Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA

"Əgər mənzil alqı-satqısı zamanı tikilməkdə olan binanın torpağının sənədi yoxdur deyilirsə, bu mümkün deyil”.
Yeni tikilməkdə olan binalardan mənzil alanların sayının çox olmasına baxmayaraq, bu alqı-satqıdan narazı olanların sayı da az deyil. Mənzil alqı-satqı prosesində yaranan ən böyük problemlərdən biri məhz həmin evlərin çıxarışının (kupçanın) olmaması və yeni tikilməkdə olan binaların, tikintisinin başa çatdıqdan sonra qanunsuz adlandırılmasıdır.
Mənzil alqı-satqısı prosesində problemlər yaranarsa, bu hansı şəkildə həll edilməlidir? Mənzil sahibi olmaq istəyənlər ilk öncə nələrə diqqət etməlidir? Tikilməkdə olan binanın torpağının sənədi yoxdursa, mənzil sahibi sonradan nə etməlidir? Tikilib qurtarıldıqdan sonra əmlakın qanunsuz olduğu ortaya çıxarsa, mənzil sahibi nə etməlidir?
Bu sualları cavablandırmaq üçün "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimova müraciət etdik.

Nüsrət İbrahimov ANN.Az saytına açıqlamasında yeni tikilməkdə olan yaşayış binasından ev almaq istəyən sakinlərin ilk öncə diqqət etməli olduğu məsələlərdən söz açıb.
Onun sözlərinə görə, qeydiyyat üçün yaşayış binasının çıxarışı (kupçası) yoxdursa, həmin mənzili almaq çox risklidir: "Hər bir halda bu addımı atan insan böyük risk edir. Çıxarış varsa, artıq bu vətəndaşın mülkiyyəti hesab olunur. Əgər sonradan bir problem yaranarsa, məhz həmin çıxarış vətəndaşın hüquqlarını müdafiə edəcək (məkhəməyə müraciət etməklə). Bundan başqa mənzil sahibi olmaq istəyən vətəndaş ilk öncə diqqət etməlidir ki, əmlakın çıxarışı yoxdursa, ən azından həmin binanın tikintisinə icazə sənədi (aktı) olmalıdır. Əgər tikintinin icazə aktı varsa, bundan sonra vətəndaş maliyyə sənədlərinin düzgünlüyünə, müqavilənin normal, qaydalara uyğun şəkildə olduğuna fikir verməli və ödəniş rəsmi şəkildə həyata keçirilməlidir ki, sonradan mübahisə yaranarsa, həmin məbləğin geri qaytarılması mümkün olsun. Ya da məhkəməyə müraciət edən zaman zərərçəkənin əlində dəlil olsun.
Bir sözlə ev alan şəxs bu işdə səhlənkarlıq etməməli, mənzilin, əmlakın sənədləşmə işinə diqqətlə yanaşmalıdır ki, gələcəkdə hər hansı problemlər yaranmasın”.
Daşınmaz əmlak üzrə ekspert daha sonra bildirib ki, əgər mənzil alqı-satqısı zamanı "tikilməkdə olan binanın torpağının sənədi yoxdur" - deyilirsə, bu, mümkün deyil: "Ola bilər ki, bu torpaq ya dövlətin mülkiyyətində olsun, ya icarəyə götürülsün, hüquqi-fiziki şəxsdən alqı-satqı etsinlər və yaxud da bələdiyyə ilə razılaşsınlar. Həmin şəxslər bundan sonra baxmalıdırlar ki, bu alınan əmlak dövlətə məxsusdursa, onlar həmin mənzili uzunmüddətli icarəyə götürülə bilər, bələdiyəyə məxsusdursa alqı-satqı edilməlidir”.
Ekspert sonda əlavə edib ki, əmlak tikilib qurtardıqdan sonra onun qanunsuz olduğu ortaya çıxarsa, bu zaman vətəndaş həmin bina tikintisi ilə məşğul olan şirkəti məhkəməyə verməlidir: "Belə hal yalnız məhkəmə qaydası ilə öz qanunu həllini tapa bilər”.
Orxan Aslanlı
www.ann.az
Son xəbərlər
Daha çox 