Ramiz Mehdiyevin bu vəzifələri də əlindən alınacaq

10:58 | 09.09.2020
Dövlət başçısı İlham Əliyevin dünən imzaladığı sərəncamla Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib və bununla da Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin qurumun sədri vəzifəsindən azad edilməsi rəsmiləşib.

Bu, son günlər həm siyasi çevrələrdə, həm də mətbuatda və sosial şəbəkələrdə personası ətrafında müzakirələr gedən 82 yaşlı Ramiz Mehdiyevin uzaqlaşdırıldığı ikinci komissiyadır.

Belə ki, bir neçə gün öncə - Prezidentin 3 sentyabr 2020-ci il tarixdə imzaladığı fərmanla Ramiz Mehdiyevin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri vəzifəsindən də kənarlaşdırılması rəsmiləşmişdi.

Amma bu hələ son deyil...

Anews.az Modern.az-a istinadla xəbər verir ki, yəqin ki, AMEA prezidentinin daha bir neçə vəzifədən kənarlaşdırılması rəsmiləşəcək.

Bunlardan biri Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının sədri, digəri isə Prezident yanında Heraldika Şurasının sədri postlarıdır. Prosedura görə, hər iki qurumun sədri Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutan şəxs olmalıdır.

Ramiz Mehdiyev isə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarıldığına görə, onun bu iki qurumun da sədrliyindən uzaqlaşdırılması rəsmiləşdirilməlidir.

Ramiz Mehdiyev hazırda həm də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür.

Bundan başqa, o, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmaqla yanaşı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1999-cu ildən fəaliyyət göstərən Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini tutduğu da məlumdur.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM