Ramil Usubov təhlükəsizlikdən danışdı

17:55 | 14.05.2015
Ramil Usubov təhlükəsizlikdən danışdı

Ramil Usubov təhlükəsizlikdən danışdı

Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellini qəbul edib.

Qonağı səmimiyyətlə salamlayan nazir Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və bu müddətdə ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla inkişaf etdiyini bildirib. Nazir xüsusən vurğulayıb ki, BP şirkətinin ölkəmizin neft strategiyasının həyata keçirilməsində rolunu, "Əsrin müqaviləsi"nin əsas iştirakçılarından və ən böyük payçılarından biri kimi iqtisadiyyatımıza külli miqdarda sərmayə qoyub. R.Usubov şirkətin müəssisələrində yüzlərlə həmvətənimizin işləməsini məmnunluqla xatırladıb, tutduğu məsul vəzifədə ona uğurlar arzulayıb.

Şəxsi heyətin peşəkarlığının daha da artırılmasınıdanı, müasir informasiya texnologiyalarının, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin əməliyyat-xidməti fəaliyyətdə tətbiqindən danışan cənab Ramil Usubov vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görüldüyünü bildirib. Nazir, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədilə Nazirlikdə "Təhlükəsiz Şəhər" Avtomatik İdarəetmə Sisteminin yaradıldığını, bu yöndə Birləşmiş Krallığın təcrübəsinin öyrənildiyini xüsusi qeyd edib.

Ölkəmizin I Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırladan nazir bu məqsədlə asayişi mühafizə tədbirlərinə daxili işlər orqanlarının 24 mindən çox əməkdaşının cəlb olunduğunu nəzərə çatdırıb. Sözügedən Oyunların da əvvəlki beynəlxalq tədbirlər kimi, yüksək təhlükəsizlik, əmin-amanlıq şəraitində keçiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Qordon Birrelli ölkəmizə birinci dəfə müstəqilliyin ilk illərində səfər etdiyini, daha sonra ümummilli lider Heydər Əliyev ilə görüşünü məmnunluqla xatırladıb. O, regiona növbəti gəlişində respublikamızın, onun paytaxtı Bakının sürətli inkişafının, sabitliyin, əmin-amanlığın yüksək səviyyədə qorunmasının, təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsinin şahidi olduğunu, BP şirkətinin Daxili İşlər Nazirliyi ilə işgüzar əməkdaşlığının daha da dərinləşməsinə hər zaman önəm verdiyini qeyd edib.//ANS

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM