Ramin Musayev: “Qarabağ”ın çempionluğu qondarma olub”

15:35 | 29.04.2014
Ramin Musayev: “Qarabağ”ın çempionluğu qondarma olub”

Ramin Musayev: “Qarabağ”ın çempionluğu qondarma olub”

Ağdamın “Qarabağ” klubunun bu mövsüm ölkə çempionluğuna yaxınlaşması bu komandanın 1996/97-ci il mövsümündə yarışın qızıl medalını qazanması ilə bağlı qalmaqallı məsələni yenidən gündəmə gətirib.

Qol.Az saytı xatırladır ki, sözügedən mövsüm başlamazdan əvvəl Fuad Musayevin prezidenti olduğu AFFA-nın o vaxtkı rəhbərliyi milli çempionatda yarışan bütün klubların razılığı ilə turnirin yekununda əvəzəedici heyətlərin komandalarının da xalının əsas komandanın qazandığı xalların üstünə gəlməsi ilə bağlı qərar vermişdi. AFFA bunu klubların aşağı yaş qrupu üzrə komandalara diqqət ayırmasının vacibliyi ilə izah etmişdi.

1996/97-ci il mövsümündə əsas komandaların yarışında “Neftçi” birinci, “Qarabağ” isə ikinci yeri tutsa da, Ağdam klubunun əvəzediciləri mübarizə apardığı turniri birinci pillədə tamamlamışdı. Bu səbəbdən, ölkə çempionatının o vaxtkı nizamnaməsinə əsasən, AFFA “Qarabağ”ın çempion olduğunu açıqlamışdı. Amma sonradan UEFA Azərbaycan çempionu kimi “Neftçi”ni tanımış və paytaxt təmsilçisi ölkəmizi Çempionlar Liqasında təmsil etmişdi. “Qarabağ” isə UEFA kubokunda mübarizə aparmışdı.

Qeyd edək ki, ötən il AFFA-nın yeni rəhbərliyi də həmin mövsüm üçün “Neftçi”ni çempion kimi tanıdığını elan edib. Eyni zamanda Peşəkar Futbol Liqası da “Qarabağ”ı çempion kimi tanımayıb. Bu mövqeni “Qarabağ”ın hazırkı rəhbərliyi də qəbul edib.

Belə olan halda, “Qarabağ” 1993-cü ildə qazandığı uğur sayəsində Azərbaycan çempionu adını iki yox, bir dəfə qazanmış hesab edilir.

AFFA-nın sabiq prezidenti Fuad Musayev açıqlamalarında dəfələrlə bildirib ki, o, indinin özündə də “Qarabağ”ı 1996-97-ci il mövsümünün çempionu hesab edir: “Çünki biz əvəzedici heyətlərin xalının əsas komandaların xalının üzərinə əlavə olunmasını klubların razılığı ilə hələ çempionat başlamazdan əvvəl qəbul etmişdik”.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə Qol.Az saytının müxbiri ilə söhbətində bir daha bəyan edib ki, həm AFFA, həm də rəhbəri olduğu qurum 1996-97-ci il mövsümünün çempionu kimi “Qarabağ”ı yox, “Neftçi”ni tanıyır.

“Həmin yarışa görə “Qarabağ”a qızıl medalların verilməsini qəbul etmirik. Bu, AFFA-nın o vaxtkı rəhbərliyinin qondarma çempionluğu idi. Təsadüdi deyil ki, UEFA "Qarabağ"ı çempion kimi tanımadı. Əgər həmin mövsüm Çempionlar Liqasında bizi "Neftçi" təmsil edibsə, məcburuq ki, 1996/97-ci ilin çempionu kimi "Neftçi"ni tanıyaq. O vaxt AFFA buna mane olmaq istəyirdi. Bildirirdilər ki, çempion "Neftçi" yox, "Qarabağ" olub. Bu necə ola bilər? Əgər UEFA bayrağı altında keçirilən yarışa "Neftçi" gedibsə, deməli, bu komanda çempion olub. Bunu vaxtilə "Neftçi"də çalışdığım üçün demirəm. Əvəzedici heyətin xalı ilə çempion olmaq qeyri-qanuni sayılır. Biz UEFA-nın çempion kimi tanıdığı komandanı qəbul edirik".

Beləliklə, növbəti rəsmi açıqlamadan da göründüyü kimi, əgər hazırkı mövsümdə qızıl medallara birnömrəli namizəd olan, “Qarabağ” çempion olsa belə, bu, Ağdam klubunun milli çempionatlar tariximizdə üçüncü yox, ikinci böyük uğuru kimi qəbul olunacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM