.
Ultramikroskopdasa səhra quldurlarıyla rastlaşarsan.
Qazlar öz içlərində və həm ailədəki beş-üç adam arasında şöhrətlidir. Bəlkə arvad-uşağın hərdən onlara daş atdığı qonşu “səhra”larda da tanınırlar.
Güman, “çəmən”likdə yaşayan bu ailə elə də böyük deyil. İki, uzaq başı üç baş ola-olmaya. Ər və arvad: bu elədi - iki. Üçüncüsü, kim olacaq - uşaq. Gözə dəyməməyindən də - bağçaya-məktəbə gedir. Ər-arvadın bir tayı işləyir, o birisə, deyim, gülün - dişləyir. “Dişləyir” deyəndə, görən, yazığın dişi varmı heç? Çünki bir gün mən ordan keçəli, “səhra” arvadları “çəmən” üzərindən qeybətləşirdilər. Biri: “Bu hanı?” O biri: “Diş həkimində.” Yenə biri: “Bəxtəvər canını qoruyur.” Yenə o biri: “Bə qorumasın?”
Haçan göz atmışam, “çəmən”də qazlardan savayı bir ins-cins gözə dəyməyib. Ancaq axı, evdə kimsə var ki, qazlar hindən buraxılıb, üstəlik, həyət bu cür şaqraqdır. Əlbəttə, mən fərziyyələrimi ortaya qoyuram. Ya bəlkə heç orda ər-arvad yoxdur; hansısa ölüb. Gəlib bu yerə çıxdıqsa, eşitdiyim o bircə qeybət ehtimal etməyə əsas verir ki, arvad durur, kişi yox. Qonşu arvadlar heç vədə kişidən qeybət qırmazdılar. Üstəlik, bu sanki artıq yazılmamış sosioloji qanundur: ailədə siftə-başdan kişi ölər. Arvadlar üzübərk və qırxqıynaq olur - onlar qırnan qiyamətə qalarlar da, əgər istəsələr. Kişi sağdısa da, eşşək kimi daim iş-gücdə - o, qaz saxlaya bilər?
Yaxşı, gəlin, maksimum hədd olan 3-də dayanaq: üç adam. Demək, gördüyüm hər qaz özü çıxılmaqla maksimum beş canlı arasında məşhurdur: üçü adam, ikisi - qaz.
Bir gün qazları bərk dalaşan-didişən gördüm. İkisi birləşib üçüncüsünün başını deşməkdəydi. Bu üçüncünün başından pipik şəklində qan fışqırır, qaz al qan içərisində çırpınırdı. (Ağ fonda qırmızıya baxmaqla da karandaş seçilə bilər). Ola bilər, ölə bilərdi qaz. Artıq bir qıçı dizdən bükülmüşdü. İşə bax, başıdidilən məhz bu yox, bir başqası da ola bilərdi. Kombinasiya hər saat dəyişilər də, ancaq məna dəyişməz. Faktiki olaraq, qazlar bir-birinin yeminə həmişə şərikdi. Elə ona görə hərdən həmdəm kimi görsənirlərsə də, əksərən bir-birindən kəsirdilər. Eynən insanlar sayaq: birgəyaşayışları vacib, mənafelərisə mütəmadi toqquşur.
Qazlar bir saplaq otdan ötrü bir-birinin boğazını elə saplaq kimi də üzər, biri o birinin qanını su yerinə içərdi. Burda əsas hoqqa və qovğalar qazların bir-biri yanında məşhurluğundan doğurdu. Üç qaz arasında sərt-sərt dolaşan şöhrət birinin başının didilməyinə gətirib çıxarmışdı. Hələ “həyət” adlanan o kiçik təbiətə böyük ehtiramla yanaşan, üzünü görmədiyim ədəbli ailə də anqut kimi ağzını açıb gözləyir. Amadədilər: qazlar haçan ətə-cana gələcək. Onları kəsib yeyəcək, yeyib kökələcəklər.
Ağ-ağ qazlar anlamadıqları şöhrət ucbatından qara-qonur gübrələrə dönəcək, saprofitlər torpaqda onları mineral maddələrə çevirəcək.
***
Yasımda kimlərin iştirakı qətlimin yaxın-uzaqlığından asılıdır. Tərkib ildən-ilə dəyişilə bilər. Qətl vəd edildiyi kimi yaxın həftə, ya aylarda baş verərsə, bu saat yas kontingentini özüm birbəbir sadalayaram. Açığı, çox, hətta az sonranı da, səciyyələndirmək çətindir. İndiki kontingentdən öləni, Rusiyaya-Türkiyəyə gedəni olacaq. Onların yerinə hardansa təzələr axışacaq. Yerin təkindən qalxırmışlar kimi, uşaqlar kəndi bürüyəcək, böyüdükcə də yasa gələcəklər. Hal-qəziyyə belə.
Mən heç bilmədim, bunları niyə deyirəm.
Qətlim dünya çapında elan olunub. Qətl tamaşasının rekvizitləri də hazır: qəzetlər, teleradio kamera və mikrofonları. Personajlar var, ancaq onlar sonra üzə çıxacaq. Gələcək dramaturq və teatr rejissorlarından təvəqqem budur ki, tamaşa qoyası olsalar, həyatı tam nəzərə alalar. İnciməsinlər, mən onların fantaziyasına bel bağlamıram - reallıq təhrif edilə bilər. Həm də sərt reallıqlar varsa, yumşaq fantaziyalar nəyə lazım. Onlar həyatdakı bu qanlı-canlı hadisəni eləcə yamsılasalar, yetərlidir. Təşvişə əsas yox: təqlid bu halda yerinə düşər.
Onda qətlin teatr versiyası da canlı-qanlı alınar. Yeganə fərq həyat və səhnədəki qanların təbii-süniliyində olacaq. Mən əbədiyyət aşiqiyəm və teatr tamaşasında obraza çevrilmək də əbədiyyətə dəlalət edən hadisədir. Qətllər şöhrətin Qafqaz dağ zirvələrində baş verir və bu anlamda Kodor dərəsi qətllərinin analogiyasıdır. Mən öldürülsəm, şöhrətimin əyarı tam müəyyənləşəcək.
Ancaq denən, bu basabasda şöhrət sənə lazımdı? Şöhrətdən daha vacib işlər başdan aşır. Evə paltaryuyan, tozsoran almalıyam. Televizor, qapazlamasan, işləmir. ÇTZ traktorları soyuducumuzun yanında toyagetməlidir. Arvad xirtdəyimdən yapışıb. Kişi qızıdı, düz də eləyib. Budu, budu, budu - bax işinə, deyir, almasan, uşaqlar goruna söyəcək. Qarşıdakı qətlim elə bil ona əyandı. Hər şeyi bilir sanki. Halbuki bilirəm heç nə bilmir. Bilsə, ürəyi partlar. “Gor” onun dilində nədi gör - şərti ölümlərdən sonrakı dövr. “Gor” - bədii söz olmaqla, fanilik sonrası reallıqdır. Arvadağa, leksikonunda “şöhrət” sözü olmadığından, soyuducuya “ad-san” doldurmalı deyil, deyir. Şöhrət - ağlına batmır. Gah ona lağ edir, hərdən də deyinir: “ad-san” ümidinə qalsaq, acından qırılarıq. Dünyanın maddi nemətlərini qamarlayıb, göz qabağındaca bu qeyri-maddini üstümə tullayıblar.
Qətlim yubanır. Sual doğur: axı, niyə? Nigarançılıqlar artıq təlaşa çevrilməkdədir. Gahdan məni kəsafət basır, gün axşamacan burnumu sallayıb otururam. Sən bu sifarişçilərdə məğmunluğa bax: yoxsa icraçı tapa bilmirlər? Bəlkə ciblərində siçanlar oynaşır? Əlbəttə, salavat gücə bağlıdır. Qatil Allah yolunda işləmir ki - əksinə, Allah yolundan çıxıb işləyir. O da insandır, onun da qarnı-mədəsi var. Üstəlik, arvadı + balaları, hərəsinin də öz qarnı-mədəsi. Sifarişçi qardaşların əlləri aşağıydı, qabaqcadan eyham vuraydılar. Him eləməyə nə varmış. Him də vəsait tələb etmir ki. Özüm hər işi düzüb-qoşar, bu lələşləri hələ ölməyib, ölməyim üçün var gücümlə onlara köməklik göstərərdim. Lazım gələrsə, müəyyən iri məbləğəcən atışardıq da. Mən Allahın köməkliyi ilə, avtokiller ola bilərəm. Onların xatirinə, babax, başa bir güllə - yıxıldı yetimin küməsi.
Mən qətl sifarişçilərində zərrəcə təşkilatçılıq qabiliyyəti görmürəm. Bir yandan da - dünyada kaş hamı onlar kimi “qabiliyyətsiz” ola, deyirsən. Hamı “qabiliyyətsiz” olsa, qətllərdən keçmiş zamanda danışar, onlar haqda ancaq kitablardan oxuyardıq. Vicdan haqqı, tərtəmiz insandılar, dallarında - qətl təcrübəsi yox. Sağolmuşların qız alıb-qız verməkdən, toyda-şənlikdə sağlıq deməkdən başları aynıyıb ki. Onlardan yaxşı tamada, ya deputat çıxardı.
Hərdən də qeyzlənirəm - bu kəlmeyi-şəhadət tutuquşuları eləcə ağızlarını ayırıb gəziblər. Qaranlıqda bığ-saqqallarını uşaq görsə, zəhri yarılar, di gəl, qətlin siftəsini indi edirlər. Hələ onu da bacarsalar… “Ayıb olsun” deyimmi? Arsız-arsız ölkəyə qabaqcadan car çəkiblər. İnandırım, mən olmasaydım, onlar ömrü boyu qətl barədə düşünməyəcək, Əzrayıl əməyindən sui-istifadə adlı bu alişan cinayətin dadını bilməyəcəkdilər.
Ölkənin güc strukturları hüquq mühafizə motorunu işə salıb gözləyir. Qətl törədilməyincə, onların hərəkəti namümkündür. Kriminal hərəkətləri cani əvvəl etməlidir ki, hüquqi-prosessual hərəkətləri bunlar sonra etsin. Hər şeydə növbəlilik olmalıdır. Preventiv tədbirlər qarğa, məndə qoz var olardı. Dinamika sıfır həddindədir. Ay balam, sən bir ortaya meyit qoy, qoy cinayət baş vermiş sayılsın, biz də bunu lap terror adlandıraq. Statik ölüsüzlükdə kriminogen durum statistik sabitdir. Deməmişkən, diri ölüdən ölüvay, ölü diridən diribaşdır. Ölü - dialektika ünsürüdür və diridən daha çox tarixi hərəkətverici qüvvəyə malikdir. Adəmdən xatəmə vur-tut iki dünya müharibəsi olub ki, onun da biri - ölü səbəbindən. Kütlələr, ölünü görməklə, bir-biri üzərinə yeriyib. İnsanlar qətldən qızışıb, vurrey, bir-birinin üstünə şığıyıblar. Bəşər inkarı inkarla vəhşiləşib. Əksliklər əvvəl toqquşub, sonra vəhdətləşib. Ölülərlə dirilərin savaş qaynatma qabiliyyəti iki dünya müharibəsi təcrübəsinə əsasən əlli əlliyə nisbətindədir. Bir dənə də Dünya müharibəsi olsa, nisbət ölülərin xeyrinə dəyişəcək.
Qətlimin yubanma versiyalarından ümdəsi gələcək qatilin yarıtmazlığıdır. Bəlkə mən elə onun da siftəsiyəm. Əlbəttə, ucuz ətin şorbası olmaz. Yumurtadan yun qırxan sifarişçilər məni keçi qiymətinə satıblar. Özüm cəhənnəm, göz qamaşdıran şöhrətiməsə hörmət qoyaydılar. Görünür, şöhrət başları girən kol deyil. Gəlsənə, dil öyrənmək baxımından, həm də dilçiliyə töhfə olaraq, onlara yaraşası, bir silsilə sillə bənzərli “eşşək” misalı çəkim. Eşşək nə bilər zəfəran nədir? Eşşək cüməaxşamı qanmaz. Eşşəyin dal qıçı. Eşşək anqırıb tayını tapar.
Eşşəyə dedilər qanacaq göstər, ağnadı. Silsiləni uzatmaq da caizdir. Deyirəm, adam cındır olmaz: dünya boyda şöhrətin qabağına naşı killerlə çıxmazdılar. Yanıb-yaxılıram - qatil vaxtı düzgün bölüşdürməyisə bacarmır, məni təklikdə yaxalayammır.
Par-par yanan şöhrətə bol-bol hörmət qətl sifarişçilərinin müqəddəs borcu idi. Onlar mifoloji süjetləri yox, real dəyərləri müqəddəs bilsinlər. Nəhayət, qoy müqəddəsliklərin tərkibi və keyfiyyəti dəyişilsin. Dünən yuxuda nə görsəm yaxşıdır: qatilim tıxaca düşüb. Ay bərəkallah!
***
Bir gün qazları 3 yox, 2 gördüm. Artıq birinin başı yeyilmişdi. Sözün düzü, belə bir gün gözləniləndi. Özü də kök və köklüyünə görə qəşəng görsənəni yoxa çıxmışdı. Bu qaza şöhrət köklükdən gəlibmiş. Lakin Allahın ona bəxş etdiyi inkişaf faciə ilə nəticələndi. Canda maddələr mübadiləsinin gur getməsi heç də yaxşı hal deyilmiş - deyildiyi kimi, bu, gözəlliyə gətirib çıxarır, gözəlliksə - həzmi-rabeyə aparır. Gözəllik əslində rahət-hülqum növüdür.
***
Doşab almışam, bal çıxıb, şəhərdəki yol tıxacları mənə sərfəlidir – qatil vaxtında mənzilə yetişə bilmir. Ömrüm qatilin səhlənkarlığı üzündən uzanır. Qəribədir, insan özü istəmirsə belə, onun səhlənkarlığı humanizm törədir. Hər halda, işıqlı dünya qaranlıq dünyadan gümrahdır. Abajursuz olsa da, Günəş başımız üstə lampa kimi yanır. Görən, cənnət-cəhənnəmdə də Günəş olurmu?
Fikir - insanı sökür. Ömrüm uzanmaqda, onun içindəki uzunsov həyat qısalmaqda. Dəqiq hesablamalarıma görə, üzümüzə gələn ay ömrümün içində həyat hüceyrələri qalmamalıdır. Onda diplomum da, pasportum da ölü adına saxta dirilik sənədlərinə bənzəyəcək.
Axı, bu qatilbala işini niyə düz-əməlli qurmasın? Qətl gör haçandı elan olunub: niyə gəlmir bu? Harda veyillənir? Kal olma, çobanlığı yerə qoy, gendən-genə ona deyirəm. Yubanmaqla indidən özünə pis imic formalaşdırma. Özün öz çörəyinə şıllaq atma! Öz qatil gələcəyinə balta çalma. Balam, qudurubsan? Hərdən bir bədii əsər oxusana, hərdənbir Bethovenə-Vaqnerə qulaq asginən. Özünü qatil kimi cilalasana. Mahir qatil ədəbiyyatı da, incəsənəti-zadı da bilməlidir. Qatillik öküzlük-hozuluq deyil ki.
Yox, sən ağzını ha yor, ha özünü öldür, bu, zır fantaziyasız imiş. Fantaziyası-təxəyyülü olmayanısa belə ciddi işə qatmaq yolverilməzdir. Onun qatil olmağa haqqı yox, sadəcə, şansı var. Ona qalsa, bu işə hamı şanslı sayıla bilər. Qatillik - haqq-hesabı Allah yanında çəkilən aliməqam bir əməldir. İnsandan hünər və nəciblik istəyir. Cılız-naçar adamların da yemi deyil. Fırıldaqları və həm qoyunluğu sevməz. Qoy deyim, ürəyim yandı: bu qoyun guya hey münasib məqam axtarır, key kimi də göydəndüşmə məqamları əldən buraxır.
Rusiya killerləri bizimkilərin yanında dahidir. Akademikdən çox akademik, kriminalistdən çox kriminalist, üstəlik də, lirik təbiətlidirlər. Adamın onlara qanı qaynayır. Özü də, nədənsə, Puşkindən çox, Yesenini sevərlər. Bay, gəlib elə yerə dirəndik ki, burda çaşıb qalmasaq yaxşıdır. Qətlin mükəmməlliyində poeziyanın rolu varmı? Əgər varsa, onda qatillər niyə Yesenini bəyənsin, Puşkini yox? Hə, mükəmməl qətl odur ki… Yox, məsələni başqa cür qoyaq: ideal qatil öz şikarını anestezioloji tədbirlər görəndən sonra güllələməlidir. Məntiq üzrə, poeziya qatili humanizmə sarı çəkməli, qətldən uzaqlaşdırmalıdır. Humanizm qətlləri istisna edir. Güman, Aleksandr Sergeyeviçin poeziyası da insanı qətlə yaxınlaşdırmır, əksinə, ondan uzaqlaşdırır. Bir növ, qatilin əlini işdən soyudur. Puşkin poeziyasından doğulan harmoniya qətlə mane olur. Seryojada, Yesenindəsə əhvalat bir özgə cürdür. Yesenin poeziyası qatilin içində harmoniyadan çox, lirika törədir. Bu lirika qatı qatili belə ana-bacısından, ya sevgilisindən ötrü ağlada bilər. Lakin qatı qatil qətli qəti rədd etməz. Lirika olsa-olsa harmoniyanın bir komponentidir, yəni az şeydir və qatili işindən avara qoymur.
Yesenin poeziyası kriminallığa biganə deyil.
Bizimkilərsə, bilmək olmur, hansı poeziyanın vurğunudur. Gələcək qatilimin meyxananı sevməsi güman edilə bilər. Əlağa Vahidi də. Gəlin, Səməd Vurğunu Puşkin taxçasına qoyaq. İnanmaram da qatilimin saz havacatı, ya aşıq poeziyası ilə arası ola. Saz havacatını sevən qatil çörəkdən qalar. Allah qatillərin də ruzisini versin! Allah heç kəsi aclıqla imtahana çəkməsin, inşallah!
Mənim iş-gücümə bax, gör nəylə məşğulam. Gələcək qatilimi tənqid atəşinə tutmuşam ki, bir iş bacarsın. Ay qurumsaq, ona deyirəm, tıxaca düşməmək üçün evdən bir az tez çıxsana! …Bir yandan qətldə əlinin gətirməsini istəyir, bir yandan da ölür gəlməyə. Can çəkir. Fıs vurub yatır. Axı, yatdın da - batdın. Bəyəm indi başı balışa atmaq zəmanəsidir?
Mahir qatillərin olması millətə başıucalıq gətirər, ondakı qabiliyyəti ortaya qoyar. İnan, içimizdən bacarıqlı bir qatil çıxsa, məndə Vətənin gələcəyinə inam oyanacaq.
Tez-tələsik bu hekayəni düzüb-qoşmaqda məqsədim də qatili tez tapdırıb, tələsik onun axırına çıxmaq deyil. Məqsəd hələ movcud olmayan ideal-milli bir qatili yetişdirib ortaya çıxarmaqdır. Qoy bu qiyabi-mücərrəd qatildən millət başıuca gəzsin. Məhz elə bunun üçün də onun islahı vacibdən vacibdir. Yox, yox qatil zor-xoş yatdığı içi sülh dolu fil qulağından bizim savaş burulğanlı canavar yuvamıza enməlidir. Onda islah, artıq bildiniz, “zona”lardakından fərqli, tərsinə gedəcək - gələcək-hipotetik qatillikdən çağdaş-real qatilliyə doğru.
Hekayədə qüsurlara baxmayın; bəzi yerləri uzun-güdə ola bilər. Burda əsas amil operativlikdir. Qatilim bu ekstremal-çevik hekayəni tez oxumalı, ondan tez də dərs götürməlidir. Göründüyü kimi, hekayədə tədris məramı, didaktik ton üstündür. Bu ton hələ bir qədər də qabardılacaq. Əlbəttə, ibtidai insanlara söz ilkin ədəbi janr və yönümlərdə çatdırılmalı, vaxt-bivaxt da söz tündləşdirilməlidir. Ədəbiyyatda postmodernin öz yeri, didaktikanın - öz. Hərdən həyatda eləsiylə qarşılaşırsan, əlin üzündə qalır: təkcə təmsildən söz qanacaq. Eləsi var - yalnız
Hafizdən qanır, eləsi - aforizmlərdən. Kimlərsə də qəzəlin dördbucaqlı qəfəsində bülbülə dönür. Kişilər tanıyıram ki, padşaha söylənən mədhiyyələrdən tərbiyələnib. Kişilər də tanıyıram, oliqarx dalındakı qara mağarada zahidə çevrilir. İmperativlik - yenə elə tərbiyədir. Ədəbiyyat heç cür tərbiyə fünksiyasından irəli gedə bilmir. İlham pərisi haralarda qıy vurur vursun, gec-tez qayıdıb yenə elə tərbiyə budağına qonur. Gəl, əyri oturub düz danışaq, axı, tərbiyədən kənar şeylər də nəyə lazım?
Qövsi-qüzehi əxlaq olan kosmosdan bir-iki addım aralıda xaos görərsən.
Gələcək qatilə nəsihətlərim: şalğam-çuğundur olub da, iş görmək əvəzinə, söz oynatmasın. Ya oxumaq əvəzinə, kişnəməsin. Boş-boş gəvəzələməsin. Əlverişli şöhrətə tərəddüdsüz şərik dursun. Qətiyyətlə tarixə düşmək barədə düşün, ona deyirəm, heçlikdən qurtulmağın yeganə yolu budur. Çalış, sənə bəslənən inam və ümidlər həmişə aktual qalsın.
Fikir verin, tutaq, hələ heç kəs qatilin sir-sifətini görməyib; elə san o, ot tayasına bir iynə kimi düşüb itib. Lakin artıq şöhrət üstündədir: onun sərrastlığı, işindəki zərgər dəqiqliyi hamıya bəlli. Qatilin cəmdəyini prosesdən çıxarıb atsan da, ondakı bacarıq-qabiliyyət büsbütün millətə qalacaq. Əsl qatilin əməyi əslində yaradıcı əməkdir. Üstü açılmayan hər qətl özlüyündə milli sərvətdir. Qatil də millətdən sayıldığından, onun yaradıcılığı büsbütün millətə məxsus sayılır. Bunun əks yozumu da düzgündür: nadir qətllər millətdəki yaradıcı ruhun təzahürüdür.
Oğulları nadir qətllər törədən millət ölməzdir.
Yaradıcı qətlləri olan millət ümumbəşəri xeyirxah işlərə qadirdir.
“Bacarıqlı qatillərin sayını milli keyfiyyət meyarı kimi götürək!”
“Baş üstə!”
Qatilimin tıxaclar əlində avara-giriftar qalması məndə peşimançılıq, məyusluq doğurur. Belə degenerat və infantillə hara getmək olar! Millət onun korafəhmliyini eşitsə, ruhdan düşəcək. Yox, mən qatilimi haq-nahaq ideallaşdırmalı, onu hamıdan, hər kəsdən üstün göstərməliyəm. Bunun üçün tıxacları əşəda xatırlatmamalı! Hər saat, hər an yaradıcı-ideal qatil yaratmaqla məşğul olmalı.
Yaradıcı yaradıcıya həmişə əl tutmalı, yaradıcılığını yaradıcılığa sərf etməlidir.
Ölmürəm bu ölmüşünüzü milli cizgiləri gözə girən bir qatil öldürsün!.. Xoy-xasiyyəti də - tamam milli tərzdə: ipək kimi. O, bədənimi aşsüzənə döndərməmək üçün, “makarov”dan tək bir dəfə atəş açacaq. Onda əzablarım nəzəri maksimumdan təcrübi minimuma enər. Qatil bıçaqla iş görəsi olarsa, məni dəlmə-deşik etməmək naminə, bu işi də ehmal görər. Bıçağı qarnıma bircə yol yortar. Görərsiniz, qatil meyitimi təpikləməyəcək. Qabaqcadan ona “sağ ol” deyirəm. Axtarsan, onun qəlbində insanlığa məhəbbət taparsan. Qatilliyi bütünlüklə ideoloji-siyasi, bəlkə də radikal dini, motivlərdən qaynaqlanır. Yəni bu motivlər özünün deyil, konteynerlərlə gətirilən qan kimi damarına yeridilib. Belə sarsaq şeylər yatıb onun yuxusuna da girməzdi. Mənim qatilimin qəlbində cinayət kodları fərz edilmir. Sağ qalsaydım, əcəb onunla dost olardım. Əfsus, mənə atəş açılmasa, qatilim mövcud olmayacaq. Mən ölməliyəm ki, o dirilsin. Yəni biri ölməsə, biri dirilməz. Mən getməliyəm ki, o gəlsin. İkimiz bir dünyaya sığışmazıq. Bu saat mən xəyalda qatilimi görürəmsə də (görürəm gəlir), reallıqda onu heç vaxt görməyəcəyəm. Sui-qəsd olmasa, min il qala, mən o nadir insanla rastlaşmaram. Onunla kontaktım yalnız odlu, ən aşağısı, soyuq silahla baş tutar. Qətldən sonra yenə bir-birimiz üçün itəsi insanlarıq: o tapılarsa da, artıq mən tapılmaram. İndilikdə mən tapılıram, o yox.
Uzun işdir.
Onun fotorobotunu tezbazar hazırlayıram: bəlkə kriminalistlərin işinə yaradı. Onlar mənim qətldən əvvəlki və öz sonrakı fotorobotlarını cinayət işinə tikər, versiyaları tutuşdurarlar. Kaş kriminalistlərin fotorobotu ilə mənimki bir almanın iki üzü kimi oxşar ola.
Yalan-doğru, qatili fotorobotda vəsf etmədəyəm. Haqq-nahaq onu hey ucaldıram. Bəzi zahiri cizgilərini Koroğludan, bəzilərinisə Qaçaq Nəbidən əkişdirmişəm. Niyə də yox? Öz millətimin xan balalarından gözəl ştrixləri alıb, onun bəy balasına əta edirəm. Qoy bəy balamız xan balaya, bəybalamız xanbalaya çevrilsin. Qoy atəşli-qışqırtılı, gurultulu-guppultulu bir qətlin şöhrəti hər it-qurda yox, özümüzünkünə qismət olsun. Qatili tarixə salacağıqsa, mən onu öz millətimdən seçirəm.
Mənimki fotorobot düzəltmək deyil, igid bir insan icadıdır. Budur, icadım da ortada. Qatilim hələlik fotorobotdan tanınır. Elə fotorobotundan da başını dışarılayıb, həyata adlayacaq. Həyatda, ya televiziyanın kriminformunda kim onu görsə, o saat fotorobotdakına oxşadacaq. Qoy onun həyata adlayacağı günü də açıqlayım: iki-üç həftədən sonra - ürəyim dayanan, beynim yatan gün. Zəhmət çəkib onu axtarmayasınız. Çünki qatil onsuz da hələ yoxdur, sadəcə, qatil olmağa namizədlər var.
Mən qatili bu cür şıdırğı bəzəməkdə - qorxasan, qətldən əvvəlin fotorobotu, sonrakına uyğun gəlməyə. Onda batdım ki. Əsas da - sonrakıdı, onlarınkı. Kriminalistlərə ideallaşdırmalar girmir. Onlar gözəllikdə cinayət işinə tikiləsi heç nə görmür. Kriminalist üçün həqiqət hər şeydən ucadır. Yeri gəlmişkən, onlar bu barədə məni üstələyir. Bəşəriyyət də həqiqətin tərəfində duranları gözəlliyin tərəfində duranlardan üstün tutur. Gözəllikdən çıxaraqdan, ya onlara istinadən görülən işlər heç vəchlə obyektiv sayılmaz. İnsafən də, həqiqət hara, gözəllik hara. Gözəlliklə gedib-gedib yolda qalarsan. Həqiqətlərləsə haracan desən yortmaq olar.
Həqiqətlər məntiqiliyi ehtiva edir.
Ancaq həqiqət tərəfində olsalar belə, kriminalistlər “həqiqət” termininə yiyə durmur, bu sözü işlətməyə utanırlar. Onlar “həqiqət”i “cinayətin açılması”, “caninin tapılması” sözləriylə əvəzləyirlər. Gözəllik cinayətlərin açılmasında zərrə qədər də rol oynamır. Gözəlliyin olsa-olsa cinayətlərin törədilməsində rolu var. Gözəlliklər - cinayət tərkiblidir.
Hə, kriminalist kimisə yüksəldib-yekəltməyi qarşısına məqsəd qoymur. Yox, belə bir iş yatıb yuxusuna da girməz. Cani göyçək, ya kifir olsun – fərq etməz, kriminalistin niyyəti onu yaxalamaq, tutub basmaqdır. Əksinə, kriminalist göyçək caniyə hələ bir az lağ da edir; bu göyçəkliyi hardasa “mavi”liyə yozur.
Gözəlliyin interpretasiyaları ən müxtəlif cürdür.
Qatilin gözəl məramı, ya mənim illüzor niyyətlərim müəyyən məqamacan əhəmiyyətli ola bilər. Kriminalistlər mənim kimilərin danışığını eşitmir, eşitmək belə istəmir. Gözəllikdən danışanla nə danışasan, onlar düşünür. Gözəllikdən danışan boşboğaz-səfeh qələmində gedir və kriminalist bəzən eləsinin ağzından vurur: mənə nağıl danışma. Sanki əminliyi var - nağılları boşboğazlar yaradır.
Yazıçı qatilləri gözəlləşdirməklə cinayətləri azaltmaq niyyəti güdürsə, kriminalist qatilləri azaltmaqla milləti saflaşdırmaq yolu tutur. Yazıçı - səhvdədir.
Mən fotorobot rəssamıyam. Tərtib etdiyim fotorobotda killer Apollon kimi gözəl bir oğlandır. Qoy elə də qalsın. Məqsədim adi, bununla belə, alidir - tarixi təhrif yoluyla olsa da, milləti ucaltmaq.
Əstəğfürullah, qatilimi qarabəniz yaradıb, ağzına da köhnə dəblə üç-dörd qızıl diş atmışam. Qızıl dişləri azacıq aralı qoyduğum dodaqları arasından görsənir. Ürəyitəmizlik əta edib, bunun da rəmzi olaraq, çöhrəsinə məsum və məsud bir təbəssüm taxdım. Hayıf, qaba müstəntiqlər bu təbəssümü maska bilib cıracaq. Onlara nə var, millətimi ucaltmaq məramımı onun simasını təhrif etməyim kimi də yozar, hətta özümə cinayət işi açarlar.
Mən ölü, siz diri, gələcəkdə qatilimi bir özünüz qıdıqlayb-güldürün: onu məsud və məsum görəcəksiniz. Yaxşı, xarici görünüşdə milli keyfiyyət daha nələrdən ibarət ola bilər? Uşaqlıqda qardan adam hördüyümdü, indi imkan düşüb, cəmiyyət arasına çıxarmağa heçdən qatil yonuram. Həyata insan doğmaqdan gözəl şey yoxmuş. Mən gələcək qatilimi real mənfi xüsusiyyətlərdən sıyırıb çıxarmaqda, ona irreal müsbət keyfiyyətlər sırımaqdayam. İlkin variantda qarnını iri düşünmüşdüm. Ancaq həmin qarını xəyalımda çox saxlamadım. Yüz ölçüb-biçib, əlli də çək-çevir edib, atdım onu. Bir də onsuz özü ağırlayıb yerə düşməkdəydi.
Mən qatilimi ilk gənclik çağlarında, Olimpiya tipində götürürəm.
Ucunu tutub ucuzluğa getməyək. Məncə, bu yerdə zahiri milli keyfiyyətlərdən əl çəkməliyik. Barı sadalamağasa ara verək. Düzü, yoruldum, beynim şişdi. Bayaqdan yadıma düşmür də ki, qatil xüsusi qiyafədə və maskada iş görəcək. Milli keyfiyyətlər qətl anında görünməz olacaq. Bir yandan da fatal qlobalizm qatilimin fotorobotunda kosmopolitiklik törətməkdə. Hər halda, kriminalistlər mənim bəxş etdiyim ştrixləri nəzərə alar. Hərçənd tərs keçidilər, öz versiyalarını əsas tutacaq, maddi sübutlara, hal şahidlərinin ifadələrinə istinad edəcəklər. Kriminalistlərin nəzərində, sənədlərə ləbələb dolduracaqları quru cümlələri nağıllardan üstündür.
Gələcək qatilimin tez-tez tıxaca-zada düşməsi mənim uydurmamdı. Boğulan saman çöpündən yapışar. Onun öz millətimdən, özümüzünkü olması üçün hər üsula əl atır, hətta tənbəlliyini əldə dəstəvuz edirəm. Ürəyimə damıb ki, Azərbaycanda qatil bazarı da tutulub. Bazar iqtisadiyyatının qanunları bu qeyri-humanitar sahəyə də soxulub.
Dayan, deyən, vəsf üçün təzədən ilhamlanıram.
Davam edək: millətim sifarişli qətllər üçün humanistliyi səbəbindən yararsızdır. Biz hər sahədə nə qədər qabağa gedəcəyiksə, bu işdə həmişə dala qalacağıq. Yəni əslində dala qalmağımız qabağa getməklikdir. Bizdə qətl hadisələri əksər halda təsadüfən baş verir, təsadüfən də baş verəcək. Cinayətlərimiz əsasən əxlaqdan törəyir, törəyəcək də.
Kriminalistlərə tövsiyəm nədir: şübhəli şəxs sarıbaşdısa, dərhal onu qarabaşa çevirsinlər. Buyruq olmasın, sənədatda çalışıb onu namərd yox, mərd, ürəyidaş yox, ürəyimum, əlibərk-simic yox, əliaçıq-qallac kimi göstərsinlər. Yəni eşidib-bildiyimiz yerəcən insani cəhətlərini artıraq - bunlar millətə əlavə və düzəlişlər sayılar.
Qoy hər yerdə qatilim vicdanlı-namuslu şəxslər sırasında getsin. Hələ ola bilər, o, namus ustə yatıb da. Mən - öldürüləsi şəxs, müstəntiqlərə üz vurur, onlara mən ölüm deyirəm: öldürənə münasibətdə, beynəlxalq konvensiyalara əməl etsinlər. Ona narkoman ayaması yapışdırmaq, ya fiziki işgəncələr vermək yadlarına da düşməsin.
Qulağınıza bir şey pıçıldayım: gələcək qatilim öz balamız-öz tulamızdı. Blokumuzun ağzına gəlib çıxmamağı cəhənnəm, mən bilən, saatı da bilmir. İstərəm, onu nəinki qətlimdən əvvəl, heç sonra da yaxalamasınlar. Ya heç olmasa, gec tutsunlar ki, qazanacağı bu ilk böyük uğurdan az-buçuq xoşbəxt yaşasın. Balalarıyla oynaqlaşsın, arvadıyla çimdikləşsin. Məşuqələri varsa, onlarla doyunca mazaqlaşsın. Bə insan insana nə gündə kara gəlməlidir. Vətəndaş vətəndaşın əlindən tutmadısa, at getsin. Diriliyimdə bir kəsi muradına çatdırmadımsa, qoy bunu ölülüyümdəsə edim. Məhdud məsuliyyətli, kiçik miqyaslı xoşbəxtliyisə ona çox görməyək. Həm də lapdan-lapa respublikada niyə iki bədbəxt ailə ortaya çıxsın? Bir ailənin bədbəxtliyini ixtisara salmaq, üstəlik, onu xoşbəxt etmək şansı durursa, niyə oturub baxmalı, mal kimi gözümüzü döyməliyik? Vətəndə bir ailənin bədbəxtliyi qaçılmazdısa, barı onda qoy o birisi xoşbəxtliyə çatsın. Cinayət yoluyla olsa da, respublikada xoşbəxtlik və bədbəxtliyi balanslaşdırmaq mümkündür. Ailələrdəki ucdantutma bədbəxtlik milli fəlakətlərə gətirib çıxara bilər. Cinayətlər ailələrimizin yuxarı-aşağı yarısınıca xoşbəxt etməyə zəmin yaradır. Onsuz başqa əlac yoxdur; milli varlıq naminə bunasa da gedək.
Sifarişçilər qətlimdən atılıb-düşəcək, papaqlarını göyə atacaqlar. Sevincdən qanadları göyərəcək. Çoxdan arvadıyla yatmayanlar həvəslənib yatacaq. Arvadları birbaşa süpürləyib altlarına basacaqlar. Onda təzə qarabalaların özülü qoyular və sanki bu işdə mənim də rolum olar. Çoxda gözüm yox, mənim sayəmdə dünyaya gələsi balalardan bir-ikisinə kaş mənim adımı qoyaydılar. Baxın, ata-analar gələcəkdə uşaqla bağlı məni, mənlə də bağlı öz uğurlarını xatırlayarlar. İlkin xoşbəxtlik bir ömür boyu davam edər. Ola bilsin, bu cür-bu sayaq mən də gələcək xoşbəxtlik təzahürlərində yaşayaram. Adım xoşbəxtliklərlə assosiasiya olunar.
Arvad ər cinayətlərindən xoşbəxtliyə tezçatan məxluqdur.
Şöhrətim artıqraq yox, qətlə çatacaq qədər olarsa, batdım. Belə çıxacaq, bu şöhrəti qətlim üçün özüm sifariş etmişəm. Şöhrət get-gedə artan və qətl ehtimallarını da artıran anormal-anomal bir hadisədir. Şöhrətsiz insan şöhrətlini həmişə ironik baxışlarla süzür. Görübsünüz?
İnformasiya mənbəyi, adətən, arxada olar - yəni ehtimal edilən irreal hadisələr artıq keçmiş, olmuş, baş vermiş real hadisələrə çevrilib. Mənim nümunəmdəsə bu mənbə hələ qabaqdaydı, gələcəkdə. Yəni olmamış, olacağı hələ ləmbəlüm qalan və bəlkə heç olmayacaq hadisə. Ancaq olası hadisələr artıq olmuş kimi görsənməkdə. Hər şey paralel gedir. Gələcək qətlimdən mətbuat partapart yazır, radio-televiziyalar bar-bar bağırır. Neyləsinlər, irreallıqlar reallıqlara bənzər, gələcəklə keçmiş iç-içədir.
Planet qütblərinin dördündən də ucları əsəbi yellənən, mənə sarı gərilib-dartınan iti və burulğanlı göy-qara tüstülər qalxır.
***
Məni qonşuluqdakı üç qazın taleyi yaxalayıb. Ya kimsə deyə də bilər: qazları mənim taleyim yaxalayıbmış. Qazların başı dimdiklənirdi, mənim başım - didilməkdə.
***
Bu şöhrətdən necə qurtulmaq? Yoxsa artıq gecdi? Barı onda qatili görərkən - bağırmamaq! Vahimədən qışqırıb-bağırsam, üzqaraldan bir səhnə alınacaq. Qətlimdən sonra yaranası rəvayət-dastanlarda da qışqırıb-bağıracağam. Bu minvalla əbədiyyətə keyfiyyətsiz tərzdə, biədəb gedərəm.
Bu saat ürəyimi deşən dərd ölümümdən əvvəli də, sonranı da düşünməyimdi. Düşünməyə məcburam. Ölümümdən əvvəlki vaxt həftələr-aylarla ölçüləndisə, sonrakının ölçüsü əbədiyyətdir. Bunların nisbət rəqəmi əbədiyyətin iki-üç həftəyə bölünməsindən alınır. Ümumiyyətcə, əbədiyyəti vaxt adlandırmaq düzgündürmü? Axı, mən ixtiyarımdakı bu 3-4 həftə, ya uzağı, 1-2 ayda əbədiyyətə dair necə planlar qurum? Bu dar macalda əbədiyyət mövzusunda fundamental bir iş görməkmi olar? Belə getsə, əbədiyyəti başlı-başına buraxacağam.
Hələliksə canımı dişimə tutub, işləri yuvarlaqlaşdırmalı, yekunlaşdırmalıyam. Kimi gördümsə, onunla cəld öpüşüb-görüşməli (vaxt yoxdur).
***
Mən öz qatilimi gözləyənəcən, qazlardan birinın də başı üzüldü. Gözə dəymirsə, yüz faiz, baş gedib. “Qaz qatilləri” mənim qatilimdən zirək çıxdı. Qaz qatili də kim olacaq: ya ailənin başçısı (əgər kişi xeylağıdırsa), ya da qonşu kişilərdən biri.
Fərziyyəm öz təsdiqini tapdı: üç gün keçməmiş dönəcəkdəki çalada tanış qazın başını gördüm. Dimdiyi yerə batmış, gözləri bərələ qalmışdı. Qaz zorən məruz qaldığı, özü istəmədiyi və qəti anlamadığı, beş-üç canlı arasındakı şöhrətin qurbanı olmuşdu.
Şöhrətin nə böyüyü, nə kiçiyi.
Qaz başı yerə çökməkdə, çalanın dibində sanki özünə qəbir qazmaqdaydı. İndi hər gün çəmənlikdə yek-bir qaz görürəm. Artıq onun yerini dar-daracıq eləyən yox. Yan basa-basa arxayınca gəzir, ucları açıq yaşıla çalan otları qırpmağa heç tələsmir də. Onsuz bütün otlar, bu çayır-çəmən onundu. Mən onun, içində xoşbəxtlik cilvələnən, bədbəxtliyini aydınca görürdüm. Sahibi onun axır gününü təqribən bilir. Bu axır - ətləşib-piyləşmə başa çatandadır.
Onu mənim qətliməcən də yox edə bilərdilər, sonra da. Hər halda, az vaxtın bitməyinə çox qalmayıb.
Ürəyim istədi, bir gün çəpərin qırağında dayanıb, o tək qaza baxmağa başladım. Qaz məni görüb təşvişə düşdü.
Boynunu uzadıb ora-bura devikir, nigaran-nigaran qaqqıldayırdı. Deməmişkən, məndən çəkinir, ehtiyatlanır. Mənim yaxınlıqda çarpan həyatım onun həyatı üçün təhlükə törədirmiş. Qaz ki qaz - qarşıdakı həqiqi təhlükəni yox, mövcud yanlış təhlükəni qavrayırdı.
Daş sənin boş başına!
Mən təhlükə törətməkdə mənim həyatıma təhlükə törədənlərə bənzəyirdim. Qaz bir də ucadan qaqqıldadı və bu qaqqıltı elə bil məni yuxudan ayıltdı. Ey dad-bidad, üstümə oğurluq yıxa bilərdilər. Tezcənə aradan cırdım. Onda qaz sakitləşdi. Uzaqdan qanrılıb baxanda, gördüm onun bədbəxtlik içərisindəki xoşbəxtliyi təzədən cilvələnir. Günəş bədənini səliqəylə örtmüş duru tüklərində bərq vururdu.
Kül sənin küt gözünə!
***
Qətl yasları təmtəraqlı keçir və hər bir insanda xoşbəxtliyə bənzər duyğular oyadır. Mənim yasımda da gələnlərin həyatından yeknəsəqlik götürüləcək. Bircəcik əsnəyən tapılmayacaq. Dəfn sırasının uzunluğu içi şeriyyətli kilometrlərlə ölçüləcək. Yaxşı bilirəm, üzümüzə gələn ayacan yas kontingenti bütünlüklə dost-tanışdan olacaq; mən parıltılı-partıltılı qətlimi onlara ərməğan edirəm.
17 fevral- 29 mart 2008-ci il
Bizi sosial şəbəkələrdə izləyin !