“Rasim Əliyevin ölümündə həkim səhlənkarlığını müəyyənləşdirmək bu rəydən asılıdır” - VƏKİL

15:10 | 17.09.2015
“Rasim Əliyevin ölümündə həkim səhlənkarlığını müəyyənləşdirmək bu rəydən asılıdır” - VƏKİL

“Rasim Əliyevin ölümündə həkim səhlənkarlığını müəyyənləşdirmək bu rəydən asılıdır” - VƏKİL

"Mərhum jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar aparılan istintaqın müddətinin uzun sürməsi bu cinayətdə təqsirli bilinən şəxslərin sayının çox olması ilə əlaqədardır”  - ANN.Az-a açıqlamasında vəkil Əsabəli Mustafayev belə deyib. Vəkil zərərçəkən tərəfin hüquqlarını müdafiə etmək məqsədilə istintaqa qoşulub.

Vəkil  Rasim Əliyevin istintaqını aparan Bakı şəhər Prokurorluğunun müstənqitləri ilə bir dəfə görüşdüyünü xatırladıb: "Bu günlərdə onlarla yenidən görüşəcəm və istintaqın gedişatı ilə maraqlanacam. Bəzi fikirlər səslənir ki, istintaq müddəti həddindən artıq çox çəkir. Amma əksinə olaraq deyə bilərəm ki, Rasim Əliyevin ölüm faktı üzrə qaldırılmış cinayət işində şübhəli şəxs qismində istintaqa cəlb olunan çox olduğundan bu, normal haldır. Yəni istintaqın süni şəkildə uzun müddət sürməsindən söhbət belə gedə bilməz. Hadisələr tam şəkildə, ətraflı sürətdə araşdırlması üçün müəyyən qədər vaxta ehtiyac var. İstitaqla bağlı işlərdə tələsmək heç də səmərli nəticə ortaya qoymur”.

Mərhum jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev bu gün mətbuata açıqlamasında bildirib ki, oğlunun ölüm faktı ilə əlaqədar Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb. Bu komissiyanın yaradılmasında məqsəd mərhum jurnalistin ölümündə həkimlərin təqsirli olub-olmamasını araşdırmaqdır. 

Məsələyə münasibət bildirən vəkil Əsabəli Mustafayev qeyd edib ki, ümumiyyətlə, hər bir xəstəxanada ölüm faktları ilə əlaqədar xüsusi komissiya yaradılır və bu komissiyanın da məqsədi məsələni araşdırmaq və mütəxəssis rəyi ortaya qoymaqdır. 

Hüquq müdafiəçisi sonda bildirib ki, jurnalistin ölümü ilə əlaqədar həkimlərin günahlarının olub-olmasını müəyyən etmək bu komissiyanın qərarından asılı olacaq: "Müstəntiqlə görüş zamanı bu məsələyə də daha çox diqqət yetirəcəyik”.

Xatırladaq ki, avqustun 8-də ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur. Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Rasim Əliyev öz "Facebook” hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov kiprli bir jurnalistin "matçda niyə Türkiyənin bayrağını qaldırdınız" sualına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o, Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib. 

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir. 


Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM